Qarabağda əsəb müharibəsi davam edir.

       Müharibədən sonra
- Son zamanlar erməni hərbi qulluqçularının  Hadrud (Ağyurd)  və Xocavənddə əsgərlərimizə etdiyi silahlı hücumlar intensivləşib. Müharibədən sonra şəhid verməyimiz heç bir məntiqə sığmır. Bu atəşkəs rejiminin açıq-aşkar pozulmasıdır. Baş verən hadisələrlə bağlı Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki: təxribatlara görə Ermənistan məsuliyyət daşıyır. Azərbaycan Xarici İşlər Nazirliyi isə susmaqda davam edir. 
- Gorus-Qafan yolunda Ordumuzun lövhəyə yazdığı "Azərbaycana xoş gəlmisiniz" ifadələri erməniləri dəli edib. Bu olaya hay-küylə etiraz edirlər. Bizim rəsmilər yenə danışmamağa üstünlük verirlər.
- Qeyri-rəsmi məlumatlara görə Dağlıq Qarabağa on min nəfərə yaxın rus hərbiçisi yerləşdirilməlidir. Müxtəlif adlar altında "sülhməramlı"ların sayı gündən-günə artırılır.
       Rusiya, Azərbaycan prezidentləri, Ermənistan Baş Nazirinin imzaladığı "10 noyabr" bəyannaməsində açıq-aşkar yazılıb ki,  rus sülhməramlılarının sayı 1960 nəfərdir. Rusiya Müdafiə Naziri Sergey Şoyqu isə bildirib ki, Dağlıq Qarabağda hər birində 300 nəfər yerləşən 32 hərbi şəhərcik yəni kazarma tikilməlidir. İşlər belə davam etsə çox yaxın zamanda Qarabağda 10 (on) mindən çox rus hərbi qulluqçusu yerləşdiriləcək. Bu artıq sülhməramlı yox, işğalçı ordudur.
Təsadüfi deyil ki, məşhur jurnalist və ictimai xadim Maksim Şevçenko Azərbaycan dövlətinə və xalqına xəbərdarlıq edərək bildirib ki, rus ordusunun arxasında gizlənən ermənilər 3-cü Qarabağ müharibəsinə hazırlaşır. Onların qarşısı vaxtında alınmasa 2021-ci ilin mart-aprel aylarında gözlənilən müharibə başlaya bilər.
  Rusiya Federasiyasının prezidenti Vladimir Putin hər dəfə etiraf edərək deyir ki, "Dağlıq Qarabağ" beynəlxalq hüquqa görə Azərbaycan ərazisidir. Onun fikirlərinin ziddinə olaraq Rusiyanın dövlət televiziya kanalları Dağlıq Qarabağı ermənilərə məxsus Artsax respublikası, cinayətkar Araik Arutunyanı isə qondarma rejimin prezidenti adlandırır. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun isə səsi çıxmır. Bu yolverilməzdir. 
Göründüyü kimi müharibə dayandırılsa da Qarabağda gərginlik durmadan artır. Azərbaycan rəhbərləri Dağlıq Qarabağ adlanan ərazidə dövlətin suverenliyini təmin edə bilmir. 
- Müharibənin gedişində 50 partiya lideri öz fəaliyyətini dondurub, iqtidarın yanında olduqlarını bildirdi. Vətən torpaqlarının azad olunması məsələsində hökümətə mənəvi dəstək oldu. 
 Rus "sülhməramlı"larının özbaşınalığına, 10 noyabr bəyannaməsinin müddəalarına zidd olaraq erməni separatçılarının dəstəkləməsinə etiraz edən partiyaların və ictimai xadimlərin sayı çox az oldu. Əsl vətənpərvərlik nümunəsi göstərərək: VANBP-nin sədri professor Hacıbaba Əzimov, KXCP-nın sədri Mirmahmud Fəttayev, VİP-in sədri Əli Əliyev, "Azadlıq" partiyasının sədri Əhməd Oruc, "Borçalı" beynəlxalq ictimai birliyinin sədri Zəlimxan Məmmədli, ADR-ın sədri Qubad İbadoğlu və bir neçə ictimai xadim rus "sülhməramlı"larının işğalçı hərəkətlərini pisləyən bəyanata imza ataraq nüfuzlu beynəlxalq təşkilatlara müraciət etdilər. Əksər partiya liderləri, Millət Vəkilləri, ictimai xadimlər, ziyalılar isə susqunluq nümayiş etdirdilər. Müşahidələr açıq-aşkar göstərdi ki, başqa vaxt məsələn, parlamentə seçkilər keçiriləndə canfəşanlıq edən, deputat olmaq uğrunda bir-birini "baltalayan" partiya sədrləri və ziyalılar "yuxarıdan" tapşırıq olmadığına görə ağızlarına su aldılar. Fərdi qayda da isə ADP sədri Sərdar Cəlaloğlu, VİP-in rəhbəri Əli Əliyev və "Müasir Müsavat" partiyasının sədri Hafiz Hacıyev Rusiyanın işğalçı siyasətini durmadan tənqid etdilər. Ölkə rəhbərliyini cəsarətli addımlar atmağa səslədilər. Daxildə "Laf", "Hürriyət", "Reaksiya", "Bumeranq" xaricdə isə fəaliyyət göstərən "Azərfreedom", "Azad söz", "El içində", "Oğuz" adlı sosial şəbəkə televiziya kanalları hadisələrin gedişi haqqında Azərbaycan xalqını, hökümətini və beynəlxalq təşkilatları məlumatlandırdılar. Sağ olsunlar. 
 Bəli, Qarabağda əsəb müharibəsi davam edir. Düşünürəm ki: bu mərhələdə qalib olmaq üçün birliyimizi qorumalıyıq və hər bir vətən övladı bacardığı qədər ümumi işimizə tövhə verməyə çalışmalıdır. Allah xalqımıza yar olsun! 

                                   Müəllif: Qəvami Sadıqbəyli 
                                     Jurnalist-politoloq 
                                     

Xudaferin.eu

22:07