AZƏRBAYCANIN YƏHUDİ ƏSİLLİ MİLLİ QƏHRƏMANI ALBERT AQARUNOV ...

Azərbaycan türkləri həmişə kimliyindən asılı olmayaraq, xalqların multikultural, tolerant, spesifik xüsusiyyətlərinə hörmətlə yanaşıb.
Əsl valideyn kimi bütün etnik qruplara qucaq açıb.
Təsadüfi deyildir ki, Azərbaycan Türkləri ölkəmizdə yaşayan azsaylı xalqlarla hər zaman mehriban ailə şəraitində yaşayıblar. Onlarla qohum olub , birlikdə fəaliyyət göstəriblər.
Həmin xalqlar da azərbaycan türkləri ilə dostluğu, qohumluğu, qarşılıqlı hörməti yüksək dəyərləndirib və onlarla (azərbaycan türkləri ilə) mehriban şəraitdə yaşayıb və yaşayırlar.
Xarici təhlükə yarananda DOĞMA AZƏRBAYCANIN müdafiəsində birlikdə iştirak ediblər.
Hazırda Azərbaycan mehriban ailə şəraitində yaşayan xalqların vahid Vətəninə çevrilmişdir .
Belə ailələrdən biri də Aqarunovlardır .
Milliyyətcə yəhudi olan Albert Aqarunov Vətənimizin bütövlüyü uğrunda mübarizədə şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycanın Milli qəhrəmanıdır. Albert Aqarunov qısa, lakin çox dəyərli ömür yaşamışdır.
Albert Aqarunov 25 aprel 1969-cu il tarixində Bakının Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbdə təhsil almışdır. Albert Aqarunov 1987-ci ildə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanı rayonunda Maşınqayırma zavodunda işləmişdir.
Qarabağ Müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanmışdır və tank komandiri təyin edilmişdir . Albert Aqarunov Şuşa cəbhəsində döyüşlərdə iştirak etmişdir. O , Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv etmişdir. Ermənilərin Şuşaya hücumu zamanı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikasını məhv etmişdir .
Albert Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən mübarizədə döyüş meydanında həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Albert Aqarunoviç Aqarunov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı yüksək fəxri adına layiq görülmüşdür. Bakıda Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Hazırda vaxtilə təhsil aldığı 154 nömrəli məktəb onun adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur .
Ölkəmizdə yaşayan bütün xalqlar bilir ki, Azərbaycan Türkləri özünün çoxəsrlik dövlətçilik ənənəsinə sadiqdir . Azərbaycan Türkləri Respublikamızın müstəqilliyi haqqında "Konstitusiya Aktında" əks olunan prinsiplərə əsasən hər kəsin firavanlığının təmin edilməsinə çalışır . Cəmiyyətimizdə ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar olması istiqamətində fəaliyyət göstərdiyimizi bir daha vətəndaşlarımızın diqqətinə çatdırırıq . Respublikamızın ərazisində yaşayan bütün xalqlara hörmətlə yanaşırıq . Onlar da, biz də hamımız azərbaycanlıyıq.
Azərbaycanın Milli Qəhrəmanı ALBERT AQARUNOVU doğum günündə hörmətlə yad edirik . Ailəsini belə qəhrəman övlad yetirdikləri üçün TƏBRİK EDİRİK !!!
İndiki və gələcək nəsillər qarşısında məsuliyyətimizi dərk edərək , vətəndaşlarımızı müxtəlif xalqlardan ibarət olan mehriban ailənin valideyni olan doğma Azərbaycanımızı qorumağa və onun hərtərəfli inkişafında yaxından iştirak etməyə dəvət edirik .

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .

Xudaferin.eu

23:11