AKADEMİK ƏLİ İNSANOV ...

Əli Binnət oğlu İnsanov 22 mart 1946 - il tarixində Qərbi Azərbaycanda anadan olub . 1965–1972-ci illərdə Azərbaycan Tibb İnstitutunun (indiki ATU-nun) müalicə-profilaktika fakültəsində təhsil alıb. 1972-ci ildə ali təhsilini bitirərək, Azərbaycan Elmi Tədqiqat Vərəm İnstitutunda əmək fəaliyyətinə başlayıb . Kiçik, böyük elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini, direktor vəzifələrində çalışıb.
1972–1974-cü illərdə Azərbaycan Xarici Dillər İnstitutunda iki illik İngilis dili kurslarını "əla" qiymətlə bitirən Əli İnsanov 1974-cü ildə Moskvada SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Elmi-Tədqiqat Vərəm İnstitutunda aspiranturaya qəbul olunub .
1977-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.
1981-ci ildə Moskva şəhərində , həmin institutda akademik A. Q. Xomenkonun klinikasında doktoranturaya qəbul olub . 1984-cü ildə müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb .
1991-ci ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən Moskva şəhərində Əli İnsanova professor elmi adı verilib.
1985-ci ildən 1993-cü ilədək Azərbaycan Elmi Tədqiqat Ağ ciyər xəstəlikləri institutunun direktoru olub . 1991-ci ildən həm də Azərbaycan Tibb Universitetində Ağ ciyər xəstəlikləri kafedrasında müəllimliyə başlayıb . Əli İnsanov 1993–2005-ci illərdə Azərbaycan Respublikasıının Səhiyyə naziri vəzifəsində işləyib .
1995–2000-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olub. 1998-ci ildə Sankt-Peterburq şəhərində səhiyyədə islahatlara həsr olunmuş Beynəlxalq Konfransda təqdim etdiyi "MDB və Şərqi Avropa ölkələrində səhiyyə islahatı proqramı"na görə xüsusi qızıl medala layiq görülüb . Həmin ildə Ümumdünya Səhiyyə Təşkilatının Baş Assambleyasının vitse- prezidenti seçilib.
2004-cü ildə Avropa qitəsini təmsil etməklə Ümumdünya Səhiyyə Təşkilatının İcraiyyə Komitəsinin üzvü seçilib.
2000–2004-cü illərdə Rusiya Təbiət elmləri Akademiyasının, Rusiya Tibb Elmləri Akademiyasının, Nyu-York Elmlər Akademiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının, Polşa Tibb Akademiyasının həqiqi üzvü seçilib . Azərbaycan Respublikasının Əməkdar elm xadimidir.
Ağ ciyər xəstəlikləri üzrə Azərbaycan Respublikasının Baş mütəxəssisi vəzifəsində çalışıb .
Əli İnsanov Azərbaycanda "Ftiziatriya və pulmonoloqiya" üzrə elmi məktəb yaradıb . Onun rəhbərliyi ilə 12 doktorluq, 36 namizədlik dissertasiyası müdafiə edilib. 15 monoqrafiya, kitab və dərsliyin , 200-dən çox elmi məqalənin müəllifidir . 50-dən çox elmi əsəri xarici ölkələrdə çap olunub .
Əli İnsanovun müəllifi olduğu 714 səhifəlik "Vərəm" dərslik kitabı 2004-cü ildə Almaniyanın Frankfurt və 2005-ci ildə İspaniyanın paytaxtı Madrid şəhərlərində iki Beynəlxalq Mükafata layiq görülüb. Həmin kitab xarici dillərə tərcümə olunaraq Avropanın Ali tibb məktəblərinə dərslik kimi tövsiyə edilib. 632 səhifəlik "Azərbaycan səhiyyəsinin tarixi "ni ilk dəfə olaraq fundamental şəkildə Əli İnsanov qələmə alıb. Əli İnsanov Amerika, Avropa, MDB və Şərq ölkələrində Elmi Cəmiyyətlərin üzvü seçilib. Onun elmi məruzələri 30-dan çox ölkədə , o cümlədən ABŞ, İngiltərə, Fransa, Çin, Kanada, Almaniya, Türkiyə, İran, Hindistan, Yaponiya, İsrail, İsveçrə, Kuba, İndoneziya, Belçika, Pakistan, Misir, Polşa, Ruminiya, Çexoslovakiya, Yuqoslaviya, Bolqarıstan, Yunanıstan və başqa ölkələrdə maraqla dinlənilib . Əli İnsanov Azərbaycanın ilk dərman preparatının "İnsanovin"in və yerli təbii dərman bitkilərindən hazırlanmış "İnsanov bronxolitiki"nin müəllifidir. Hörmətli Akademik həmin dərmanların satışından Azərbaycan Respublikasının dövlət büdcəsinə yüz minlərlə dollar vergi ödəyib.
Əli İnsanov Ümumdünya Biotexnoloqlar Elmi Cəmiyyətinin vitse-prezidenti, Vərəm əleyhinə Beynəlxalq İttifaqın və Avropa Respirator Cəmiyyətinin üzvü, "Problemı tuberkuleza" dərgisinin redaksiya heyətinin üzvü, "Azərbaycan Tibb Jurnalı"nın baş redaktoru olub .
Əli İnsanov 2005-ci il oktyabrın 20-də Azərbaycan Respublikasında Milli Məclisə seçkilər ərəfəsində guya hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşların təşkilinə hazırlıq kimi ittihamlarla həbs edilmişdi .
Avropa İnsan Hüquqları məhkəməsi 2013-cü ildə Əli İnsanova qarşı sürülən ittihamların saxta olduğunu , istintaqın qərəzli, aparılan məhkəmələrin isə ədalətsiz olduğunu bildirmişdir .
Azərbaycan hökümətinə müraciət olunmuş və Akademik Əli İnsanovun azadlığa buraxılması tövsiyə edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əfv Sərəncamı ilə 2019-cu ilin mart ayının 16-da Əli İnsanov azadlığa buraxılmışdır.
Onun azadlığa çıxmasında Avropa ölkələrinin və ABŞ - nın böyük rolu olmuşdur .
Əli İnsanov 2019-cu ilin noyabr ayında, Haqq Ədalət Partiyasının qurulduğunu elan etmişdir. 25 yanvar 2020 tarixində Haqq Ədalət Partiyasının Təsis Konfransında həmin partiyanın sədri seçilmişdir.
Yaradıldığı gündən cəmi üç il keçməsinə baxmayaraq Haqq Ədalət Partiyası Azərbaycanın siyasi həyatında böyük addımlar atmışdır . HƏP ciddi nizam - intizamı , ədalətli mövqeyi ilə nümunəvi təşkilata çevrilmişdir . Partiyanın sıralarına hər gün yüzlərlə vətəndaş qatılır .
Akademik Əli İnsanov şəxsi keyfiyyətlərinə görə də seçilir . O , savadlı , ciddi , ədalətli , prinsipial , mübariz , eyni zamanda diqqətli , qayğıkeş , mehriban insan və əsil şəxsiyyətdir .
Hörmətli ziyalımız Akademik Əli İnsanova nöhkəm can sağlığı , elmdə olduğu kimi siyasi fəaliyyətində də uca zirvələr fəth etməyi arzulayırıq .

Müəllif : Qəvami Sadıqbəyli - Jurnalist - politoloq .
Xudaferin.eu

19:13