Vyetnamın ilk Prezidenti Ho Şi Minin Azərbaycana səfərindən 65 il ötür

Təxminən 100 il Fransanın müstəmləkə zülmü altında yaşayan Vyetnam xalqı 1945-ci ildə mübarizəyə qalxdı və 9 il davam edən müharibə Vyetnam xalqının qələbəsi ilə nəticələndi. Amma ölkənin tam azadlığı və birləşməsi ABŞ qoşunlarının xeyli itki verdikdən sonra 1975-ci ildə ölkədən çıxarılması ilə mümkün oldu. Bundan sonra ölkədə bərpa-quruculuq dövrü başlandı. Əlbəttə, uzun illər bütün sərvəti istismar olunan, qanlı müharibələr görən, böyük dağıntı və insan tələfatı ilə üzləşən Vyetnamın dost dəstəyinə ehtiyacı var idi.

Vyetnamın ozamankı Prezidenti Ho Şi Min ölkənin əsas təbii sərvətlərindən olan neft yataqlarının kəşfiyyatı və işlənməsi üçün yollar axtarırdı. 1959-cu ildə keçmiş SSRİ-yə səfərə gələn Ho Şi Min iyulun 23-də Bakıya yola düşür. Bu səfər Vyetnamın neft-qaz sənayesi tarixində həlledici rol oynayır. Belə ki, təyyarə Bakının səmasında olarkən Prezident Ho Şi Min tərcüməçisini yanına çağırıb belə deyir: “Bax, aşağıda nə görürsən? Dəniz. Amma bu, adi dəniz deyil. Bu, neft dənizidir”. Ho Şi Min haqlı idi, çünki o vaxt Xəzər dənizində böyük neft-qaz platformaları var idi. Prezidentin təyyarəsi Bakıya enəndən sonra onu paytaxtdakı neft-qaz yataqları ilə tanış edirlər.

“Vyetnamda da dəniz və çoxlu dənizlər var, inanıram ki, bizim də mütləq neftimiz olacaq. Amma ölkəmiz müharibə şəraitindədir və biz neft çıxarılmasını hələ gerçəkləşdirə bilmərik. Ümid edirəm və inanıram ki, Vyetnamın müqavimət müharibəsi uğurla başa çatdıqdan sonra siz bizə neft tapmaqda kömək edəcək, sonra neftin istismarına və emalına yardım göstərəcək, Bakıdakı kimi neft-qaz sənayesi parkı tikəcəksiniz”, - deyə Ho Şi Min Azərbaycan mühəndisləri və neftçiləri qarşısında çıxış edərkən söyləmişdi. Prezident Ho Şi Min “möcüzələr adası” kimi dillər əzbəri olan nəhəng “Neft daşları”ndan, Azərbaycan neftçilərinin böyük işlərindən təsirlənərək ölkəsinə qayıdır. Əslində, Ho Şi Minin Bakı səfərini Vyetnamın neft-qaz sənayesinin başlanğıcı hesab etmək olar. Çünki həqiqətən də tam azad olandan və birləşəndən sonra Vyetnamda neft-qaz sənayesinin qurulmasında Azərbaycan neftçiləri tarixi xidmətlər göstəriblər.

Vyetnamın neft yataqlarının kəşfiyyatı və işlənməsi məqsədilə 1981-ci ildə “Vietsovpetro” Sovet-Vyetnam birgə müəssisəsi yaradılıb. Şirkətin baş mühəndisi Le Viet Zunq AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində həmin dövrdən danışaraq deyib: “Ölkəmiz müharibədən təzə çıxmışdı, üstəlik, bizə qarşı embarqolar tətbiq olunurdu. Həmin dövrdə Sovet İttifaqı, o cümlədən Azərbaycan Vyetnama dəyəri ölçüyəgəlməz dəstək və yardım göstərib. Azərbaycanın qabaqcıl neft mühəndisləri, geoloqlar, ixtisaslaşmış işçilər neft kəşfiyyatı və hasilatı üçün Vyetnama gəldilər. Bundan başqa, Azərbaycandan neft sənayesinə aid xeyli sayda texnika və avadanlıq gətirildi. Şirkətin 1981-1984-cü illərdə ilk baş direktoru azərbaycanlı mütəxəssis Cəlal Məmmədov olub. Bundan başqa, şirkətin ilk bölmələrindən olan geologiya bölməsinin ilk rəhbəri Müslüm Vəliyev olub. Azərbaycanlı mütəxəssislər Vyetnamın neft sənayesinin qurulmasında əvəzsiz xidmətlər göstəriblər. Azərbaycanın Vyetnama dəstəyini və köməyini daim yüksək qiymətləndiririk”.

“Vietsovpetro” şirkətinin yaradılmasından bir müddət sonra - 1983-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri, Vyetnamın böyük dostu Heydər Əliyevin başçılıq etdiyi sovet nümayəndə heyəti bu ölkəyə səfər edir. Səfər çərçivəsində Heydər Əliyev Vyetnam və sovet, o cümlədən Azərbaycan neft mütəxəssisləri ilə görüşmək üçün Vunq Tau şəhərinə də baş çəkir. Ulu Öndərin səyləri, Bakıdan gətirilən əlavə azərbaycanlı mütəxəssislərin və texnikanın cəlb edilməsi nəticəsində Vyetnamda ilk neft proqnozlaşdırıldığından xeyli əvvəl hasil edilir.

Le Viet Zunq bildirib ki, SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini, Kommunist Partiyası Siyasi Bürosunun üzvü kimi çox nüfuzlu şəxs olan Heydər Əliyev Sovet-Vyetnam dostluğuna, o cümlədən Vyetnamın neft sənayesinin inkişafına xüsusi diqqət göstərib. Onun tapşırığı və nəzarəti altında keçmiş SSRİ-dən Vyetnama göndərilən mütəxəssislərin və texnikanın sayı artırıldı. Bu dəstəyin sayəsində “Vietsovpetro” şirkəti dənizdə ilk nefti 1986-cı ilin iyununda hasil etdi.

Azərbaycanın Vyetnama dəstəyi təkcə neft sənayesi mütəxəssisləri və avadanlıq göndərməklə kifayətlənməyib. Sovet dövründə minlərlə vyetnamlı Neft və Kimya İnstititu başda olmaqla Azərbaycanda müxtəlif sahələr üzrə təhsil alıblar. Onlar ölkələrinə qayıtdıqdan sonra Vyetnamın inkişafına töhfələr veriblər.

“Vietsovpetro” şirkətinin Vunq Tau şəhərindəki baş ofisində şirkətin fəaliyyətinə və Vyetnamın neft-qaz sənayesinə dair muzeydəki eksponatlar arasında Ulu Öndərin bu şəhərə səfərinə, neftçilərlə görüşlərinə, habelə Azərbaycan mütəxəssislərinin Vyetnamdakı fəaliyyətinə dair şəkillərə də rast gəlmək mümkündür. Muzeyin girişində isə Ho Şi Minin Bakıda neft mədənlərinə səfərinə aid iri fotoşəkil və Bakı haqqında məşhur kəlamı əks olunub.

Azərbaycanı və Vyetnamı bir-birinə bağlayan məqamlardan biri də Bakı və Vunq Tau şəhərlərinin qardaşlaşmasıdır. Bu, əbəs deyil, çünki Bakı Azərbaycanın, Vunq Tau isə Vyetnamın neft sənayesinin mərkəzidir. Qardaşlıq münasibətləri çərçivəsində Bakıda Vunq Tau küçəsi olduğu kimi, Vunq Tauda da Bakı küçəsi var. Vunq Tau şəhərindəki Bakı küçəsində isə hətta “D 'Baku” adlı geyim brendi mağazası fəaliyyət göstərir.

 
Şahin Cəfərov

Xudaferin.eu

14:28