Moldova portalı Şuşada keçirilən Qlobal Media Forumu barədə geniş məqalə dərc edib

Moldovanın “Noi.md” xəbər portalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər dünyanın müxtəlif ölkələrindən jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına ətraflı cavabları, panel iclaslar haqqında geniş məqalə dərc edilib.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, yazıda dövlətimizin başçısının Ermənistanla münasibətlər, Azərbaycanın Avropanın enerji təchizatında rolu, qaz ixracının artırılması ilə bağlı fikirlərinə geniş yer ayrılıb.

Məqalədə qeyd olunur ki, Prezident İlham Əliyev Ukrayna və Avropa İttifaqının Azərbaycandan Rusiya ilə mövcud tranzit müqaviləsi başa çatdıqdan sonra təbii qazın tədarükünə dair yeni sazişin bağlanmasına kömək göstərməyi xahiş etdiyini vurğulayıb.

Yazıda, həmçinin qeyd olunur ki, Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında hazırda üzərində iş aparılan sülh sazişinin mətninin 80-90 faiz razılaşdırıldığını bəyan edib. Ermənistan qeyd-şərtlərini və qondarma “Dağlıq Qarabağ”la bağlı bütün terminologiyanı geri götürmək məcburiyyətində qalıb ki, bu da normallaşmaya yol açıb. Azərbaycan Prezidenti sülh prosesinin uğurla nəticələnməsi üçün Ermənistanın iki şərti - Minsk qrupunun ləğvi üçün Azərbaycanla birlikdə ATƏT-ə birgə müraciət etməsinin və Ermənistan konstitusiyasında dəyişiklik olunmasının vacibliyini diqqətə çatdırdığı vurğulanıb.

Materialda, eyni zamanda, oxucuların diqqətinə çatdırılıb ki, panel iclaslarda dezinformasiya mövzusunda bəzi mətləblərə aydınlıq gətirib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə istinadla yazılıb ki, dezinformasiya yeni hadisə deyil. İnformasiya çox güclü bir vasitədir, lakin onun necə istifadə olunduğu böyük sualdır. Ən təhlükəlisi odur ki, dezinformasiya Azərbaycan xalqına qarşı manipulyasiya və psixoloji müharibə vasitəsinə çevrilib. Dezinformasiya müəyyən qrupların məqsədlərinə çatmaq üçün vasitə ola və müharibələrə səbəb ola bilər, dezinformasiyanın əsas qurbanları isə media və jurnalistlərdir.

Emil Hüseynli

Xudaferin.eu

14:29