“Kemi Seba siyasi məhbusdur və onun saxlanılması birbaşa siyasi fəaliyyəti ilə əlaqədardır” - BƏYANAT

Bakı Təşəbbüs Qrupu Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal Kemi Sebanın Fransa hüquq-mühafizə orqanları tərəfindən qeyri-qanuni saxlanılmasını qətiyyətlə pisləyir. Bu qanunsuz addım yalnız şəxsi azadlıq və insan hüquqlarına qarşı kobud pozuntu deyil, həm də Afrika xalqlarının neokolonializmə qarşı mübarizəsinə və suverenlik hüququna yönəlmiş təzyiq kimi qiymətləndirilməlidir.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bu fikirlər Bakı Təşəbbüs Qrupunun Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal Kemi Sebanın Fransa hüquq-mühafizə orqanları tərəfindən qeyri-qanuni saxlanılmasına dair bəyanatında yer alır.

Bəyanatda, həmçinin deyilir: “Kemi Seba uzun illər ərzində neokolonializm siyasətlərinə qarşı çıxan və Afrikanın müstəqillik uğrunda apardığı mübarizədə önəmli simalardan biridir. Onun saxlanılması ifadə və siyasi fəaliyyət azadlığının pozulması olmaqla yanaşı, Fransanın Afrikada mövcudluğunu və təsirini qeyri-legitim yollarla davam etdirməyə çalışdığını bir daha sübuta yetirir. Bu cür hərəkətlər Fransa dövlətinin hələ də müstəmləkə dövrü təfəkküründən çıxmadığını və öz hegemonluğunu qorumağa çalışdığını göstərir.

Kemi Seba siyasi məhbusdur və onun saxlanılması birbaşa siyasi fəaliyyəti ilə əlaqədardır.

Bakı Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyəti, insan hüquqları müdafiəçilərini və beynəlxalq təşkilatları bu qanunsuz hərəkəti qınamağa, Fransa hökumətini Kemi Sebanı dərhal və qeyd-şərtsiz azad etməyə çağırır. Hər bir şəxsin qanunlar çərçivəsində hərəkət azadlığı toxunulmazdır və heç bir dövlətin güc tətbiqi ilə insanları bu hüquqdan məhrum etmək haqqı yoxdur.

Afrika xalqlarının öz gələcəklərini azad və ədalətli şəkildə müəyyən etmək hüququ təmin olunmalı və onların suverenliyinə qarşı edilən hər hansı müdaxilə qəti şəkildə rədd edilməlidir.

Biz Bakı Təşəbbüs Qrupu olaraq bu hadisəni Fransanın Afrikada uzun illərdir davam edən neokolonial siyasətinin bir təzahürü kimi görür və regionda həqiqi dekolonizasiya prosesinin başladılması üçün qlobal səviyyədə həmrəylik nümayiş etdirilməsinə çağırırıq”.

Xudaferin.eu

14:31