Yusif Bəhramov: Azərbaycanı canından əziz bilən..

Yusif Bəhramov

Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış mücahidlərdən biri də Yusif Bəhramovdur. Onun mübarizəsinin ana xəttini istiqlalçılıq və cümhuriyyətçilik ideyaları təşkil edirdi.

Yusif Qarabağda, eləcə də onun mərkəzində tanınmış nəsil olan bəhramovlara məxsusdur. Bu soyun ulu babası Bəhramdır. Bəhram XVIII yüzilin ortalarında yaşamışdı.

Bəhramın Pənahəli adlı oğlu vardı.

Pənahəli Bəhram oğlu 1780-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Rastabazarda xırdavatçılıqla məşğul idi.

Pənahəlinin Allahverdi adlı oğlu vardı.

Allahverdi Pənahəli oğlu 1810-cu ildə Şuşa şəhərinin Gəlmələr məhəlləsində doğulmuşdu. Molla yanında oxumuşdu. Rastabazarda xırdavatçılıqla məşğul idi. Pak Хorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.

Məşədi Allahverdinin Mehdi, İmamqulu, Əliqulu, Cəfərqulu adlı oğlanları vardı.

Mehdi Məşədi Allahverdi oğlu 1844-cü ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Rastabazardakı atasının  xırdavat dükanını böyütmüş, topdansatış şəbəkəsi yaratmışdı. II gildiya tacir idi. Müqəddəs Məkkəyi-müəzzəmi ziyarət etmişdi.

Hacı Mehdi Güllü ilə ailə qurmuşdu. Əli, Zülfüqar adlı oğlanları, Sayalı adlı qızı vardı.

Əli Hacı Mehdi oğlu 1865-ci ildə Şuşa şəhərində dünyaya göz açmışdı. Şəhər real məktəbini bitirmişdi.

Əlinin Yusif adlı oğlu vardı.

Yusif Əli oğlu Bəhramov 1904-cü ildə Şuşa şəhərində dünyaya boy göstərmişdi. Şəhər real məktəbini bitirmişdi. Ticarət sahəsində çalışmışdı.

Yusif Bəhramov Müsavat partiyasının üzvü idi. Qarabağ vilayət Komitəsinin tərkibinə seçilmişdi. Komitənin yığıncağı çox vədə onun evində keçirilirdi. Onu müsavata doktor Dadaş Həsənzadə cəlb etmişdi.

Müsavatçılar silahlı üsyan yolu ilə işğala son qoymaq məqsədi ilə MK nəzdində hərbi təşkilat yaratmışdırlar. Ona 1923-cü ilə qədər Dadaş Həsənzadə rəhbərlik etmişdir (Yurtsever E. Gizli "Müsavat" teşkilatının harakteristik vazıfaları // "Azerbaycan" jurnalı, № 2–3 (27–28), İstanbul, 1954, s. 18.)

Tədqiqatçı-jurnalist Vasif Quliyev yazır: "1923-cü ilin əvvəllərində Azərbaycanda müsavatçıların həbsolunma prosеsi başlandı. Məmmədsadıq Aхundov Tiflisdə həbs olundu, Ağdamda gizli fəaliyyət göstərən Müsеyib Bədəlbəyov Bakıya çağırıldı. Vilayət komitəsində yalnız Sеymur Hacıyеv qaldı və komitənin tərkibinə yеni üzvlərin qəbul еdilməsi və onun Ağdamdan Şuşaya köçürülməsi barədə Müsavatın Mərkəzi Komitəsinin qarşısında məsələ qadırmaq üçün Bakıya yollandı. Həmin vaхt Əbdüləli Orucov da yеni tapşırıqlar almaq üçün Bakıya gəlmişdi. Onlar görüşüb, birlikdə Müsеyib Bədəlbəyovdan sonra Mərkəzi Komitənin Qarabağ üzrə müvəkkili sеçilmiş Azərbaycan Dövlət Univеrsitеtinin tələbəsi Yusif İsmayılovun Zabitlər küçəsindəki mənzilinə gеtdilər. Müsеyib Bədəlbəyov da təsadüfən burda idi. Onlar еlə еvdəcə kiçik bir iclas kеçirmək qərarına gəldilər. Yuхarıda qеyd еtdiyimiz məsələ müzakirə olundu və namizədlərin siyahısı tərtib еdildi. Qarabağ Vilayət Komitəsinin yеni tərkibinə Sеymur Hacıyеv (sədr), Yusif Sadıqov, Хasay Kərimov, Yusif Bəhramov və Əbdüləli Orucov sеçildilər. Yusif İsmayılov bu tərkibi təsdiq еtdirmək üçün siyahını Mərkəzi Komitəyə göndərdi. Bundan sonra əvvəlcə Əbdüləli Orucov Qarabağa yola düşdü. Sеymur isə Mirzəbala Məmmədzadə ilə görüşüb, müəyyən tapşırıqlar alandan sonra Şuşaya qayıtdı. O, komitə üzvlərinə mə’lumat vеrdi ki, yеddi nəfərdən ibarət siyahını Mərkəzi Komitə təsdiq еdib və göstəriş vеrib ki, Qarabağ komitəsi fəaliyyətini dayandırmasın".

Yusif Bəhramov 1924-cü il ərzində əsasən repressiya olunmuş müsavatçıların ailələrinə yardım etmək üçün maddi vəsaitlərin tapılması ilə məşğul olmuşdur. Özünün qazancından xeyli vəsait ayırıb, müsavatçı ailələrinə çatdırmışdı.

"Müsavatın" Qarabağ təşkilatı güclənmiş və 1925-ci ilin yayında Şuşada onun toplantısı keçirilmişdir. (Quliyev V. Mənim babam kim olub? Bakı: Şuşa nəşriyyatı, 2001, s. 148.)

D. Həsənzadədən sonra gizli təşkilata 1926-cı ilin iyulunda həbs edilmiş Ə. Babayev başçılıq etmişdi. Bundan da sonra rəhbərlərdən yalnız Məhəmmədhəsən Baharlı və R. Vəkilov azadlıqda qalmış və çox sərt repressiyalara baxmayaraq öz fəaliyyətlərini davam etdirmiş, BK-nın yeni heyətini yarada bilmişdirlər. Onun tərkibində Mir Əbdül Qəni Mir Qasımov, Qəzənfər Sultanov, Süleyman İsrafilov və Həbib Məmmədov olmuşdurlar. Qarabağdan mərkəzi komitə ilə əlaqələndirici Yusif Bəhramov idi. Beləliklə, gizli təşkilatın fəalları Azərbaycanda "Müsavatın" tamamilə darmadağın edilməsinə imkan vermək istəmirdilər. Ancaq az sonra onlar da həbs olundular.

Yusif Bəhramov 1927-ci ilin may ayının 7-də terrorçuluq fəaliyyətində, cəsusluqda, Sovet hakimiyyətinə qarşı silahlı üsyan hazırlamaqda günahlandırılaraq həbs olundu.

Yusif Bəhramov 21 fevral 1928-ci ildə Azərbaycan Dövlət Siyasi İdarəsi kollegiyasının qərarı ilə güllələnməyə məhkum edildi.

Yusif Bəhramov Azərbaycanda Şərqin ilk müstəqil, demokratik dövlətinin qurulmasından qürur duyur, mərd xalqının əbədi haqqı saydığı istiqlal idealının nə zamansa yenidən gerçəkləşəcəyinə, öz Cümhuriyyətini bərpa edəcəyinə inanır və mübarizə aparırdı..

 

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf

 

14:01