Teymur bəy Sabir: sabirlərin ilki

Qarabağ Azərbaycanın elm və mədəniyyət tarixinə önəmli töhfələr verən alimlər, ədəbiyyat və incəsənət xadimləri, ictimai-siyasi sahədə nüfuzlu şəxsiyyətlər bəxş etmişdir. Belə görkəmli simalardan biri də Teymur bəy Sabirdir.

         Teymur bəy Sabir Qarabağda, Şuşada məşhur olan nəsirbəyovlar soyuna məxsusdur. Bu soy da öz kökü ilə Padar elinin İlxıçı oymağına bağlıdır. Qarabağın Cavanşir mahalının etdiyi    İlxıcı-Muğanlı   obasında   Məşədi   Əsəd  bəy   və   Şirin    bəy   adlı    iki   varlı-hallı    əsilsoy   yaşayırdı.   Onlar   Nəsir   bəyin   övladlarıydılar.

Nəsir   bəyin törəmələri Nəsirbəyov soyadını daşıyırdılar.  

Əsəd bəy Nəsir bəy oglu 1772-ci   ildə Cavanşir mahalının   İlxıcı-Muğanlı   obasında anadan   olmuşdu. Molla yanında ibtidai təhsil almışdı. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.  

Məşədi   Əsəd  bəy    Şuşa   şəhərinə    köçüb    Köçərli   məhəlləsində   məskunlaşdı.     Uşaqlarının   mədrəsəyə   qoyub,    savad  yiyəsi     elədi.

Məşədi   Əsəd  bəy  mülkədar idi. 1805-ci ildə Mehdiqulu xan Sarıcalı-Cavanşir ona və qardaşı Şirin bəyə Tərtər çayı sahilində yerləşən Arslanşah yurdunu mülk kimi vermişdi.     

Məşədi   Əsəd   bəy    Hürü   xanımla    ailə   qurmuşdu.   Nəsir   bəy,   Hüseynqulu  bəy,  Kərim   bəy,    Əliş   bəy,   Zeynalabdin   bəy,  adlı  oğulları,   Mələk     xanım,  Nisə   xanım   və   Hürnisə   xanım   adlı   qızları   vardı.

Məşədi Əsəd bəyin dördüncü   oğlu   Əliş   bəy 1832-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında İbtidai təhsil almışdı. Mədrəsədə    mükəmməl    təhsil   almışdı. Şuşa qəza məktəbində oxumuşdu. Bir neçə   şəql   dillərini   və    rus   dilini   kamil   bilirdi. Şuşa qəza idarəsində    işə   düzəldi. Dəftərxana xidmətçisi kimi işə başladı. Titulyar müşavir çinini almışdı.

         Əliş bəyin Teymur bəy, Şamil bəy, Əmir bəy adlı oğulları vardı.

         Teymur  bəy  Əliş  bəy  oğlu  Nəsirbəyov  1871-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu. İbtidai  təhsilini  molla  yanında  almış,  sonra  şəhər  rus-tatar  məktəbində  oxumuşdu.

Teymur  bəy  şair  idi. “Sabir”  təxəllüsü  ilə  şirindilli  şeirlər  yazırdı. Zəngin  kitabxanaya  malik  idi.  

Teymur  bəyin  əmisi  Mirzə  Kərim xan Nəsirbəyovun (1828-1890)  Qardaşı  oğlanları  Cavad  bəy  və  Kərbəlayı  Rüstəm  bəyin  günahları ucbatından  işdən  çıxarılmış,  onlarla  birlikdə  Sibirə  sürgün  edilmişdi. Sürgündən dönəndən sonra nəsirbəyovlara  Şuşada  yaşamağa  icazə  verməmişdilər. Ona  görə  də  onlar  ailəlikcə  Zəngəzur  qəzasının  mərkəzi  Gorus  qəsəbəsinə  köçmüşdülər.

         Teymur  bəyin  gənclik  illəri  Gorusda  keçmişdi. Ucqarda  yaşasa  da,  yaradıcılığından  qalmırdı. Boş  vaxtlarında  dövrünün  və  keçmişin  şairlərinin  şeirlərindən  ibarət  cüng  hazırlayırdı. Onun  Azərbbaycan,  fars  və  ərəb  dillərində  yazdığı  şeirlərindən  ibarət cüngü  (B-196913680)  əlyazmalar  institunda  saxlanılır. Həmin  cüngdə  öz  şeirləri  də  var.

         Teymur bəy Sabir Gorusa köçsə də, bütün varlığı və səmimiyyəti ilə bağlandığı Şuşa mühitini əsla unutmamışdı. Sonrakı illərdə də o, Şuşadakı həmkarları və onların yaradıcılığı ilə, soydaşlarının mədəni-ictimai mühitilə yaxından maraqlanıb, doğma yurduyla sıx ədəbi yaradıcılıq əlaqələri saxlamışdı. Şair daxili təmkini, mədəniyyəti, təvazökarlığı, işgüzarlığı sayəsində mənalı ömrünü ədəbiyyatımızın inkişafına və zənginləşməsinə sərf etmişdi.

         Onun qürbət qoxan yurd, vətən mövzulu şeirlərini hissiz, duyğusuz oxumaq qeyri-mümkündür. Şəhərinin hər məhəlləsini, hər küçəsini, didərgin salınmış nəm-nəcib nəslini, sahibsizlikdən küsnət basmış dam-daşını, tənha qalmış məzarlarını nisgili qələmə aldığı əsərlərinin hər sətrində, hər misrasında ürək ağrısı, qəlb acısı ilə təsvir olunurdu.

         Azərbaycan təbiətinin əsrarəngiz gözəlliyi ilə yanaşı, onun bərəkətli, bol məhsul gətirən müqəddəs torpaqları, Vətənimizin hər bir dilbər guşəsi T. Sabir poeziyasında öz əksini tapmışdır.

         Teymur bəy Sabirin şeirlərinə nəzər salanda nə görürsən? Azərbaycan poziyasına müxtəlif janrlarda olan sənət nümunələrini təqdim edən şair klassik poeziyamıza yeni nəfəs gətirərək, onun nadir incilərinə orijinal misraların əlavə etmişdir. Zəngin ədəbi yaradıcılığa malik olan Teymur bəy Sabirin bədii irsi həm Azərbaycanca, həm də farsca olan şeirlərdən ibarətdir.

         Öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə nisgilli səhifələr əlavə edən Teymur  bəy  Sabirin  vəfat tarixini dəqiqləşdirə bilməmişik.

         Teymur  bəy  Sabirin  soy-sonu  olan  nəsirbəyovlar  hazırda  Bakı,  Aşqabad,  Daşkənd,  Məşhəd  və  digər  şəhərlərdə  yaşayırlar. 

         Azərbaycan ədəbiyyatının tarixi inkişaf mərhələləri, qədim dövrdən başlayaraq bu günədək inkişafı müəyyən qədər öyrənilmiş, tədqiq edilmişdir. Bu ağsaçlı ədəbiyyatın tarixini tədqiq edənlər nədənsə Teymur bəy Sabiri unudublar. Unudulmuşları yada salmaq savabdır. Savab əməllər yiyəsi olun..

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

          

 

12:44