Əli xan Naxçıvanski: rus olmayan yer varmı?

Azərbaycan hərbçilərinin, əsasən də mühacirlərin  fəal iştirak etdiyi İran Kazak briqadası (Персидская казачья бригада) haqqında kitabımı tamamlamaq üzrəyəm. Bu briqadada xanlıq dönəmində Qacarlar məmləkətinə sığınmış ağaların, bəylərin, xanların övladları xidmət ediblər. Onlardan biri də Əli xan Naxçıvanskidir.

Əli xan əslən Naxçıvanlıdır. Kəngərli elinin aparıcı oymağı Kəngərli camaatına bağlıdır. Atası mirpənc Məhəmmədhəsən xan, babası Şükür xandır. Babası Şükür xan 1828-ci ildən sonra Naxçıvandan mühacirət edib Qacarlar dövlətinə sığınmışdı. Azərbaycanın valisi, taxt-tac vəliəhdi Abbas mirzə onlara Urmiya vilayətində tiyul torpaq vermişdi.

Əli xan Naxçıvanski Urmiyada anadan olmuşdu. İbtidai təhsilini ailə şəraitində almışdı. Sonra hərbi məktəbdə oxumuşdu.

Əli xan Naxçıvanski 1879-cu ildə yaranan İran Kazak briqadasına yazıldı. O, naib sərhəng (polkovnik leytinant, podpolkovnik) rütbəsilə 2-ci fövcün, 2-ci divizionun  komandiri idi.

 Əli xan Naxçıvanski xidməti və rəşadəti sayəsində rütbə nərdivanında tez ucaldı.

Əli xan Naxçıvanski 1894-cü ildə mirpənc (general-mayor) rütbəsində İran Kazak briqadasında xidmət edirdi.

Əli xan Naxçıvanski komandir V. A. Kasoqovskinin dönəmində mühacirlərin qiyamına qoşulmuşdu. Belə ki, mühacirlər itirdikləri imtiyaza dözməyərək 5 may 1895-ci ildə qiyam qaldırdılar. Onlar briqadanı tərk etdilər. Özlərinin 20 minlik təqaüdlərini də götürdülər. Bu da briqada büdcəsinin yarısı idi. İş onunla ciddiləşdi ki, onların ardınca xeyli könüllü də hərəkətləndi. Qiyamın nəticəsində briqadanın üzərini təhlükə buludu aldı. Bu hadisəylə bağlı, briqadanın qatı düşməni olan Kamran mirzə bayram əhval-ruhiyyəsində idi. Fərari kazakları toplayıb,  öz kürəkəni Məcdüddövləyə (Hacı Mеhdiqulu xan Qovanlı-Qacar (1850-?) və mirpəncə (general-mayor) Əli xana verdi. (Косоговский В. А . Очерк развития персидской казачьей бригады// Новый Восток. 1923. Кн. 4., с. 398.)

Polkovnik V. A. Kasoqovski öz kitabında yazırdı: “Hərbi nazir Naibəssəltənə belə bir təsadüfə sevinirdi ki, rus briqadasını məhv etmək vaxtı çatıb. Briqadadan gedənlərdən öz kürəkəni, qacarların və qulampişxidmətlərin başçısı Məcdüddövlənin və mirpənc Əli xanın rəisliyi ilə başqa bir “İran briqadası” yaratmışdı. Xaricilər də fikirləşmişdilər ki, artıq rus təlimçilərinin sonu çatıb. Ona görə də öz təlimçilərini İrana dəvət edirdilər. Ən çox səy göstərənlər ingilislər və avstriyalılar idi. Mühacir qarışıqlığı zamanı naibəssəltənə açıq-aşkar ingilislərlə danışıqlar aparırdı. Onlar rusları əvəz edəcəkdilər”. (Косоговский В.А. Очерк развития персидской казачьей бригады // Новый Восток. 1923. Кн. 4. С. 398–400.)   

Polkovnik V. A. Kasoqovski 29 apreldə yazırdı: “Üçüncü gün briqadada ən böyük olan mirpənc Əli xan briqada adyutantı sərhəng İskəndər xan vasitəsilə mənə bildirdi ki, görüşmək istəyir. Mən onu göndərdim ki, Əli xana desin ki, artıq gecdir, bunu donos yazmazdan öncə etmək lazım idi. Mən eşşəklərlə və donosçularla danışmaq istəmirəm”.  (АВ ИВР РАН. Ф. 30. Д. 1. Л.71)

V. Kosoqovski qiyamçı kazakları mərkəzdən uzaqlaşdırdı. Yaşlıları təqaüdə, bəzilərini isə mərkəzdən uzaq dəstələrə göndərdi. Əli xan Naxçıvanski İsfahan dəstəsinə (otryadına) göndərilmişdi. İran Kazak briqadasının komandiri, polkovnik Kosoqovski 1897-ci ildə Müşirüddövləyə müraciət etmişdi ki, İsfahan dəstəsindən Əli xan mirpəncənin 235 tümən alacağı var. (Möhsün Mirzayi, Tarixçeyi briqad və divizioni qazaq, I cild, Tehran, “Elm”,  1373, s. 396-399)

Əli xanın Əhməd xan adlı oğlu vardı. 

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

14:19