Mirzə Qasım bəy Mehmandarov: öz kökünə uyğun

Azərbaycan tarixinə zəhməti, insanpərvərliyi, prinsipiallığı, cəzarəti ilə adını yazan görkəmli hüquqşünaslardan biri də Mirzə Qasım bəy Mehmandarovdur. O, bir qazilər, fəqihlər, görkəmli hüquqşünaslar ocağına bağlıydı. Onun sosial-siyasi görüşləri istər Çar Rusiyanın müxtəlif yerlərində, istərsə də öz vətənində  hüquq düşüncəsi və mədəniyyətinin formalaşmasında xeyli rol oynamışdır. Bu onunla izah edilə bilər ki, dövrün sosial-siyasi hadisələrinin gedişindən və başverən proseslərin mahiyyətindən bəhrələnmiş hüquqşünasın mütərəqqi ideyaları hüququn formalaşmasına təsir göstərməyə bilməzdi.

Mirzə Qasım bəy Qarabağda, Şuşada məşhur olan mehmandarovlar soyundandır. Bu soyun ulu babası Mirzə Əli bəydir. O, Qarabağ xanlığında mehmandar kimi xidmət etmişdi. Mirzə  Əli  bəyin  Həsən  bəy,  Mustafa  bəy  və  Sadıq  bəy  adlı  oğulları  vardı. Atası Mirzə Həsən bəy Mehmandarov (1803-1897) Qarabağın tanınmış mülkədarlarından və hüquq işçilərindən idi.

Qasım  bəy Mirzə Həsən bəy oğlu  1837-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu. Ilk  təhsilini  atasından  almışdı. Sonra  Qəza  məktəbini  bitirmişdi. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı.

Mirzə Qasım bəy Mehmandarov 1848-ci ilin noyabr ayının 15-dən Şuşa qəza idarəsində xidmətə başlamışdı. 6 sentyabr 1849-cu ildə II dərəcəli dəftərxana xidmətçisi mülki çini almışdı. 1852-ci ildə həmin qəzada katib işləyirdi.

Mirzə Qasım bəy Mehmandarov 1853-cü ildə kollej qeydiyyatçısı çini ilə şöbə müdiri vəzifəsinədək yüksəlmişdi. Müharibədə Vladimir lentini gəzdirməklə tünd bürünc medala layiq görülmüşdü.

Mirzə Qasım bəy Mehmandarov 1853-1856-cı illərdə müharibədə iştirak etmişdi.

Mirzə Qasım bəy Mehmandarov 1858-ci ildə Kuban vilayəti Temryuk qəzası III sahəsinə məhkəmə müstəntiqi vəzifəsinə göndərilmişdi.  1873-cü ildə qəza rəisinə ərizə yazıb işdən çıxarılmasını xahiş etdi. Ərizəsinə müsbət cavab verildi. Sevincək Şuşaya döndü.

Mirzə Qasım bəy Mehmandarov hüququ  gözəl  bilirdi. Ona görə də işsiz qalmadı. 1873-cü ildə  Yelizavetapol (Gəncə) Dairə məhkəməsində  kiçik notarius  məmuru  kimi işə başladı. Sonra bu notariat kontorunun müdiri olmuşdu.

Mirzə Qasım bəy Mehmandarov 1854-cü ildə XII klas, sonra Quberniya  katibi, daha sonra kollej assesoru, 1874-cü ildə saray müşaviri  mülki  çinlərini  almışdı.

Mirzə Qasım bəy Mehmandarov 1893-cü ildə 35 illik qüsursuz xidmətinə görə IV dərəcəli “Müqəddəs Vladimir” ordeninə layiq görülmüşdü.

Mirzə Qasım bəy Mehmandarov ata baba xasiyyətlərinə uyğun çox mehmandar, qonaqpərvər adam idi. Qarabağdan Gəncəyə yola düşənlər düşərgə yeri ki onun evini seçirdilər. Xeyriyyəçi kimi də çavlanmışdı. Əmisi Mustafa bəylə birlikdə Şuşa şəhərinin “Təzə məhəlləsi”nə su çəkdirmişdi. Bulaq inşa etdirmişdi.

Mirzə Qasım bəy Mehmandarov 1891-ci ildə dul qalmış bacısı Ağca xanımın iki övladını Baxış bəy və Bahadur bəy Yusifbəyovları Gəncədə öz himayəsinə almış, hər ikisini oxudub məşhur hüquqşünas etmişdi.

Mirzə Qasım bəy Mehmandarov 3 avqust 1903-cü ildə vəfat edib. Şuşada “Mirzə Həsən” gorgahında dəfn edilib.

Şuşalı şair, “Şərqi-Rus”un Qarabağ üzrə müvəkkili İbrahim Tahir Musayev təmsil etdiyi qəzetdə yazırdı: “Bu avqust ayının 3-cü günündə Qarabağ nücəbalarından Gəncə şəhərinin notariusu, cənab Qasım bəy Mehmandarov mübtəla olduğu mərəzdən rəhayab olmayaraq və əsli-rəhəti-həqq oldu”.   

         Qasım  bəy Mehmandarov əvvəlcə əmisi oğlu Mirzə Mustafa bəyin qızı Bilqeyis xanımla, onun vəfatından sonra Sayad xanım Ağa Əbdüləli qızı Quliyeva ilə ailə qurmuşdu.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

13:35