Hacı Bəşir Rzayev: tacirlər padşahı

Hacı Bəşir Rzayev

 

Şuşada “Tacirlər padşahı” kimi tanınan Hacı Bəşir Qarabağın, Şuşanın məşhur soylarından olan rzayevlərə mənsubdur. Bu soyun ulu babası Həsənəlidir. Həsənəli XVIII əsrin ikinci yarısında Şuşanın Gəlmələr məhəlləsində yaşamışdı. Ticarətlə məşğul olmuşdu.

Həsənəlinin Rza adlı oğlu vardı.

Rza Həsənəli oğlu 1782-ci ildə  Şuşanın Gəlmələr məhəlləsində anadan olmuşdu. Məhəllə mollaxanasında oxumuşdu. Ticarətlə məşğul olmuşdu. Pak Xоrasan tоrpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.

Məşədi Rzanın törəmələri Rzayev soyadını daşıyırlar.

Məşədi Rza Bibixanımla ailə qurmuşdu. Abdulla, Nəcəf, Şükür adlı oğlanları, Bəyim və Xanım adlı qızları vardı.

Məşədi Rzanın üçüncü oğlu Şükür 1844-cü ildə Şuşanın Gəlmələr məhəlləsində anadan olmuşdu. Məhəllə mollaxanasında oxumuşdu. Ticarətlə məşğul olmuşdu. II gildiya tacir idi. Müqəddəs Məkkəyi-müəzzəmi ziyarət etmişdi.

Hacı Şükür qaçaq Məhəmməd bəy Şirinbəyov tərəfindən öldürülmüşdü.

Hacı Şükür Nisə ilə həyat qurmuşdu. Bəşir, Əliş adlı oğlanları vardı.

Bəşir Hacı Şükür oğlu Rzayev 1868-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini məhəllə mollaxanasında almışdı. Sonra Şuşa şəhər məktəbində oxumuşdu. Ticarətlə məşğul olmuşdu. II Gildiya tacir idi. Müqəddəs Məkkəyi-müşərrəfi ziyarət etmişdi.

Hacı Bəşir Rzayev Rusiyanın bir çox şəhərləri ilə, Qacarlar məmləkəti və Osmanlı dövləti ilə ticarət edirdi. Şuşanın Rastabazarında topdansatış və parakəndə satış dükanları vardı. Əsasən xalça, meyvə qurusu, qurğuşun satırdı. XIX və XX əsrin əvvəllərində milli kimliyimizin təzahürü olan Qarabağ xalçaları  siyasi xadim, əyan-əşraflara verilən ən qiymətli hədiyyələrdən sayılırdı.

Hacı Bəşir Rzayev ömrünün ahıl çağında ipək ticarəti ilə məşğul idi. Onun bir deyimi hələ də Qarabağda məsəl kimi işlənir. “Min batman qurğuşundan, bir xərvər ipək sərfəlidir”.

Hacı Bəşir Rzayevin Şuşa şəhərində bir neçə imarəti vardı. Bunlardan biri atası Hacı Şükürdən qalmış, qalanını özü tikdirmişdi. Evlərdən birinin xarabalığı hələ də Şuşa şəhərinin Merdinli məhəlləsində durur.

Hacı Bəşir Rzayev öz evlərində, İsa bulağında tez-tez Şuşa xanəndələrinin konsertlərini təşkil edirdi. Firudin Şuşinski yazır: “Birinci dərəcəli xanəndələr ürəfa məclislərinə çağırılardı. Buraya başqa adamlar buraxılmazdı. Bu məclisdə klassik ġərq musiqisinə və muğamata dərindən bələd olan «mümtazlar», bir də tacirlər və əsilzadələr iştirak edərdilər. Burada xanəndələr muğamları tamam-dəstgah oxuyardılar. Oyun havaları çalınmazdı”. (Şuşinski F. Azərbaycan xalq musiqiçiləri. B.: Yazıçı. 1985. 480 səh. s.16) Hacı Bəşir ən çox Xanlıq Şükürü xoşlayardı. Firudin Şuşinski qocaman xanəndə İslam Abdullayevin xatirəsinə əsasən yazır: “Qocaman xanəndə İslam Abdullayev öz xatirələrində Qasım haqqında belə bir əhvalat söyləyir: «1913-cü ilin səfalı yay günlərindən birində «İsa bulağı»nda bir neçə məclis qurulmuşdu. Bu məclislərə Qarabağın bütün adlı-sanlı xanəndələri dəvət edilmişdi. Hər məclisdə bir xanəndə vardı. Məclislərin birindən Qasımın adamı valeh edən xoş səsi eşidildi. O, «Zabul» oxuyurdu. Qasımın səsini eşidən bütün xanəndələr, hətta rəhmətlik Cabbar Qaryağdı oğlu belə qavalı yerə qoyub Qasımın vurduğu şirin xalları, gözəl guşələri maraqla dinləyirdi. Həmin vaxt, mən Şuşa taciri Hacı Bəşirin məclisində «Rast» oxuyan xanəndə Xanlıq Şükürə qulaq asırdım. Qasımın oxumağını eşidən tarzən Bala oğlu Qrikor tarını, xanəndə Şükür isə qavalını tələsik yerə qoydular. Bunu görən məclis sahibi Hacı Bəşir qəzəblə çalğıçılardan soru.du:

- Niyə oxumağı dayandırdınız?

Bala oğlu Qrikor cavabında dedi:

- Kirvə, başına dönüm, heç insafdırmı, Qasım oxuyanda çalasan?

Hacı Bəşir daha da əsəbiləşərək əlini cibinə atıb «palazqulaq» bir yüzlük çıxarıb Şükürün alnına yapışdırıb, əda ilə dedi:

- Ə. Rövşənin nəvəsi, sən də acığa bir «Zabul» oxu.

- Ağa, Qasım olan məclisdə mən «Zabul» oxumaram, - deyə Şükür cavab verdi. Bunu eşidən tacir bir yüzlük də çıxarıb Bala oğlu Qrikorun tarının başına keçirərək, o baş-bu başa var-gəl edib dedi:

- İndi necə, oxuyarsanmı?

Tarzən Bala oğlu Qrikor Hacı Bəşirə müraciətlə dedi:

- Hacı, bütün «İsa bulağı»nı bizə bağışlasan belə, iə mən çalaram, nə də Şükür oxuyar». (Şuşinski F. Azərbaycan xalq musiqiçiləri. B.: Yazıçı. 1985. 480 səh. s.172)

Hacı Bəşir Rzayev Rübabə xanımla ailə qurmuşdu. İsmayıl, Əli, Cəmil, Saleh adlı oğlanları, Həcər, Xurşid adlı qızları  vardı.

        

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf

20:51