Möhtərəm xanım İskəndəri: yarımçıq ömürdən cizgilər - Ənvər ÇİNGİZOĞLU yazır

Şərqin bir guşəsi olan İranda qadın hüquqlarına dair hər hansı elmi görüşlərin meydana çıxmasına, məsələyə aid tədbirlərin keçirilməsinə imkan verilmirdi. Məşrutə hərəkatından sonra bu məsələ tədricən ortaya çıxdı. Bu baxımdan İranda qadın hərəkatlarının inkişafını və qadınların vəziyyətinin sosial-fəlsəfi aspektləri öyrənilməyib. Olan kitablar da şiə və fars qadınlarının fəaliyyətləri haqqındadır. Bu tədqiqatların nəzərəçarpacaq fərqləri də vardır. Belə ki, qadınların sosial həyatında, davranışında və digər hallarda psixoloji faktorların rolu bu kitablarda qiymətləndirilməyib, ən nəhayət qadınların vəziyyətinin tərbiyəvi-tədrisi funksiyalarının öyrənilməsi ilə tamam məşğul olmayıblar. Bizim təşəbbüslərdən biri..

İranda qadınların sosial və siyasi proseslərdə, istehsal sahələrində, mədəniyyətdə və insan həyatına xas olan digər sahələrdə fəaliyyət göstərməsinin tərəfdarı olan şəxsiyyətlərdən biri də Möhtərəm xanım İskəndəridir.

Atası Əli xan kimi tanınan şahzadə Məhəmmədəli mirzədir. O, Məhəmmədtahir mirzənin nəvəsi, İskəndər mirzənin nəticəsi, Qacarlar sülaləsinin vəliəhdi Abbas mirzənin kötükcəsidir.

Möhtərəm xanım 1895-ci ildə Tehran şəhərində dоğulub. Ailə təlim-tərbiyəsi, təhsili alıb. Müəllimi Mirzə Məhəmmədəli xan Mühəqqəqinin tədrisiylə fars və fransız ədəbiyyatını tamam-kamal öyrənib. Bir neçə dilə bələdçiliyi olub.

Möhtərəm xanım İskəndəri uşaqlıqda onurğasından zədə alıb və bir müddət müalicə olunub. Sağalandan sonra qızlar üçün dövlət məktəbində dərs deyib, daha sonra bu məktəbin direktoru təyin edilib.

Onun yaşadığı dönəmdə qadınlara qarşı zorakı münasibət İran cəmiyyətində adi hal sayılıb. Belə hallar mütərəqqi qadınların mübarizəsinə səbəb olub. İran feminizmi bərabərlik uğrunda mübarizə aparan bir neçə hərəkatın bəhrəsiydi. Onlardan biri “Cəmiyyətе tərəqqiyе nisvan” idi. “Cəmiyyətе tərəqqiyе nisvan” özlüyündə bir məqsəd ətrafında birləşib, ümumi mənəvi dəyərlərə, normalar sisteminə və qadın dəyərlərinin rəmzinə malik olan müxtəlif sosial, demoqrafık, etnik, milli qadın qruplarının birgə fəaliyyəti idi.

Möhtərəm xanım İskəndəri siyasi hərəkata qоşulub, 1922-ci ildə qadınların tərəqqi cəmiyyətini, «Cəmiyyətе tərəqqiyе nisvan»ı yaradıb. O, qadınlar arasında çıxışlar edib, təşviqat aparıb, mitinq hazırlayıb. Mitinqlərin birində qadınlara qarşı olan vərəqələri yandırıb. Bu kimi olaylara görə Möhtərəm xanım həbs edilib. Bu hadisə onu İran cəmiyyətində daha da ünlü şəxsə çevirib. O, siyasi baxışlarına görə həbs edilən ilk iranlı qadın olub. Dünya qəzetləri ondan yazıb.

Möhtərəm xanım İskəndərinin əqidə yoldaşları Məsturə xanım Avşar, Nurulhüda xanım Məngənə, Fəxr xanım Afaq idi. Onların hərəkatını qaraguruhçular “Məkri-zənan” adlandırıblar. Hətta bu barədə divarlara vərəqələr də yapışdırıblar. Qadınlar Tehranın “Topxana” meydanına toplaşıb, qaragüruçular əleyhinə şüarlar səsləndirib, bu meydanda asılan məşrutəçiləri yad ediblər.==

Bəllidir ki, feminizm - qadınlara verilən ictimai qiymətləndirmədə ədalətsizliyin qəbul edilməsindən dolayı meydana çıxıb. Möhtərəm xanım da ilkin dövrlərində qadınların ən kiçik hüquqlarını bərpa etmək üçün meydana atılıb. Daha sonra ənənəvi həqiqət və dəyərlərin, anlayış və tezislərin mürtəce kişilər tərəfindən irəli sürüldüyünü, bunların kişi üstünlüyünə xidmət göstərdiyi üçün rədd edilməsinin zəruri olduğunu bildirib.

Möhtərəm xanım İskəndəri çıxışlarında kişilərin və qadınların Allah qarşısında bərabər olduğunu və qadınların da təhsil almaq, mülkiyyət sahibi olmaq, boşanmaq, uşaqlarını tərbiyə etmək, ərləri tərəfindən zorakılıqdan qorunmaq, nəhayət, səsvermə haqqına sahib olmaq hüquqları olduğunu təsdiqləyib.

Möhtərəm xanım İskəndəri evdar və yaşlı qadınlar üçün də məktəb təşkil edib.

Möhtərəm xanım İskəndəri qadınlar arasında yerli malların təbliği ilə də məşğul olub. O, eyni zamanda qadınların dövlət idarəetmə sistemində, istehsalatda maraqlarını mühafızə edən, onların şərəfini və mənliyini qoruyan qanunların və inzibati qaydaların da qəbulunu təklif edib.

Möhtərəm xanım İskəndəri 27 iyul 1924-cü ildə dünyasını dəyişib. Uşaqlıqda aldığı zədənin fəsadlarını aradan götürmək üçün keçirdiyi əməliyyatdan sağ çıxmayıb.

Möhtərəm xanım öz müəllimi Mirzə Məhəmmədəli xan Mühəqqəqi ilə ailəli olub.

Möhtərəm xanım İskəndəri cəmiyyətin həyatına təsir göstərib, həm də spesifik qadın maraqlarını qoruyub, nəticə etibarilə, qadınların sosial statuslarının artmasına nail olub. Amma erkən ölümü ilə bu arzularının tam reallaşması yarımçıq qalıb...

 

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

Xudaferin.eu

 

15:01