Xasay xan Usmiyev: Difaiçilərin knyazı

Difaiçilərin fəal iştirakçıları sırasında onun da adı var. Kimdir Xasay xan? Xasay xan Qarabağda, Dağıstanda ünlü olan usmiyevlər soyuna məxsusdur. Bu soy kumuqların Yaxsay qoluna bağlıdır. Onlar öz köklərini Çingiz xana aid edirlər. Atası Mehdiqulu xan (1855-1900) çar ordusunun podpolkovniki idi. Klassik üslubda “Vəfa” təxəllüsü ilə Azərbaycan və fars dillərində şeirlər yazan knyaz-podpolkovnik Mehdiqulu xan Usmiyev 1897-ci il fevralın on yeddisində Şuşada öz xərcinə Azərbaycan əhalisi üçün qiraətxana açdırmışdır. Hərbiçi olmasına baxmayaraq, o anası Xurşid bəyimin rəhbərlik etdiyi “Məclisi-üns”də yaxından iştirak edib. Knyaz-podpolkovnik Mehdiqulu xanın poeziyaya və füsunkar Şuşaya məhəbbətini əvəzsiz ədəbiyyatşünas Firidun bəy Köçərli 1903-cü ildə Tiflisdə rusca nəşr etdirdiyi “Azərbaycan tatarlarının ədəbiyyatı” kitabında yüksək sənət nümunəsi kimi qeyd edir: “İnsana məhəbbət, dostluq, mehribançılıq, mərhəmət, əfv və iztirab istedadlı Mehdiqulu xan Usmiyev poeziyasının canını təşkil edir”. Şair oxucusuna xitabən deyir: “Çəmənzarə yavaş gir ki, xırda böcəklər, yaşıl otlar, yeni gül şaxələri ayaqların altında qalıb əzilməsin”.
Mehdiqulu xan Vəfanın şeirindən örnək:

Qarabağ içrə bu tənhalığa səbrü qərarım yox,
Qəmindən başqa, bu viranədə bir qəmküsarım yox..” Anası Səltənət bəyim Kərim ağa qızı Cavanşir (1856-1927) idi. Babası knyaz Xasay xan Musa xan oğlu Usmiyev (1808-1867) çar ordusunun generalı, nənəsi isə Natəvan təxəllüslü şairə, Xurşidbanu bəyim Mehdiqulu xan qızı Cavanşir (1832-1897) idi.
Xasay xan Mehdiqulu xan oğlu Usmiyev 28 avqust 1881-ci ildə anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Şuşa Real məktəbini (ГИАР. Ф.43, Оп.2, Д.7344, Л.160), Tiflis gimnaziyasını bitirmişdi.
Xasay xan Usmiyev mülkədar idi. Şuşa qəzasının Xıdırlı, Qiyaslı, Seyidli, Sarıhacılı, Əhmədavar, Çəmənli, Kəngərli kəndlərinin sahibi idi.
Xasay xan Usmiyev “Difai” təşkilatının Ağdam komitəsinin rəhbəri idi. Bəzi məlumatlara görə (rotmistr Kornilovun raportu), partiyanın Ağdam komitəsinə Vladiqafqazda yaşayan və Ağdama gəlmiş Xasay xan Usmiyev başçılıq edirdi. Elə həmin sənəddə qeyd edilir ki, buraya Səlim bəy Rüstəm bəyov, Cəfər bəy Vəzirov, Qasım bəy Vəzirov və Qəhrəman ağa Cavanşirov daxil olmuşdur. (Məmmədov X. Azərbaycan milli hərəkatı 1875-1918-ci illər, Bakı,1996, s.87.) Başqa məlumatlara görə, Ağdam komitəsinə Zülfüqar bəy Haqverdiyev başçılıq etmişdir. Baxış bəy (meşşan) və Şükür bəy Kazımbəyov qardaşları, Mirzə Davud Ağamirzəyev (Əfəndi – Ağdam şəhərindən olan kəndli), Hacı Seyid Mirşi Seyid Bağır oğlu (Şuşa şəhərindən olan meşşan) komitənin üzvləri idi. Bu yardımçı komitədə Şükür bəy Kazımbəyov həm də icra hakimiyyətinin təşkilatçısı və rəhbəri rolunu yerinə yetirir, kəndbəkənd gəzərək partiyanın şöbələrini yaradır, əhalini “Difai”yə tabe olmağa and içdirirdi. Mirzə Davud Ağamirzəyev (Əfəndi) təşkilatın katibi idi. Partiyanın Ağdam yardımçı komitəsində Mirzə Məmməd İbrahimov başda olmaqla 6 nəfər təbliğatçı vardı. (Документы по русской политике в Закавказье, с. 22, 42.) Gizli agent S.Səfərəlibəyovun 7 mart 1908-ci il tarixli məruzəsindən məlum olur ki, Ağdam komit əsi “qondarma” və “quru bəylərdən” təşkil olunmuşdur. Onların “ əsl bəylərə” barışmaz nifrət hissi vardı”. Bu, bütün məsələlərdə həqiqi bəylərə bərabər olmaq arzusu və paxıllıq hissi ilə izah edilirdi. Bu “quru bəylərin” öz malikanələri və torpaqları yox idi, lakin onlar Ağdam bazarına n əzarət edirdi və buna görə də xalq arasında müəyyən nüfuza malik idi“. (Документы по русской политике в Закавказье, с. 40.)
1908-ci ilə qədər “Difai”nin fəaliyyəti o qədər geniş miqyas almışdır ki, Azərbaycan qəzalarında çar hakimiyyəti orqanlarının mövcudluğuna təhlükə yaranmışdır. Partiya üzvlərinə qarşı repressiyalar başlanmışdı. Qafqaz canişini özünün 4 mart 1908-ci il tarixli fərmanı ilə “Difai” partiyasının ləğv edilməsi barədə tapşırıq vermişdir. Yelizavetpol general-qubernatoru Q.Kovalyov cavab məktubunda yazmışdır ki, cari ilin mart ayında bu partiya tamamilə ləğv ediləcəkdir. Xasay xan Usmiyev tutulacağını duyub, Vladiqafqaz şəhərinə qaçdı.
Xasay xan Usmiyev 1915-ci ildə Ağdama qayıtdı. Anası qışı burda, yayı Şuşada yaşayırdı.
Xasay xan Usmiyev 1920-ci ildə İnqilab komitəsinin əməkdaşlarına verdiyi ifadədə yazırdı: “nə çar, nə də Azərbaycan Xalq Cümhuriyyəti dönəmində heç bir siyasi təşkilatın üzvü olmamışam”.
Xasay xan Usmiyev 1920-ci ildən sonra ömrünün axırınadək Bakı şəhərində, Azərbaycan Tarix muzeyinin tarixi-etnoqrafik şöbəsinin müdiri vəzifəsində çalışmışdı.
Xasay xan Usmiyev 6 oktyabr 1925-ci ildə Vladiqafqaz şəhərində vəfat etmişdi.
Xasay xan Usmiyev Səriyə bəyim İskəndər bəy qızı Rüstəmbəyova ilə ailə qurmuşdu. Onun vəfatından sonra Sofiya Dmitriyevna Yastremskoy ilə dünya evinə girmişdi. Mehdi xan, Səid xan adlı oğlanları (birinci nikahdan), Leyla xanım adlı qızı (ikinci nikahdan) vardı.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
Difai ilə bağlı araşdırmalar davam edir.

 

16:39