Həsən bəy Fətəlibəyli - İlk cümhuriyyətin keşiyində -ARAŞDIRMA

Həsən bəy Həsən bəy oğlu Fətəlibəyli  1886-cı il dekabrın 18-də Şuşa qəzasının Ətyeməzli obasında zadəgan ailəsində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa Real məktəbini bitirmişdi. Daha sonra Zaqafqaziya (Qori) Seminariyasının Tatar-Azərbaycan şöbəsini 1916-cı il martın beşində, 271 saylı şəhadətnamə ilə tamamlamışdı. 1917-ci oktyabrın iyirmi doqquzunda Tatar-Azərbaycan süvari alayının ehtiyat bölməsinə könüllü qəbul olunmuşdu. Həmin il noyabrın iyirmi üçündə və dekabrın beşində Müsəlman Korpusuna əsgər yığmaq üçün Borçalı qəzasına ezam edilmişdi. 1918-ci il yanvarın dördündə ona uryadnik rütbəsi verilmişdi. Həmin il, həmin tarixdə Müsəlman Korpusunun komandiri, general-leytenant Əli ağa Şıxlinskinin əmrilə oboz (hərbi araba karvanı) komandiri təyin edilmişdi.

          Həsən bəy Fətəlibəyli birinci Tatar-Azərbaycan süvari alayının kollec qeydiyyatçısı  olub, qoşunu ərzaqla təchiz edib və onu mənzillərə yerləşdirib. Dövlət müşaviri, birinci dərəcəli könüllü əsgər olub.

Həsən bəy Fətəlibəyli rus-yapon müharibəsinin, Romanovlar sülaləsinin 300 illik xatirə medalı ilə və məişətdə göstərdiyi fəaliyyətinə görə ordeni ilə 1914-cü ildə Qori şəhər pristavı vəzifəsində işləyəndə həmin il iyunun birində “Müqəddəs Vladimir” ordeninin dördüncü dərəcəsilə təltif olunub.

1919-cu il yanvarın 4-də ailə vəziyyətinə görə hərbi xidmətdən tərxis olunmuşdu. Əksinqilabla Mübarizə Təşkilatına işə dəvət olunmuşdu.

12 oktyabr 1919-cu ildə hərbi nazir S.Mehmandarov hərbi əks-kəşfiyyatın təsisi məsələsi ilə bağlı DMK-ya məruzə təqdim etmişdi. Həmin məruzədə ƏMT-ni ləğv etməklə hərbi əks-kəşfiyyat təşkilatı təsis etmək və ya DİN-nin yanında mərkəzi cinayət axtarışı şöbəsi yaratmaq, xarici kəşfiyyatın yenə də Hərbi Nazirliyin tərkibində qalması məsələləri təklif olunurdu.

Bu məruzə əsasında xeyli dəyişikliklər edilmiş, lakin ƏMT ləğv edilməmiş, o, digər qurumlarla birlikdə 26 oktyabr 1919-cu ildə Bakı Möhkəmləndirilmiş Rayonunun rəisi general-mayor Murat Tlexasın tabeçiliyinə verilmişdi. Yalnız bundan sonra ƏMT-nin fəaliyyətində irəliləyiş baş vermiş, hətta namizədlər partiya prinsipinə görə deyil, şəxsi keyfiyyətlərinə və AXC vəzifəlilərinin təqdimatlarına əsasən isə qəbul edilməyə başlanmışdı.

ƏMT digər mudafiə orqanları ilə birlikdə bolşevizimlə əlaqədar bir çox uğurlu əməliyyat aparmışdır.Azərbaycan Xalq Cümhuriyyəti  Nazirlər Şurasının 6 mart 1920-ci il qərarı ilə fəaliyyətinə xitam verilmişdir.

ƏMT–in ləğvindən sonra ölkədə kəşfiyyat və əks kəşfiyyat işi Bakı general-qubernatorluğunun tərkibində yaradılmış informasiya şöbəsi verilmişdir.ƏMT-inin  təhqiqat ,müşahidə,axtarış, həbs və digər bütün səlahiyyətlər İnformasiya şöbəsinin sərancamına verildi. İnformasiya şöbəsinin başına Ələkbər xan Şahsuvarov, onun köməkçisi vəzifəsinə isə  Həsən bəy Fətəlibəyli gətirildi. Rəisin ikinçi köməkçisi isə Xüsüsi tapşırıqları yerinə yetirən türk ordusunu polkovniki Cəmil bəy idi.

Həsən bəy Fətəlibəyli sonra Bakı şəhər Polis idarəsinin axtarış şöbəsinin rəisi təyin olunmuşdu. O, Xələf bəy Məlikbəyovun evindən ermənilər tərəfdən oğurlanan malları yiyəsinə qaytarmışdı.

Həsən bəy Fətəlibəyli  Bakı Şəhər qubernatoru Rəşid bəy Axundzadə ilə əl-ələ verib erməni quldurlarından şəhəri təmizləmişdi. (ГААР. Ф. 6. Оп. 2. Д. 2. Л. 37).

Həsən bəy Fətəlibəyli  erməni agenti Nelli Fyodrovna Çernışevanın əməllərini aşkara çıxarmışdı. (ГААР. Ф. 6. Оп. 2. Д. 2. Л. 83 об.)

Həsən bəy Fətəlibəylinin şəxsi işində ailə tərkibi də qeydə alınmışdır: 1896-cı il aprelin 12-də anadan olan arvadı Ədilə xanım (Adeliya Mixaylovna Erlenbax), 1913-cü il dekabrın 4-də anadan olan qızı Leyla xanım, 1915-ci il martın 2-də anadan olan oğlu Ənvər bəy.

Aprel işğalından (1920) sonra Həsən bəy Fətəlibəyli  haqqında məlumata rast gəlmədik. Axtarışlarımız davam edir...

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

16:42