İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi -Ənvər ÇİNGİZOĞLU yazır

İranda tədqiqatlarımız zamanı xeyli mühacir soylarını ortalığa çıxarmışıq. Bunlardan biri də Şəfai soyudur. Bu soyun ünlü nümayəndələrindən biri…

İsmayıl xan Şəfai qafqazlı bir hərbçi ailəsinə mənsubdur. Atası Kazım ağa İran Kazak briqadasının alimənsəb zabitlərindən idi. Mirpənc (general-mayor) rütbəsi daşıyırdı. 1907-ci ildə Təbrizdə Məşrutə hadisəsi dövründə aldığı güllə yarasından həlak olub.

İsmayıl xan Kazım ağa oğlu 1885-ci ildə Tehran şəhərində doğulub. İbtidai təhsilini mollaxanada alıb. Sonra İran Kazak briqadasının məktəbində oxuyub. Doğma türk dilindən başqa fars, rus, fransız, ingilis və alman dillərini bilirdi.

İsmayıl xan Şəfai 1910-cu ildə İran Kazak briqadasında hərbi xidmətə başlayıb. Briqadanın süvari bölümündə sultan (kapitan) rütbəsində qulluq edib.

İsmayıl xan Şəfai Birinci Dünya müharibəsi dönəmində Rza xanla bir dəstədə xidmət göstərib. Rza xan onu göz bəbəyi kimi qoruyub. Atası Kazım ağadan çox yaxşılıqlar görüb. Yeniyetməliyindən onun yanında xidmət etdiyindən, generalın ailəsinə yaxşı bələd idi. İsmayıl xanı da, digər qardaşı Məhəmməd xanı da lap uşaqlığından tanıyırdı. 1907-ci ildə mirpənc Kazım ağa Rza xanın qucağında ölmüşdü. Rza xan ağlaya-ağlaya sevimli komandirinə bildirmişdi ki, hər zaman onun övladlarına pərəstar olacaq. Oldu da. Rza xan briqadanın rəisi, hərbi nazir, baş nazir, hətta şah olanda da İsmayıl xanı qoruyub-qolladı. Onu da, qardaşını da xaricdə oxutdurdu. İsmayıl xan yüksək rütbəli zabit, qardaşı Məhəmməd xan Şəfizadə doktor oldu...

İsmayıl xan Şəfai 1921-ci ildə naib sərhəng (podpolkovnik) rütbəsində idi. Onu Gilandan mərkəzə dəyişdilər. Ərkani hərbdə - qərargahda xidmət edəcəkdi.

İsmayıl xan Şəfai 1921-ci ildə yeni yaranmış “Mərkəz” diviziyasının qərargah rəisi təyin olundu. Diviziyanın qərargahı Tehranda yerləşirdi. Komandanı Rza xan Sərdari Sipəh idi. Diviziyanın əhatə zonası Tehran, Qəzvin, Gilan, Mazandaran, Qum, Simnan və Damqan bölgələri idi. Diviziyada 896 zabit, 13364 əsgər, 3996 baş at vardı.

İsmayıl xan Şəfai 1922-ci ildə yeni ordunun sursat anbarının rəisi idi. Sərhəng (polkovnik) rütbəsi daşıyırdı.

Rza xan Sərdari Sipəh 1924-cü ildə 23 nəfər gənc zabiti Avropaya ali hərbi təhsil almağa göndərmişdi. Bu zabitlərin arasında İsmayıl xan Şəfai də vardı. O, Almaniyada ali hərbi akademiyada oxuyub və İrana dönəndən sonra şahın xüsusi adyutantı (acudane məxsus) olub.

İsmayıl xan Şəfai sərləşkər (general-mayor) rütbəsi daşıyırdı.

İsmayıl xan Şəfai Rza şah Pəhləvinin tacgüzarlığında iştirak edib. Tacqoyma mərasimində Şah İsmayıl Səfəvinin zirehini götürüb.

İsmayıl xan Şəfai 1941-ci ildən sonra Rza şahın tapşırığı ilə gənc Məhəmmədrza şahı yalnız buraxmayıb.

İsmayıl xan Şəfai 1943-cü ildə Tehran şəhərində keçirilən konfransda Stalin, Ruzvelt və Məhəmmədrza şah təkbətək görüşərkən şahın tərcüməçisi olub. İkinci Dünya müharibəsinin gedişində diplomatik mübarizədə Tehran konfransı xüsusi yer tutur. Müharibənin gedişində əsaslı dönüş başa çatdıqdan sonra anti-hitler koalisiyasının əsas dövlət başçılarının - Stalinin, Ruzveltin və Çörçillin iştirakı ilə 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək Tehran konfransı keçirilib. Avropada ikinci cəbhənin açılması haqqında məsələ konfransın işində mühüm yer tutub. Bu, müttəfiqlər arasında ən kəskin məsələlərdən biri idi. (Бережков В. Тегеран 1943. — М.: Издательство Агентства печати Новости, 1968.)

Tehran konfransı keçiriləndə İran şahı Məhəmmədrza Pəhləvi çox gənc idi – cəmi, 24 yaşı vardı və iqtidara gəlməsindən heç üç il də keçməmişdi. Həmin Məhəmmədrza Pəhləvi ancaq saatlarca Böyük Britaniya və ABŞ-ın Tehrandakı səfirliyində gözlədikdən sonra U. Çörçil və F. Ruzveltlə qısa müddətə görüşə bilib. İsmayıl xan Şəfai araçılığı ilə onlara çatdırmışdı ki, SSRİ İranı təhdid etməkdən əl çəksin. Onlar gənc şaha müsbət cavab verir. Məhəmmədrza şah sonra İosif Stalinlə görüşmək fikrinə düşür. Öz fikrini İsmayıl xana bildirir. İsmayıl xan razılaşır. Şahın səlahiyyətli nümayəndəsi Sovet səfirliyinə zəng vurub “İran şahı, Marşal Stalini, – əgər müsaid zamanları varsa, – ziyarət etməyi rica edir. Marşal Stalin şahənşahı qəbul etmək istərmi?” - deyə soruşanda, İ. V. Stalin gözlənilməz cavab verir: “İran şahı İ. V. Stalini nə zaman qəbul etmək istəyir?”

Cavab o qədər gözlənilməz olur ki, şahın səlahiyyətli nümayəndəsi özünü itirir və sovet səfirliyi əməkdaşlarının onu yanlış anladıqlarını zənn edir. Təkrar eyni cümləni söylədikdə, Stalinin budəfəki cavabı şahın nümayəndəsini şoka salır: “Şah, İ. V. Stalini indi qəbul edə bilərmi?”

Az sonra İ. V. Stalin öz heyəti ilə bərabər şahın sarayına gəlir. Şahla Stalinin görüşü müsbət nəticə ilə tamamlanır. O zamanlar SSRİ Baş Kəşfiyyat İdarəsinin Tehrandakı rezidenti olmuş polkovnik B. Q. Razin 02. 12. 1943-cü ildə Mərkəzə göndərdiyi şifroqramda İ. V. Stalinin İran monarxına şəxsi qırıcı təyyarə hədiyyə etdiyini (Məhəmməd Rza Pəhləvi I dərəcəli hərbi pilot idi), İran qoşunlarına 20 hərbi təyyarə, 20 tank bağışladığını, Məşhəd şəhərində hərbi aviasiya, Tehranda isə tank məktəbinin yaradılması barədə göstəriş verdiyini bildirir.

İsmayıl xan Şəfai baş nazir Əli Süheylinin kabinəsində (15 fevral 1943 – 6 aprel 1944) Ticarət və Sənaye naziri təyin olunub.

İsmayıl xan Şəfai 1960-cı ilin hesabatına görə, framason təşkilatın üzvü idi.

İsmayıl xan Şəfainin ömrünün son dönəmləri və ailəsi haqqında bilgimiz yoxdur. Gözümüz axtarışdadır. Yeni faktlarla rastlaşsaq, həmən anda sizə bilgi verəcəyik. Hələliksə bunlarla yetinək…

 
 
Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf
 
Xudaferin.eu

14:01