İskəndər xan Müqəddəm: Sərkərdəlikdən məclis sədrliyinədək..

Günümüzdə bizə gərəkli olanlardan biri də siyasi-mədəni birlikdir. Əlimdən gələn tarixi yazılardır. Düşünürəm ki, qəhrəman keçmişimizdən doğan milli qürur isə vətəndaş həmrəyliyini və siyasi-mədəni birliyi gücləndirə bilər. Beləliklə qəhrəman keçmişimizdən bir örnək...

Yazımızın qəhrəmanı İskəndər xan Güney Azərbaycanda, Marağada məşhur olan Müqəddəm soyuna mənsubdur. Müqəddəmlər Qarabağın Otuziki elinə bağlıydılar. 1606-cı ildə I Şah Abbas Səfəvi tərəfindən Qarabağdan Marağaya köçürülmüşdülər. Həmin dövrdən qacarlar dönəminə qədər Marağanın hakimləri olmuşdular.

İskəndər xanın atası Fətulla xan İskəndər xan oğlu Müqəddəm (1850-1927) Qacarlar dövlətinin sərkərdələrindən idi. General-mayor rütbəsi daşıyırdı. Zəfər təxəllüsü ilə xoştəb şeirlər yazırdı.

Fətulla xanın İskəndər xan, Həsən xan, Rəhmətulla xan adlı oğlanları vardı.

II İskəndər xan Fətulla xan oğlu Müqəddəm 1868-ci ildə Marağa şəhərində doğulmuşdu. Mükəmməl təhsil almışdı. Sərdari-Nasir ləqəbini daşıyırdı. Orduda xidmət etmişdi. 1913-cü ildə polkovnik rütbəsi ilə birliyə rəhbərlik edirdi. Təbriz şəhərindəki qarnizonun rəisi idi. Sonra bu birliyi qardaşı Zəfərəddövlə Həsən xana təhvil verib, özü general rütbəsi ilə bütün Cənubi Azərbaycan ordusunun komandanı oldu. [Məsud Qulamiyyə, Tarixi Marağa bə rəvayəti təsvir, Tehran, “Övhədi”, 1385(h.ş.), s.125.]

İskəndər xan Sərdari-Nasir Marağa vilayəti başçısının müavini vəzifəsinə təyin olunmuşdu. Sonra vilayətin başçı olmuşdu. 1920-ci ildə Mirzə Cəlil Məmmədquluzadənin qardaşı Mirzə Ələkbəri tutub Marağaya sürgün etmişdilər. Sərdari-Nasir ona xoş münasibət göstərmiş, sürgündə olduğu müddətdə yeyim-geyimlə təmin etmişdi. Həmidə xanım Cavanşir yazır: “Nəhayət, konsul bizə məlumat verdi ki, Mirzə Ələkbər həbs olunub və təhlükəsiz şəraitdədir. Onun hazırki siyasi şəraitə əks hərəkət edəcəyindən ehtiyat edərək haqqında hökümətə şikayət etmiş və həbs etdirərək Marağa şəhərinə, qubernator Sərdar Nasirinevinə fəxri sürgünə göndərmişlər. Mirzə Ələkbər orada, qubernatorun çevrəsində azadlıqda və tam təminat içərisində yaşayır.

Sərdar Nasir Təbrizin polis idarəsi rəsinin qardaşı idi. O, bir müddət sonra Mirzə Ələkbərlə dostlaşmış və bizimlə məktublaşmağa icazə vermişdi. Təbrizdə Sərdar Nasir Mirzə Cəlillə şəxsən tanış olmaq üçün bizə gəldi.   [Həmidə xanım Cavanşir, Xatirələrim, ruscadan çevirən və nəşrə hazırlayan Mehriban Vəzir, Bakı, “Apastroff”, 2011, səh.260.].

İskəndər xan Marağadan İran Milli məclisinə vəkil seçilmişdi. Bir müddət məclisə başçılıq etmişdi. 

İskəndər xan Müqəddəm 1949-cu ildə Tehran şəhərində vəfat edib.

İskəndər xanın Hüseyn xan, Əliqulu xan, Lütfəli xan, Əbuturab xan adlı oğlanları vardı.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

 

14:12