Məhəmməd bəy Ağayev: İmperatorun Cəbrayıllı mühafizəçisi..

Məhəmməd bəy Ağayev

 

Cəbrayıllı eli XVIII yüzilin ikinci yarısında 18 oymaqdan, 8 obadan ibarət idi. Obalardan biri əvvəlcə Kazımağalı adlanırdı. Sonra Kazım ağanın oğlu Alı bəyin adıyla Alıbəyli kimi tanındı. Daha sonra yerləşdiyi yurdun adıyla bağlı Kavdar kimi tanınmağa başlandı. 1930-cu ildən sonra oba kənd biçiminə düşdü. Hazırda Cəbrayıl rayonun tərkibindədir. 1993-cü ildə erməni və rus birlikləri tərəfindən işğal olunmuşdu. 2020-ci ildən isə şanlı ordumuz tərəfindən azad edilib.

Alıbəyli obasının əsas və aparıcı tayfası Kazımağalıdır. Bu tayfa Mehdibəyli, Cavadbəyli, Əhmədbəyli, Ağabəyli tirələrinə bölünür.

Bu soyun ulu babası Kazım ağadır. Kazım ağa təxminən 1773-cü ildə Qarabağ xanlığının Dizaq-Cəbrayıllı mahalının sonradan öz adı ilə adlanan obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Əvvəlcə İbrahimxəlil xana, sonra onun vəliəhdi Məhəmmədhəsən ağaya xidmət etmişdi.

Kazım ağanın törəmələrindən bəziləri Ağayev soyadını daşıyırdılar.

         Kazım ağanın Alı bəy, Ağalar bəy adlı oğlu vardı.

Alı bəy Kazım ağa oğlu 1792-ci ildə Dizaq-Cəbrayıllı mahalının Kazımağalı obasında doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Cəfərqulu xan Sarıcalı-Cavanşirə xidmət etmişdi.

1822-ci ilə bağlı rus qaynağında Cəbrayıllı elinin bir oymağına başçılıq etdiyi bilinir. Qaynaqda qeyd olunur: “Alı  bəy  Kazım  ağa  oğlu  cəbrayıllıları—1  özü,  bağban  və  rəncbər  9  ailə”. [Описание Гарабагской провинции (составленное в 1823 году по распоряжению главноуправляющего в Грузии Ермолова, дествительным статским советником Могилевским и полковником Ермоловым 2-м). Тифлис, 1866 г.].

Alı bəy hərbi xidmətdən aralanadan sonra müqəddəs Məkkəri-mükərrəmi ziyarət etmişdi.

Hacı Alı bəy mülkədar idi. Kavdar torpağında mülkə yiyələnmişdi.

Atasının adı ilə bağlı olan Kazımağalı obası onun vəfatından sonra isə Alıbəyli adlandı.

Hacı Alı bəyin Bala bəy, Mehdi bəy adlı oğlanları vardı.

Bala bəy Hacı Alı bəy oğlu 1817-ci ildə Dizaq-Cəbrayıllı mahalının Kazımağalı (Alıbəyli) obasında dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi. Müqəddəs Məkkəyi-müəzzəmi ziyarət etmişdi.

Hacı Bala bəyin Məhəmmədalı bəy, Məhəmməd bəy, Niftalı bəy, Mirzalı bəy, Məmmədalı bəy (ikinci) adlı oğlanları vardı.

Hacı Bala bəyin ikinci oğlu Məhəmməd bəy 1849-cu ildə Şuşa qəzasının Vərəndə sahəsinin Alıbəyli (Kavdar) obasında anadan olmuşdu. Molla yanında ibtidai təhsil almışdı. Sonra ailə şəraitində təhsilini davam etdirmişdi. 7 sentyabr 1877-ci ildə çar leyb-qvardiyasının Qafqaz eskadronuna silahşor kimi daxil edilmişdi. 5 may 1878-ci ildə Peterburqda xidmət edirdi. 10 iyun 1878-ci ildə yunker rütbəsi almışdı.. [РГВИА. Ф. 970. Оп. 1. Д. 1416, Л. 1617.]

23 dekabr 1880-ci ildə Məhəmməd bəy Ağayev podpraporşik rütbəsinə layiq görülmüşdü. [РГВИА. Ф. 970. Оп. 1. Д. 1416, Л. 1617.]

Məhəmməd bəy Ağayev 15 fevral 1881-ci ildə praporşik rütbəsi almışdı. [РИ, 17 февраля 1881 г. №38]

Məhəmməd bəy Ağayev 1881-ci ildən 1882-ci ilədək 18 Pereyaslavski draqun alayında xidmət etmişdi. 1882-ci ildən isə 46-cı Pereyaslavski draqun alayına dəyişilmişdi. 1890-cı ilədək bu alayda xidmətinə davam etmişdi.  

Məhəmməd bəy Ağayev 1886-cı il məlumatlarına görə  Kornet rütbəsində idi. [ARDTA, fond 43, siyahı 2, ]

Məhəmməd bəy Ağayev 21 sentyabr 1890-cı ildə kornet rütbəsində ordudan tərxis olunmuşdu. [РГВИА. Ф. 400. Оп. 17. Д. 4546, Л. 268271.]

Məhəmməd bəy Ağayev ordudan tərxis olunduqdan sonra qəza idarəsində işə başlamışdı. Əvvəlcə pоlis idarəsində tərcüməçi kimi çalışmışdı. Sonra Cəbrayıl qəzasının bir çox nahiyəsində  mülki  hakimin  köməkçisi  işləmişdi. Daha sonra polis pristavı kimi xidmət etmişdi. Hüseynbəyli kənd icmasının (Qovşudlu, Tinli və Əmirvarlı) mərzləmə sahəsindəki mübahisələri çözmüşdü. Onun canyanğısı, gen məsləhəti ilə bir çox məsələ öz müsbət həllini tapmışdı.

Məhəmməd bəy Ağayev Cəbrayıl qəzasınin mərkəzində məskunlaşmış, abadlıq işləri ilə məşğul olmuşdu. Cəbrayıllı qəsəbəsində kəhriz vurdurmuşdu. Kəhriz onun adıyla “Məhəmmədbəy kəhrizi” adlanırdı. Məhəmməd bəy bu kəhrizin üstündə  su  dəyirmanı  tikdirmək  istədikdə  Mirzəcanlı camaatı onun  bu  fikrinə qarşı  çıxaraq  su  dəyirmanı  tikilməsinə  razılıq  vermədi. Çünki  su  dəyirmanı  tikilərdisə,  kəndin  içərilərinə  kəhrizin  suyunu  aparmaq  çətinləşirdi. Məhəmmd bəy  camaatın  tələbi  ilə  razılaşmağa  məcbur  oldu  və kəhrizin  suyu camaatın  istifadəsində  verildi.

Məhəmməd bəy Ağayev xidmət etdiyi dönəmdə dəfələrlə erməni millətçiləri ilə döş-döşə gəlmişdi. Hər dəfə də onları yerinə əyləşdirmişdi. Meydanda mərd, cəsarətli, təmkinli bir insan olduğunu dönə-dönə sübut etmişdi.

Məhəmməd bəy Ağayev xeyirxah, əliaçıq, səxavətli olmasıyla bütün Cəbrayıl qəzasında özünə hörmət qazanmışdı.

Məhəmməd bəy Ağayev zəmanəsinin görkəmli ictimai-siyasi xadimləri Hüseyn ağa Cavanşir, Əhməd bəy Hüseynbəyov, Sadıq bəy Minbaşıyev, Əbül bəy Şərifbəyov kimi şəxsiyyətlərlə mehriban ünsiyyətləri, dostluq əlaqələri vardı.

Məhəmməd bəy Ağayev bir çox orden və medalla təltif olunmuşdu.

Məhəmməd bəy Ağayevin kollej  qeydyatçısı, kollej katibi  mülkü  çinləri  vardı.

.Məhəmməd bəy Nisə xanımla ailə qurmuşdu. Alı bəy adlı oğlu, Qönçə xanım, Əbabil xanım, Ziba xanım adlı qızları vardı.

Yazımızla bağlı bəzi faktları bizə təqdim etdiyinə görə dostumuz Eldar İsmayılova təşəkkür borcumuz var.

 

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf

 

 

 

 

16:26