Rza bəy Zöhrabbəyov: Boqdan Ohanovun qənimi..

XIX əsrin sonlarında Azərbaycanda gildiya ticarət müəssisələrinin sayı xeyli artmışdı. 1890-1900-cü illərdə Bakı və Yelizavetpol quberniyalarında gildiya ticarət müəssisələrinin sayı 1724-dən 2638-ə yüksəlmişdi. 1897-ci ildə gildiya sistemi ticarət müəssisələrinin sayının 37 faizini, dövriyyəsinin isə 91,1 faizini əhatə edirdi. Lakin gildiya ticarət müəssisələri əsasən Bakı şəhərində, qismən də Yelizavetpolda, Nuxada, Şamaxıda və Şuşada açılmışdı. Şuşalı II gildiya tacirlərdən biri də Rza bəy Zöhrabbəyov idi.

Rza bəy Qarabağda, Şuşada tanınmış zöhrabbəyovlar soyuna bağlıdır. Bu soy öz başlanğıcını Zöhrab bəydən götürür. Zöhrab bəy təxminən 1757-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Yaxın qohumu Qalabəyovlara xidmət etmişdi. Qalabəyovların nümayəndələri həm Şuşa şəhərinin qalabəyi, həm də Otuziki mahalının naibləri idilər.

         Zöhrab bəyin törəmələri Zöhrabbəyov soyadını daşıyırlar.

         Zöhrab bəyin Niftalı (Lütfəli) bəy, Səfərəli bəy, Seyidəli bəy, Hüseynəli bəy adlı oğulları vardı.

Zöhrab bəyin üçüncü oğlu Seyidəli bəy 1793-cü ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai  təhsilini  molla  yanında  almışdı. Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.

         Məşədi Seyidəli bəyin Kərim bəy, Əkbər bəy, Nəcəf bəy, Qaraməmməd bəy, Cəfər bəy adlı oğulları vardı.

Məşədi Seyidəli bəy üçüncü oğlu Nəcəf bəy 1829-cu ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai  təhsilini  molla  yanında  almışdı. Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.

         Hacı Nəcəf bəyin Salah bəy, Rza bəy, Sadaq bəy, Həmid bəy adlı oğulları vardı.

         Hacı Nəcəf bəyin ikinci oğlu Rza bəy 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai  təhsilini  molla  yanında  almışdı. Sonra şəhər məktəbində oxumuşdu. Ticarətlə məşğul idi. II gildiya tacir idi.

         Rza bəy Zöhrabbəyov ticarət işlərini Rusiya imperiyasının Vladiqafqaz şəhərində aparırdı. Həmin şəhərdə zöhrabbəyov qardaşlarının yaşayış evləri, ticari kontorları vardı.

         Vladiqafqazın əsası qala kimi 1784-cü ildə Hərbi Gürcüstan yolunun tikintisi və Rusiya imperiyası ilə Gürcüstan arasında bağlanmış Georgiyevsk traktatının imzalanması ilə əlaqədar Dəryal dərəsində qoyulub. Rəsmi versiyaya əsasən qala Caucikau adlı osetin yaşayış məntəqəsinın yaxınlığında salınıb. Başqa məlumatlara görə bu yerdə Kapkay adlı osetin kəndi, digər məlumatlarda isə Zaur adlı inquş kəndi yerləşirmiş. 1860-cı ildən etibarən şəhər statusunu alıb. 1863-cü ildən 1920-ci ilə qədər Rusiya imperiyasının Terek vilayətinin mərkəzi olub. Şuşalılar Vladiqafqaza “Qafqay” deyirdilər.

         Rza bəy Zöhrabbəyov Vladiqafqazda erməni tacirləri S. Kirakazov və B. Ohanovla çəkişirdi. Bu bədəməl tacirlər türk əsilli tacirlərə qarşı qarayaxma kompaniyası aparırdılar.

         XIX-XX əsrin əvvəllərində  Azərbaycan  Rusiya imperiyasının tərkib hissəsi olduğundan  onun  iqtisadi həyatı bilavasitə Rusiya  ilə sıx bağlı idi. Digər qonşu ölkələrdə  sənaye  inkişaf  etmədiyindən  Azərbaycan  ehtiyac duyduğu sənaye və  fabrik məmulatlarını  əsasən  Rusiyadan əldə edirdi. Ermənilər ticarəti öz əllərində cəmləmək istəyirdilər. Vladiqafqazın yarısını əlinə keçirmiş Boqdan Ohanov türk-müsəlman tacirlərini gözümçıxdıya salmışdı. Günlərin birində Rza bəy Zöhrabbəyov əlində naqan Ohanovun kontoruna daxil oldu. O gündən Boqdan türk-müsəlman tacirlərə “ilişmədi”..

         Rza bəy Zöhrabbəyov 1912-ci ildə Vladiqafqaz şəhərində vəfat edib. Vladiqafqaz məhkəməsinin qərarına görə, qardaşları Sadıq bəy və Həmid bəy onun azyaşlı övladlarının hamisi təyin edilmişdi.

         Rza bəy Zöhrabbəyov Həcər xanım Ağamirova ilə ailə qurmuşdu. Nemət bəy, İsmayıl bəy, Sultan bəy, Yusif bəy, Bəybala bəy adlı oğlanları, Zöhrə xanım, Afərim xanım, Cənnət xanım adlı qızları vardı.

         Rza bəy Zöhrabbəyovla bağlı araşdırmalarımız davam edir..

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

11:37