Pakrəvan ailəsinin nəsibi - Ənvər Çingizoğlu yazır

Söhbət açacağımız Pakrəvan ailəsi Təbatəbai seyidlərinə bağlıdır. Təbrizin tanınmış ailələrindən olub, Azərbaycan xalqının tarixində önəmli rol oynayıblar. Bu ailəni təmsil edən şəxslər dövlətçilik, idarəçilik, hərb, mədəniyyət, elm tariximizə parlaq səhifələr yazıblar. Pakrəvanlar barəsində çağdaş tarixdə dəyərli tədqiqat əsərləri yazılmayıb. Bu əski soy-kökə bağlı layiqli insanlar haqqında bilmədiklərimiz xeylidir. Gəlin yaxından tanış olaq.

Ailənin başçısı Fətullah xan 1880-ci ildə Təbriz şəhərində anadan olub. Hacı Mirzə Kazım xan Müşiri-ləşkərin oğludur. Anası Qacarlar dövlətinin islahatpərəst siyasətçilərindən olmuş Əmir Kəbir Mirzə Tağı xan Fərahaninin qızıydı.

Fətulla xan mükəmməl mədrəsə təhsili alıb. Sonra Fransada Sen Sir hərbi akademiyasında oxuyub.


Fətullah xan Pakrəvan

Mirzə Fətullah xan 1902-ci ildə Qacarlar dövlətinin Xarici İşlər vəzarətində işə daxil olub. O, İzmir və İstanbul konsulluğunda general, digər ölkələrdə də mühüm diplomatik vəzifələr daşıyıb. O cümlədən 1908, 1911 və 1913-cü illərdə Misirdə siyasi nümayəndə kimi fəaliyyət göstərib.

Mirzə Fətullah xan İran Milli məclisinin II çağırışında millət vəkili seçilib.

Mirzə Fətullah xan Müşiri-hüzur ləqəbini alıb.

Mirzə Fətullah xan 1923-cü ildə Pakrəvan soyadını qəbul edib.

Mirzə Fətullah xan Pakrəvan 1933-cü ildə İranın SSRİ-də səfiri vəzifəsində xidmət edib. (Mikhail Volodarsky. "The Soviet Union and Its Southern Neighbours: Iran and Afghanistan 1917-1933". (1993).)

Mirzə Fətulla xan Pakrəvan SSRİ-də persona non qrata elan olunub. (Robert Michael Burrell, Robert L. Jarman. "Iran: 1946-1951". Archive Editions, (1997), p. 241.)

Mirzə Fətullah xan Pakrəvan 1951-ci ildə vəfat edib.

Mirzə Fətullah xan Pakrəvan Əminə xanımla ailə qurmuşdu. Həsən xan adlı oğlu vardı.

Həsən Mirzə Fətullah xan oğlu Pakrəvan 4 avqust, 1911-ci ildə Tehran şəhərində doğulub. Atasının xidməti ilə bağlı orta məktəbə Misirdə, Fransız litseyində («Lycée français») getməli olub. 1923-cü ildə Fətulla xanla Əminə xanım boşanıb.

Fransız dili və ədəbiyyatından dərs deyən Əminə xanım ana tərəfdən avstriya kökənli idi və hətta Avstriya-Macarıstan imperiyasını idarə edən Habsburqlar sülaləsi ilə qohumluq əlaqələrinə malik olub.

Əminə xanım oğlunu da götürüb, Belçikaya Lyej şəhərinə yollanıb. Həsən xan orta təhsilinə Lyejdə davam edib. Orta təhsilini bitirəndən sonra elə həmin şəhərdə də universitetə daxil olub. Universiteti tamamlayandan sonra ali hərbi təhsil almaq üçün Fransaya - Puatye şəhərinə gedib. Bir müddət burda oxuyandan sonra Fontenblo artilleriya məktəbinə («Ecole d’application d’artillerie») dəyişilib. Bu məktəbi

bitirəndən sonra Moskvaya, səfir işləyən atasının yanına yollanıb. Atası SSRİ-də persona non qrata elan olunandan sonra İrana gedib. Tehran hərbi akademiyasında dərs deməyə başlayıb.


Həsən xan Pakrəvan

Həsən Pakrəvan bir müddət II Departament üzrə şahın adyutantı olub. 1949-1951-ci illərdə Pakistanda, 1954-1957-ci illərdə Hindistanda hərbi ataşşe kimi xidmət edib.

Həsən Pakrəvan 1951-1953-cü illərdə hərbi kəşfiyyatın rəisi vəzifəsində çalışıb. 1957-1961-ci illərdə SAVAK direktorunun xarici əlaqələr üzrə müavini olub. Bu ildən sonra dünya siyasətində tanınmağa başlayıb.

1961-ci ilin iyununda SAVAK direktoru postuna general Həsən Pakrəvan gətirilib. Onun direktorluğu dönəmi İran tarixinin həddindən artıq mürəkkəb dövrünü əhatə edib. Məhəmmədza şah Pəhləvi 1963-cü ildə "Ağ inqilab" adını verdiyi köklü islahatlar siyasətinə başlayıb. Bu addım İranda siyasi vəziyyəti xeyli gərginləşdirib. Xüsusən ruhanilər “Ağ inqilab”ın bəzi müddəalarından, əsasən də qadınlara seçib-seçilmək hüququnun verilməsindən narazı idilər.

Müxalif ruhanilərin ən radikal nümayəndəsi Ruhulla Xomeyni iyunun 3-də, Aşura günü Qum şəhərində etdiyi çıxışında şahı Əməvi xəlifəsi Yezidlə müqayisə etdiyi üçün iyunun 5-ə keçən gecə həbs edilib. Tərəfdarları buna "15 xordad üsyanı" (xordad İranda tətbiq olunan hicri-şəmsi təqvimində aydır, 22 may - 21 iyun günlərini əhatə edir) dını alan etirazlarla cavab veriblər. Hökumət Tehran və Şirazda hərbi vəziyyət elan edib, açılan atəş nəticəsində hökumət mənbələrinə görə 86, əleyhdarlarına görə isə 400-ə qədər insan həyatını itirib.

Xomeyni haqqında açılan cinayət işinin maddələri hətta edama qədər cəza nəzərdə tuturdu. Həsən Pakrəvan bunu yolverilməz sayıb, belə bir addımın İranda böyük etirazlara səbəb olacağına inanıb. O, nüfuzlu ayətullah Şəriətmədari ilə əlaqə saxlayaraq vəziyyətdən çıxış yollarını arayır. Nəticədə, avqustun 5-də üç böyük ayətullah - Şəriətmədari, Milani və Gülpeyqani fitva verərək Xomeynini mərceyi-təqlid kimi tanıdıqlarını bildiriblər. İran Konstitusiyasına görə isə mərceyi-təqlid hüquqi immunitetə malik idi, onu nəinki edam, heç həbs və mühakimə etmək olmazdı.

Belə olduqda, hakimiyyət bir neçə gündən sonra Xomeyninin həbsini ev dustaqlığı ilə əvəz edib. 1964-cü ilin aprelində isə onu tam azad edərək Qum şəhərinə qayıtmasına icazə veriblər. Lakin tənqidi çıxışlarına ara vermədiyini gördükdə oktyabr ayında ölkədən sürgün ediblər. Bir müddət Türkiyənin Bursa şəhərində yaşayan Xomeyni daha sonra İraqın Nəcəf şəhərində məskunlaşıb.

1965-ci ilin yanvarında İranın Baş naziri Həsənəli Mənsur parlament önündə avtomobilindən enərkən "İslam fədailəri" təşkilatının 17 yaşlı üzvü tərəfindən güllələnib və bir neçə gün sonra vəfat edib. Bu hadisə Həsən Pakrəvanın SAVAK karyerasına son qoyub. O, yeni yaradılan İnformasiya və Turizm Nazirliyinin rəhbəri təyin edilib.

Nazir vəzifəsini bir il tutandan sonra general əvvəlcə Pakistanda (1966-1969), sonra isə Fransada (1969-1973) səfir vəzifələrində çalışıb. Səlahiyyət müddəti başa çatdıqda təqaüdə çıxaraq ailəsilə birlikdə Parisdə yaşamaq istəyib. Amma şahın dəvətini rədd edə bilməyərək İrana qayıdıraraq Ədliyyə Nazirliyində baş məsləhətçi işləyib, korrusiya ilə mübarizəyə başçılıq edib, 1977-ci ildə istefaya gedib.

İslam inqilabı zamanı Həsən Pakrəvan bir çox yüksək ranqlı məmurlardan fərqli olaraq ölkəni tərk etməyib. O, bəlkə də 16 il öncə Xomeyniyə etdiyi yaxşılığa arxayın olub. Ancaq ümidləri doğrulmayıb və inqilabın qələbəsindən bir neçə gün sonra, yeni hökumətin bir sıra nümayəndələrinin, o cümlədən Baş nazir Mehdi Bazərganın etirazlarına baxmayaraq həbs edilib.

Deyilənlərə görə, Ayətullah Xomeyni Pakrəvanın onu xilas etməsini xatırladanlara "biz onun səhvini təkrar etməməliyik",- cavabını verib. İran inqilab tribunalının rəhbəri, özünün çoxsaylı edam cəzaları ilə məşhur olan Ayətullah Sadeq Xalxalinin çıxardığı hökmə əsasən Həsən Pakrəvan 1979-cu il aprelin 11-də güllələnib.

Həsən xan Pakrəvan Fatimə xanımla ailəli olub. Səidə xanım adlı qızı var.

 

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf

 

Xudaferin.eu

 

18:30