Kərbəlayı Həsən bəy Şirinbəyov: zadəganlıqdan zindana qədər

Kərbəlayı Həsən bəy Şirinbəyov

Kərbəlayı Həsən bəy Şuşada məşhur olan şirinbəylilər soyundandır. Bu soy Qarabağın ellərinin aparıcı və nəcib qolu olan cavanşirlərdəndir. Şirinbəylilər Azərbaycan mədəniyyətinə bir sıra görkəmli şəxsiyyətlər bəxş etmişdir. Onlar həm də xalqımızın xeyriyyəçilik ənənələrini yaşatmışlar.

Şirinbəylilər soyunun ulu babası Əlinağı bəy Şuşa şəhərində ömür sürmüşdü. Onun fəaliyyəti haqqında geniş məlumat yoxdur. Tarixi-genaoloji dəlillərə əsaslanan bir ehtimala görə, Əlinağı bəy xan ailəsi ilə qohumdur.  

         Əlinağı bəy Mehri xanımla ailə qurmuşdu. Şirin bəy adlı oğlu vardı.

         Şirin bəy Əlinağı bəy oğlu 1794-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.

         Şirin bəyin törəmələri Şirinbəyov soyadını daşıyırdılar.

         Şirin bəy Kərbəlayı Tükəzban xanımla ailə qurmuşdu. Hüseyn bəy, Həsən bəy, Tağı bəy, Zeynal bəy, Məhəmməd bəy adlı oğulları vardı.

Şirin bəyin ikinci oğlu Həsən bəy 1831-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi. Onun şəhərdə xeyli dükanları vardı. İdxal ticarətindən xeyli gəlir əldə edirdi. İdxal ticarətindən gələn gəlirin əsas hissəsi uşaqların təhsilinə xərclənirdi. Zaqafqaziya Müəllimlər seminariyasında, Şuşa Real məktəbində oxuyan kasıb övladlarının xərcini o, ödəyirdi.

         Kərbəlayı Həsən bəy Çuxurməhlə məhəlləsinin məscidini bərpa etdirmiş və həmçinin Bərdədəki “İmamzadə” ziyarətgahının yollarına daş döşətdirmişdi.

         Kərbəlayı Həsən bəy 3 aprel 1881-ci ildə Həsən Haqverdi oğlundan 80 manat nağd pula mülk almışdı.

Kərbəlayı Həsən bəy özünü tanıyandan qoçuluğa qurşanmışdı. Qarabağda qoçaqlıqda ad çıxarmışdı. Erməni, rus məmurları onu görəndə zağ-zağ əsirdilər.

Kərbəlayı Həsən bəy və qardaşı Tağı bəy həmyerlisi Əhməd Qasım oğlunu işlədiyi suça görə yaralamışdılar.

Şuşa şəhər sakinləri Kərbəlayı Məhəmmədəli Ağakişi oğlu və əmisi oğlu Süleyman Dadaş oğlu Həşim Hacı Əli oglu (1840-1881) ilə dartışırdılar. Süleyman girəvəyə salıb, Həşimi öldürdü. Şəhərə səs düşdü. Həşim Kərbəlayı Həsən bəyin qaynatasıydı. Camaat orda-burda danışırdı ki, şirinbəylilər onların nəslini kəsəcək. Kərbəlayı Məmmədəli qaçıb, polis idarəsində gizləndi. Süleymanı isə tutub, Sibirə göndərdilər.

Arxiv sənədlərindən aydın olur ki, Kərbəlayı Həsən bəy Şirinbəyov 1886-cı ildə Bakıda həbsxanada yatırdı. O, heç vaxt kasıblara, kimsəsizlərə əl qaldırmazdı. Zülmkarlara, harınlara, hampalara qarşı dözümsüz idi.

Qaçaq Nəbi qardaşı Kərbəlayı Məhəmməd bəylə bərabər dəfələrlə onun evində olmuşdu. Onlar şəhərə gələndə xəbər yollayırdılar. Kərbəlayı Həsən bəy polis və ədliyyə pristavlarını, uryadnikləri və digər məmurları Şuşadan çıxarırdı.   

O öz dəstəsi ilə ermənilərə qarşı silahlı mübarizə aparırdı. Rusiyaya silah gətirməsi üçün adam göndərmişdi.

Qarabağda kimsəsizlərə, evsiz-eşiksizlərə, kasıblara, qoca və xəstələrə arxa durmaq, təhsil almağa imkanı olmayan uşaqlara əl tutub, onların oxumasına yardım etmək kimi humanist ideyalara qulluq edən Kərbəlayı Həsən bəy Şirinbəyov az tanınan xeyriyyəçilərdəndir.

Tarixi sənədlərdən də göründüyü kimi, camaatın sevimli qəhrəmanı olan qaçaqlar hər yerdə xalqın lojistik dəstəyini alır, hətta tutulduqda həbsxanadan qaçır və ya qaçırılırdılar. Bir sözlə, xalq hər yerdə onlara kömək edirdi. Kərbəlayı Həsən bəy Şirinbəyov dəfələrlə rus zindanlarından qaçsa da, Bakı həbsxanası ona məzar oldu.

Hüseyn Baykara ana babası Kərbəlayı Həsən bəyin vəfatı ilə bağlı yazır: “Şirin bəyin Həsən adlı bir oğlu ruslara qarşı Qarabağda aparılan mübarizədə tutulmuş, ömrünü Bakıda, Şamaxinka adlanan rus həbsxanasında başa vurmuşdur”.

Kərbəlayı Həsən bəyin törəmələrinin bəziləri həsənov soyadını daşıyırlar.

Kərbəlayı Həsən bəy Həşim Hacı Əli oglunun qızı Dürdanə xanım ilə ailə qurmuşdu. Ağalar bəy, Yusif bəy, Xanlar bəy, Bəylər bəy, Cəmil bəy, Şəmil bəy adlı oğulları, Mina xanım, Təzəxanım xanım, Səmayə xanım  adlı qızları vardı.

 

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf

 

22:32