Qatardan kənarda qalan stansiyamız..

Xələfli stansiyasının cənubdan görünüşü. Foto müəllifindir.

Bu yaxınlarda Horadiz-Ağbənd marşurutunda yerləşən stansiyaların bərpası haqqında bilgi verildi. Xələfli stansiyası bu marşurutda yoxdur. Qəlbimdən bir gizilti keçdi. Mən burda, Stansiya Xələfli qəsəbəsində doğulub böyümüşəm. Uşaqlıq xatirələrim burayla bağlıdır.

            Xələfli stansiyası Cəbrayıl bölgəsində Diridağın qoynunda yerləşirdi. Əhalisi iki camaatdan – xələflilərdən və xudayarlılardan ibarət idi.

            Sovet quruluşu bu qəsəbəyə o qədər də nüfuz etməmişdi. Kolxoz və sovxoz qurumlarının yolunu kəsmişdilər. Sakinlərin əksəriyyəti Zaqafqaziya Dəmiryolunda çalışır və özəl təsərrüfatla məşğul olurdu. Bu kiçik qəsəbənin mal-davarları rayon əhalisinin şəxsi heyvandarığını üstələyirdi.    

Bu qəsəbə əhalisinin özünəməxsus səciyyəvi xüsusiyyətləri, adət-ənənələri və xas məişəti vardı. Axır çərşənbə novruzdan daha təmtəraqlı keçirilirdi. Sovet hökumətinin bütün Azərbaycanda ciddi qadağalarına baxmayaraq bu qəsəbədə məhərrəmlik təziyyəsinə riayət olunurdu. Aşura günü bir qayda olaraq qəsəbədə yas günü kimi qəbul edirlər və "Matəm günü" adlanır. Qəsəbənin üstündə, köhnə qəbrstanlığın yanında qurulan matəm ağacının ətrafında əzadarlıq keçirilir. Aşura günündə “Ağköynək” ayini icra olunur, şəbihgərdanlıq edilir, “Qasım otağı” bəzənirdi. Aşurada iştirakçılara şərbət və hədik paylanırdı.

Özümüzə xas ləhcəmiz vardı. Bu ləhcə bir az Təbrizlə, Ərzirumla, Kərküklə səsləşərdi. Anaya “nənə”, nənəyə “qoca” deyərdik. Xələfli stansiyasında plova “aş”, südlüaşa “şilə” deyilərdi. Acıb-atışdıranda yaxmac yox, dürmək yeyirdik.

Dördcəhətli andımız vardı. Qərbə dönüb: “Mazannənə haqqı!”, şimala dönüb: “Qurbannı haqqı!”, şərqə dönüb: “Mərmər haqqı!”, cənuba dönüb: “Üşqardaş haqqı” deyərdik. Bu sınanmış andları sındırmazdııq. Allaha asi olardıq, küfr düşərdik, bu andlara əsla. Orasını da qeyd edim ki, bizim şimal andımız: “Qurbannı haqqı!” Aşıq Dirili Qurbani ilə bağlıdı. Azərbaycanın heç bir yerində ozan-aşıq andı yoxdur. Bizimsə, müqəddəsimiz idi.   

Qəsəbədə 100 yaşdan tez ölən “cavan ölmüş” hesab olunurdu. Mərhuma bütün şenlik yas tuturdu. Dəfn olunan gün ehsan verildiyindən, bütün qəsəbə əhli çörəyi evdən gətirir, yolda bir süfrədə qatırdılar. Küsülü olanlar da çörəyin hansı evdən gldiyini bilməyərək yeyirdilər.  40 gün heç bir evdə radio açılmırdı. Televizor təzə ayaq açmışdı.

İndinin indisində mərhumun ardınca gedən yoxdur. Qəsəbənin kişi əhli ölünü yerə qoymadan üzü dağa, “Mazannənə” qəbrstanlığına bir neçə kilometr çiyinlərində aparırdılar.

Toy üç gün keçirilərdi. Adətən, cümə, şənbə, bazar günləri olardı. Cümə günü hər kəs evində yeyib, toya gələrdi. Şənbə, bazar günləri toy yiyəsi gildə məclis olarda. Toyda şabaş pulla olardı. Toybaşına xırda pul verib, bəy-gəlinə “Mübarəkbadlıq” edib, havadar olurdular. Rəqs, oynamaq növbə ilə idi.

Novruzu və “1 mayı” “Mazannənə”də keçirirdilər. Rayonun hər yerindən qonaqlar gəlirdilər. Şən məclis, müğənni, aşıq, kəndribaz..

Analarımız qonşu xalalarımızla dalaşanda bayatı ilə, bədyə ilə, beytlə savaşardılar. Təbii ki, kökləri Azərbaycan aşıq şeirinin dədəsi Qurbani ilə başlayan qəsəbə əhli aşıq olmalıydı. Üç sinif bitirmiş anam hər hansı akademikdən çox bilirdi. Bütün dastanları əzbər bilirdi.

Müəllimlərimiz titullu alim (Sahib Əhmədov və digərləri), şair (Əlirza Xələfli və başqaları), folklor biliciləri idilər.       

            Bu qəsəbə sovet dönəmində dəmiryolçu şenliyi olduğundan saat Moskva vaxtı ilə işləyirdi. Futbol klubu “Lokomotiv” adlanırdı.

            Yalnız kənd məktəbi rayon tabeliyində idi. Mağazası Dəmiryol ticarət idarəsinin balansındaydı. Sonralar rayon ticarətinə aid bir mağaza da açıldı.

            Qəsəbədə klub olmadığından kino vaqon-klubda nümayiş olunurdu. Vaqon-klub gecikəndə qəsəbəyə bitişik sərhədçilər zastavasında kinoya baxırdı. Hər bir məktəbli “Sərhədçilərin gənc dostu” dərnəyinin üzvü olduğundan zastavaya buraxılışı vardı. Uşaqlar arasında rusca bilməyən yox idi.   

            Xələfli stansiyası Araz çayının yaxasında yerləşirdi. Bağ-bostanı suvarmaq üçün su Arazdan götürülürdü. Hər kəsin qapısında su kranı vardı. İçməli suyu bulaqdan gətirirdilər.  

            Diridağın otu-əncəri, göyü-pencəri dillə deyiləsi deyil. Orda bişirilən dovğanı, kətəni dünyanın heç yerində tapa bilməzsən. Dağdakı meri-meyvəni yığmaqla bitməzdi. Yemliyi kökü ilə yeyirdik.

            Biz stansiya uşağı olduğumuzdan sürətli qatarlara minməyi və düşməyi bacarırdıq. Müxtəlif stolüstü və əyləncəli oyunları oynardıq və qonşu kənd uşaqları bu sahədə bizə dov gələ bilməzdilər.

            Təbiətin hər üzünü, sərtliyini də görmüşdük. Yarımmetrlik qarı, yumurta boyda dolunu, ilikisladan yağışı, qızmar günəşi də görmüşdük. Uşaqlıqdan əməyə alışmışdıq və sərt böyümüşdük. Hana da toxuyurduq, at da minirdik. Canavar görəndə qaçmırdıq, ilan görəndə qorxmurduq. Yıxılanda ağlamırdıq.

            İnəklər dağlardakı örüşdə otlayıb, dağlarda qalardılar. Qəsəbəyə yalnız sağmallar qayıdardı. Keçilər qaya-qaya gəzib, yarpaq əvdirib, axşama dönərdilər. Quzunu özümüz otarır, qoyunu “nobat”a qatardıq.

            Sac kababı yedik, tuluq ayranı içdik.   

            Mənim uşaqlığım belə bir stansiyada öz qatarını gözləyib..

            Xələfli stansiyası. Ta ordan qatarlar şərqdən qərbə, qərbdən şərqə getməyəcək. Ta Araz o uşaqları layasıyla yatırmayacaq..  

            “Xudafərin” və “Qızqalası” hidroqovşaqları ilə bağlı Xələfli stansiyası Horadiz-Ağbənd marşrutundan kənarda qaldı..   

 

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf

16:55