İskəndər bəy Məğrubov: Xilaskar

İskəndər bəy Məğrubov kökcə Məğrublu soyuna bağlıdır. Bu soyun nümayəndələri Dizaq mahalının (sonra bu kənd Zəngəzur qəzasına aid edildi) Müsəlmanlar kəndinə bağlıdır. Soyun ulu babası Məğrub qeyrətli, qayğıkeş, qədirli bir şəxs olub.

Məğrublu soyunun nümayəndələri hamısı Kəıbirli mahalına köçmüş, Mehdiqulu xandan yurd almışdılar. comalaqları Məğrublu obası, basalaqları Məğrublu tayfası adlanmışdı.

Biz  Məğrublu tayfasının bir ünlü nümayəndəsindən söhbət açacağıq.

Məğrubun ikinci oğlu Abbasəli 1789-cu ildə Məğrublu obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.

Abbasəlinin beşinci oğlu İskəndər 1845-ci ildə Şuşa qəzasının Kəbirli sahəsinin Məğrublu obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Sonra Şuşa Qəza məktəbində rus dilini öyrənmişdi. Şuşa qəza idarəsində II dərəcəli dəftərxana xidmətçisi kimi işə başlamışdı. 1868-ci ildə qəzada tərcüməçi kimi xidmət etmişdi. Sonra polis, ədliyyə pristavı kimi çalışmışdı. Dövlətdən bəy ünvanı almışdı.

1905-1906-cı illərdə Rusiyada baş verən iğtişaşlardan fürsət kimi istifadə edən ermənilər əvvəlcə Bakıda, sonra İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmişlər. Çar ordusunda tam hazırlıq keçmiş, silahlı ermənilər tez bir zamanda birləşərək müsəlmanları soyqırıma məruz qoymuşdular. Türk əhalisindən təşəbbüsü yalnız bəylər, qaçaqlar və bəzi eldarlar ələ aldılar.

İskəndər bəy Məğrubov qaynı Abış bəy Novruzovla birləşərək Şuşa əhalisini tam qətl-qarətdən xilas etdi.

Erməni müəllifi Zavaryan “Qarabağın iqtisadi şəraiti və 1905-1906-cı illər aclığı”əsərində Qarabağ və Zəngəzurda müsəlmanların ermənilərə nisbətən böyük torpaq mülkiyyətçiləri olduqlarını qeyd edir.

S. Zavaryanın verdiyi məlumata görə həmin dövrdə Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5, Zəngəzur qəzasında 43 (cəmisi 75 kənd) müsəlman kəndi dağıdılmışdır. O, bu əsərində 1905- 1906-cı illər qırğınlarının Qarabağ və Zəngəzurda törətdiyi fəsadları sosial-iqtisadi parametrlər baxımından təhlil edir. O, bu əsərin yazılmasında başqa bir erməni müəllifi A-donun əlyazmalarından istifadə etdiyini qeyd edir.

S.Zavaryan da qırğınların qarşısının alınmasında çar Rusiyasının hakim dairələrinin cinayətkar etinasızlığını vurğulayır və təxribatçı hərəkətlərə baş vurduğunu qeyd edir.

İskəndər bəy Məğrubov 1905-1907-ci il hadisələrindən sonra ermənilərdən çəkmədiyi qalmadı. Tiflisə, Sankt-Peterburqa yazılan donosların sayı yox idi...

İskəndər bəy Məğrubov Səkinə xanım Bəylər bəy qızı Novruzova ilə ailə qurmuşdu. Yusif bəy, Bahadur bəy adlı oğlanları, Sitarə xanım adlı qızı vardı.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

13:47