Midhət Quliyev: qısa ömrün parlaq səhifəsi..

Midhət Quliyev

 

9 may faşizm üzərində qələbə digər bir çox xalqlar kimi Azərbaycan xalqının da qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edilmişdir. Qələbədə payı olanlardan biri də şuşalı həkim Midhət Quliyevdir.

Midhət Qarabağda, Şuşada məşhur olan quliyevlər soyuna bağlıdır.

Bu soyun ulu babası Nəsibdir. Nəsib Şuşa şəhərində anadan olmuşdu. XVIII əsrin ikinci yarısında, XIX əsrin önlərində yaşamışdı.

Nəsib Sultanağa ilə ailə qurmuşdu. Bayramqulu, Lətif adlı oğlanları vardı.

Bayramqulu Nəsib oğlu 1799-cu ildə Şuşa şəhərində doğulmuşdu. Məhəllə mollaxanasında oxumuşdu.  Mirzə Əbdülkərim bəy Mirzə Haqverdi bəy oğlu Kəbirlinin rəiyyəti idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.

Məşədi  Bayramqulu papaqçılıqla məşğul idi.

Məşədi  Bayramqulunun törəmələri Quliyev soyadını daşıyırdılar.

Məşədi  Bayramqulu Zeynəblə ailə qurmuşdu. Əhməd, Mahmud, Bədəl, Cabbar, Muxtar, Əli, Salman adlı oğlanları, Xanım adlı qızı vardı.

Məşədi  Bayramqulunun üçüncü oğlu Bədəl 1845-ci ildə Şuşa şəhərində anadan olmuşdu. mollaxanasında oxumuşdu. papaqçılıqla məşğul idi.

Bədəl Müqəddəs-məkkəyi mükərrəmi ziyarət etmişdi.

Hacı Bədəl Məkkə ziyarətində vəfat edib.

Hacı Bədəlin Əsəd, Teymur, Adil, Yusif, Murtuza adlı oğlanları vardı.

Əsəd Hacı Bədəl oğlu Quliyev 1870-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini məhəllə mollaxanasında almışdı. Sonra rus-tatar məktəbində oxumuşdu. Ticarətlə məşğul olmuşdu. II gildiya tacir idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.

 Məşədi Əsəd Quliyev Xavər Hüseyn qızı Əliyeva (1896-1978) ilə ailə qurmuşdu. Hacı, Əsgər, Midhət adlı oğlanları, Zərifə, Müzəyyəm və Diləfruz adlı qızları vardı.

 Məşədi Əsədin üçüncü oğlu Midhət 1921-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Bakı şəhəri 132 saylı orta məktəbi bitirəndən sonra Azərbaycan Tibb İnstitutuna daxil olmuşdu. 1942-ci ildə həmin institutu qırmızı diplomla bitirmişdi. Elə həmin il hərbi həkim qismində cəbhəyə Böyük Vətən müharıbəsinə göndərilmişdi. Bir həkim kimi yaralıları və xəstələri ağır bir şəraitdə müalicə etmişdi. Yaralıları yenidən ordu sıralarına qayıtmasına çalışmışdı. O, Ukrayna uğrunda döyüşlərdə, eləcə də Pribaltika, Şərqi Avropanın azad edilməsində, Berlinin alınmasında iştirak etmişdi.  

Midhət Quliyev göstərdiyi sücayətə, xidmətə görə müxtəlif orden və medallarla təltif edilmişdi.

Midhət Quliyev hərbi xidməti  mayor rütbəsində 1957-ci ildə bitirmiş və Sovet Ordusundan tərxis olunmuşdu.  Elə həmin il aspiranturaya daxil olmuş və 1961-ci ildə oranı bitirərək “Azərbaycanda Botkin xəstəliyi” mövzusunda elmi iş hazırlamış və uğurla müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəyə nail olmuşdu.

Midhət Quliyev elmi-pedaqoji fəaliyətini praktiki həkim qismində Bakının müxtəlif xəstəxanalarında və pedaqoq kimi Həkimlərin təkmilləşdirilməsi İnstitutunda aparmışdır. Elmi-pedaqoji fəaliyyətinin davamı olaraq, doktoranturaya qəbul olunmuş və onun üçün yeni olan kardiologiya sahəsində elmi axtarışlara başlamışdı. Elmi fəaliyətinin nəticəsi olaraq işlədiyi İnstututun elmi şurasında ona ateroskleroz xəstəliyinin Azərbaycanda yayılmasının tədqiqi tapşırılmışdı. Bu mövzuda bir sira elmi məqalələri nəşr edilmişdir.

Midhət Quliyev təkcə görkəmli pedaqoq kimi şöhrət tapmamışdı. Eyni zamanda o, fundamental elmi araşdırmaların müəllifi olan, tibb elminə nəhəng töhfələr vermiş, böyük erudisiyaya malik görkəmli alim kimi də geniş tanınırdı. Onun tədqiqatları geniş miqyası ilə seçilirdi. Tədqiqatlar  Sovetlər ölkəsində və xaricdə tanınmış akademik Pançenko, A. L. Myasnikov (1899-1965) kimi alimlərin rəhbərliyi ilə aparılırdı.

Səhiyyə və tibb təhsilinin təşkilatçısı kimi püxtələşmiş bir insanın həyatda istəyi vicdanlı həkimlər yetişdirmək olub. Onun birbaşa rəhbərliyi altında gənc elmi işçilərin və həkim-kardioloqların böyük bir nəsli yetişmiş, o, özündən sonra dəyərli məktəb qoymuşdu.

Midhət Quliyevin fəaliyyətində xüsusi  yer tutan əməllərdən biri də  həkim kadrların professional səviyyəsinin artırılmasına yönəlmişdir. Azərbaycanda ali tibb təhsilinin, ixtisasartırma və kadrların yenidən hazırlanması sisteminin, səhiyyə müəssisələri şəbəkəsinin əsasını qoyanlardan biri kimi Midhət Quliyev tələbələri arasında xatırlanır. Onun həyatını və fəaliyyətini əks etdirən tarixi sənədləri izlədikdə bu böyük insanın dərin təfəkkürünə, işgüzarlığına, ağır sınaqlardan mətanətlə çıxmasına, dəyanətinə heyran qalırsan.

Midhət Quliyev 1970-cu ildə Bakı şəhərində vəfat edib. Bu qısa ömür yolu parlaq səhifələrlə zəngindir. O, yaşadığı ömrə təkcə yaxşı həkim olmağı sığdırmamışdır. O heç kəsin dərdinə biganə qalmayan qayğıkeş İnsan, vəfalı ömür-gün yoldaşı, mehriban ata idi.

Midhət Quliyev 1950-ci ildə Sona Hacı Murtuza qızı Quliyeva ilə ailə qurmuşdu. Rasim, Samir adlı oğlanları, Sevda adlı qızı var.

 

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf

 

22:19