Hacı Muxtar Sadıqov: Difainin dayağı..

1905-1907-ci illər. Difai partiyasının yaranması və fəaliyyəti. Sovet imperiyasının siyasətinə uyğun olaraq bu dövr tariximizin üstünə qalın qara pərdə çəkilmişdi. Təbliğat maşını öz yalanları ilə həmin pərdənin altındakı Azərbaycan tarixi xalqdan gizlədilir, ya da başqa səmtə yönəldilirdi. Erməni amilinə toxunulmur, yalnız çar üsul-idarəsi pislənilirdi. Ancaq imperiyanın bütün cəhdləri, dövlət səviyyəsində proqramlaşdırıb intensiv şəkildə həyata keçirtdiyi manqurtlaşdırma siyasəti baş tutmadı. Ulu və şöhrətli tarixə, sağlam genetik fonda malik Azərbaycan xalqının milli-tarixi yaddaşını, genetik əlaqə və bağlannı qurutmaq, məhv etmək mümkün olmadı. Biz tariximizi öyrəndik və yaşatdıq. Öyrəndik ki, qədim və zəngin milli-mədəni irs və tarixə malik Azərbaycan xalqı tarixin bir çox mərhələlərində ciddi siyasi və milli-mənəvi zərbələrə, aşınmalara məruz qalsa da, öz mənliyini, milli simasinı qoruyub saxlaya bilib. Yaşatdıq ki, yaddan çıxmasın. Yaddan çıxmaz tarixi şəxsiyyətlərdən biri də Difai partiyasının Qaryagin qəzası üzrə fallarından biri Hacı Muxtar Sadıqovdur.

         Hacı Muxtar Şuşada, Qarabağda məşhur olan sadıqovlar soyundandır. Bu soyun ulu babası Əliməhəmməddir. O, XVIII yüzilin sonlarında Şuşa şəhərində yaşamışdı. Ticarətlə məşğul idi.

         Əliməhəmmədin Ağaməmməd adlı oğlu vardı.

         Ağaməmməd Əliməhəmməd oğlu 1787-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Əhməd xan Sarıcalı-Cavanşirin rəiyyəti sırasına daxil idi. Əvvəlcə müqəddəs Kərbəla torpağını, iki il sonra Məkkəyi-müəzzəmi ziyarət etmişdi.

         Hacı Ağaməmməd 1856-cı ildə vəfat edib.

         Hacı Ağaməmməd Səadətlə ailə qurmuşdu. Əkbər, Cəfər və Sadıq adlı oğlanları vardı.

         Hacı Ağaməmmədin üçüncü oğlu Sadıq 1817-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi. O, müqəddəs Məkkəyi-müəzzəmi ziyarət etmişdi.

         Hacı Sadığın törəmələri Sadıqov soyadını daşıyırlar.

         Hacı Sadıq Qızxanımla ailə qurmuşdu. Muxtar, Məmməd, Əli, Abdulla, Abutalıb adlı oğlanları vardı.

Muxtar Hacı Sadıq oğlu 1847-ci ildə Yelizavetpol quberniyasının Şuşa şəhərində doğulmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi. O, müqəddəs Məkkəyi-müəzzəmi ziyarət etmişdi.

         Hacı Muxtar Qarabulaq qəsəbəsinə (İndiki Füzuli şəhərinə) köçmüşdü. Onun “Malaqan bazarı”nda xeyli dükanları vardı.

         XIX əsrin 30-cu illərinin əvvəllərində çar hökumətinin köçürmə siyasəti nəticəsində mərkəzi quberniyalardan köçüb gələn malakanlar Zəngəzur qəzasının Bazarçay kəndində yerləşdilər; lakin, çəyirtkə onların məhsullarını tələf etdiyi üçün sonralar kütləvi olaraq Çəbrayıl qəzasının Qarabulaq kəndinin ərazisində məskunlaşdılar. Bundan sonra yaşayış məntəqəsi ətraf türklər tərəfindən “Malaqan” adlandırıldı.

         Qarabulaqda həm daxili, həm də xarici ticarət güclü inkişaf etmişdi. Qəsəbənin əlverişli mövqedə yerləşməsi ticarətin inkişafına lazımi şəraət yaratmışdı. Şuşanın varlı tacirləri Qarabulaqda dükan alır, sonra ev tikdirərək buraya köçürdülər. Hacı Muxtar Sadıqov ailəlikcə Qarabulaq qəsəbəsinə köçmüşdü. Boyaqçılar məhəlləsində imarət tikdirmişdi.

         XIX əsrin sonlarından etibarən Qarabağda “Hnçak” və “Daşnaksutyun” partiyalarının özəkləri fəaliyyətə başlamışdı. Arxiv sənədləri göstərir ki, erməni təşkilatları Qarabağın erməni əhalisi arasında milli zəmində qarşıdurma yaratmaq istiqamətində təbliğat işini gücləndirmişdilər. Bu məqsədə xidmət etmək üçün orada “Hnçak” və “Daşnaksutyun” partiyalarının şöbələrini yaratmış, əhalini silahlandırmışdılar.

         Erməni millətçiləri çar hakimiyyət orqanlarının onlara qarşı himayəçilik siyasətindən məharətlə istifadə edərək yerli türk-müsəlmanları getdikcə sıxışdırmağa başlayırlar. Onların bu hərəkəti 1905-ci ildən başlayaraq artıq sistemli şəkil alır və planlı surətdə həyata keçirilməyə başlayır. Ermənilərin türk əhaliyə qarşı münasibətləri daimi qeyri-səmimi olsa da, onlar bu hisslərini gizlədərək açıq biruzə vermir, çar hakimiyyət orqanlarında işə girərək altdan-altdan türk-müsəlmanlara qarşı öz düşmənçilik siyasətlərini yeridirdilər. Ermənilərin bu bölgədə azərbaycanlılara qarşı ilk açıq düşmənçilik siyasətlərini başqa yerlərdə olduğu kimi 1905-1907-ci illər erməni-azərbaycanlı münaqişəsi zamanı göstərdilər.

         1905-ci il fevralın 6-da Bakıda başlamış qanlı qarşıdurmalar qısa müddətdə  Azərbaycanın başqa qəzalarına, o cümlədən  Cavanşır, Şuşa,  Zəngəzur, Qaryagin  və  digər  bölgələrə  də yayılmışdır. 1905-ci ildə erməni-müsəlman ziddiyyətlərinin kəskinləşməsi milli siyasi partiyanın  yaradılmasını  zərurətə  çevirdi. İrticaçı  partiya   olan "Daşnaksütyun”-a və onun  silahlı  qüvvələrinə  qarşı  siyasi  partiyanın  və  döyüş  drujinalarının  yaradılması həyati  zərurətdən irəli gəldi.

1906-cı ilin avqustunda Şuşada Əhməd bəy Ağayevin başçılığı altında "Difai” partiyası yaradıldı. Mərkəzi Komitəsi Bakıda yerləşən partiya əsasən Qarabağda fəaliyyət göstərirdi. Partiyanın yaranmasının əsas səbəbi erməni daşnakların azərbaycanlılara qarşı törətdiyi qırğınların qarşısını almaq idi.

Hacı Muxtar Sadıqov Difai partiyasının üzvü idi. Əvvəlcə malakan əhalisi arasında təbliğat aparmışdı ki, heç kim erməni fitnəsinə uyub, qonşuluğumuza zərər vurmasın. Erməni millətçilərinə yardım edən, erməni kimi qəbul ediləcək. Silahlanmış malakanlar bu xəbərdarlıqdan sonra yerlərində fas-farağat oturmuşdular.

Həm Qarabulaq qəsəbəsində, həm də Qaryagin qəzasının kəndlərində yaşayan türk-müsəlmanlar görürdülər ki, ermənilər onlara qarşı sürətlə silahlanırlar. Müsəlmanlar bütün qüvvələrini sərf edirdilər ki, ermənilərlə dil tapsınlar və yaxınlaşmaqda olan qırğının qarşısını alsınlar. Altdan-altdan sürətlə silahlanan ermənilər üzdə özlərini belə göstərirdilər ki, guya müsəlmanlara qarşı heç bir düşmənçilik hissləri bəsləmirlər.   

         1905-ci ilin iyun ayının 14-də erməni millətçiləri Qaryagin qəzasının kənd və obalarına hərtərəfli hücuma keçdilər. Divanalılar, Veysəlli, Qacar və digər kəndləri atəşə tutdular. Hacı Muxtar Sadıqov öz vəsaiti ilə aldığı silahları bir çox fəallara paylamışdı. Bu fəallar kənd və obaların müdafiəsini təşkil etdilər. Məmməd Səid Ordubadi yazır: “Müsəlman əsgərinin baş komandanları bu Xırmancıq müharibəsində düşmənin qüvvəsindən lazımınca xəbərdar olduğundan əsgərlərinə səbat və mətinlik üçün bir çox nitqlər oxuyub hər cür təşviqatda bulunurdular. Əsgərlərin isə bədənlərindəki qeyrət qanı cuşa gəlib şöhrətli qəhrəmanların əsgər övladları olduqlarını komandanlarına bildirirdilər. Bu vaxt müsəlmanların mühafizə dəstələri vasitəsi ilə ermənilərin sübhə bir saat qalmış Xırmancıqdan hərəkət etmələri böyük komandana yetişir. Bu halda müsəlman baş komandanı firqə komandanlarına lazımi göstərişlərini verib kəndin ətrafındakı səngərlərdə münasib mövqe tutmaq üçün göndərilirlər. Onlara hər dəqiqə erməni əsgərlərinin hansı mövqeyə yetişməsi xəbəri də verilirdi. Əsgərlər ümumən müharibəyə hazırlaşdıqları vaxt əsgərlərin böyük komandanı atına minərək onlara bu nitqi söyləmişdir:

- Övladlarım! Mən, hər halda erməni ilə müsəlmanların işi bu məqama yetişdirməsinə təəssüflər edirəm. Bununla birlikdə bu əfsusların bizə, yaxud ermənilərə heç bir faydası yoxdur. Zira, indilik biz onlarla üz-üzə gəlib vuruşmağa məcbur olmuşuq. Bu saatda bizlərə heç bir iş fayda verməz. Yalnız xəncər-patron köməyə gələr. Bəli! Sülh vaxtı sülh etmək, müharibə vaxtı mərdanəlik göstərmək lazımdır. İndi görürsünüz ermənilər bizim nə qədər kəndlərimizi dağıdıb, nə qədər gəlin-qızlarımızı əsarətə alıb, olmazın təhqirlərə düçar və mübtəla etmişlər. Ancaq heç vaxt darıxmayın! Bu əsarət, bu təhqir sizə çox acı olsa da, darıxmayın! Hamınız eşidəsiniz ki, Kərbəla meydanında Hüseyn ibn Əli Əleyhüssəlam bir ovuc yaxın adamları ilə Yezidin (lənətullah) yüz minlərcə cani dəstələrinə qabaq-qarşı durmuşdu”. (Məmməd Səid Ordubadi. Qanlı illər. Bakı, "Qafqaz" nəşriyyat evi, 2007. - 184 s. s.39)

         Hacı Muxtar Sadıqovun Səhliyalı adlı oğlu vardı.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

16:56