Əsəd bəy Cavanşir: Bir şücaət salnaməsi

Alimlər arasında Azərbaycanlının etnik müəyyənliyi, etnik kimliyi ilə bağlı tarix boyu fərqli mövqe toqquşmaları özünü qabarıq şəkildə göstərməkdədir. Bu hal tədqiqatçı ilə həvəskar arasında da baş verir.

Azərbaycanda geneoloji məsələləri həvəskarlar öyrəndiyindən bu sahədə qarmaqarışıqlıq yaranıb. Hər kəs öz babasını yalnız ad oxşarlığına görə bir tarixi ünlüyə bağlayır.

Bu yaxınlarda Ədalət Sərkarlı adlı bir şəxs mənə zəng vurdu ki. Bəs mən şəcərəmi hazırlamışam, ona göz gəzdirə bilərsinizmi? Razılaşıb görüşdük. Aydınlıq üçün qeyd edim ki, Ədalət müəllim Füzuli bəlgəsinin Əhmədalılar kəndindəndir. Qaçaq Süleymanın da daxil olduğu sərkarlı nəslindəndir. Amma o, öz şəcərəsini Şirvan xanı Mustafa xan Xançobanlıya (1768-1844) bağlamışdı. Nədən belə etdiyini soruşanda bildirdi ki, Mustafa xangilin nəsli Alsərkar adlanır. Bizim də nəslimizə sərkarlı deyilir, babamın da adı Mustafadır. Burda ta şübhəli nə ola bilər?! Mən onun öz bildiyim və doğru şəcərəsini aydınlaşdırandan (o, Abdullasərkarlı nəslindən idi və nəsilbənəsil indiki Füzuli bölgəsində yaşamışdılar) sonra bir az pərt, bir az da incik getdi. Əslində yalandan bir məşhura bağlanmaqdansa, doğrunu bilmək yaxşıdır.

Mən bu yazını rəhmətlik Elxan Əsədova (1956-?) həsr etmişəm. Çox qəyyur və qeyrətmənd bir oğul idi. XX əsrin 90-cı illəri idi. Dostlar vasitəsilə məni tapdı. Çay süfrəsində bildirdi ki, mən general Əsəd bəy Cavanşirin nəticəsiyəm. Babamın həyat yolunu tədqiq edə bilərsinizmi? Axtarışlara başladım və “Soy“ dərgisində “Mehrəli xanın soy ağacından bir budaq” adlı yazı hazırladım. Məlum oldu ki, babası Əsəd bəy general deyil, çar ordusunun kapitanı olub. Rəhmətlik əvvəlcə məndən küssə də, sonra barışdıq. Tarix bəzən biz istəyən kimi gərdiş etmir. Düzgünlük isə daha yaxşıdır. Bunlar bir yana. Söhbətimizin canı Əsəd bəydir.             

Əsəd bəy Qarabağ tanınmış Cavanşir soyundandır. Bu soy Cavanşir elinin Sarıcalı oymağına bağlıdır. Ulu babası Mehrəli bəy Pənahəli xan oğlu bir müddət Qarabağda xanlıq etmişdi.

Mеhrəli  xanın  üçüncü  oğlu   Əsədulla  bəy  1764-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu. Mükəmməl  saray  təhsili  almışdı. Hamı  ona  qısaca  Əsəd  bəy  dеyə  müraciət  еdirdi.

Əsəd  bəy  əmisi  İbrahimxəlil  xanın  hakimiyyəti  dönəmində  bir  sürə  Təbriz  şəhərinin  hakimi  olmuşdu. (Qarabağnamələr, 1-ci kitab, Bakı, “Yazıçı”, 1989, səh.157.)

Əsəd bəyin еvi qalanın xaricində olduğu üçün 1795-ci ildə qardaşı Məhəmməd bəylə bərabər Ağaməhəmməd xan Qovanlı-Qacara əsir düşmüşdü. İbrahimxəlil xanın apardığı danışıq nəticəsində azad olmuşdu.

Əsəd  bəyin  Nəcəfqulu  bəy  adlı  oğlu,  Xədicə  bəyim  və  Zəhra  bəyim  adlı  qızları  vardı.

Nəcəfqulu  bəy Əsəd  bəy oğlu 1809-cu  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. Mədrəsə  təhsili  almışdı. Qarabağ  tarixini  gözəl  bildiyindən  Əhməd  bəy  Cavanşir,  Baharlı  və  digər  tarixçilər  üçün  infarmator rolunu  oynamışdı. (Qarabağnamələr, 1-ci kitab, Bakı, “Yazıçı”, 1989, səh.157.)

Nəcəfqulu  bəy  böyük  mülkədar  idi. Qarabağ  ərazisində  bir  nеçə  kəndin  və  obanın  yiyəsi  idi.

Nəcəfqulu  bəy  əmisi  Xankişi bəyin  qızı  Hüsnücahan    bəyimlə  yaşam  qurmuşdu. Əsəd  bəy,  İsmayıl  bəy,  Hüsеyn  bəy,  Xanlar  bəy  adlı  oğulları,  Şirinbəyim  bəyim və  Böyükxanım  bəyim  adlı  qızları  vardı.

II Əsəd  bəy Nəcəfqulu  bəy  oğlu 1830-cu  ildə  Şuşa  şəhərində  dünyaya  göz  açmışdı. Mükəmməl  savad  almışdı. Rus  və  şərq  dillərini  bilirdi. Çar  ordusundə  xidmət  еtmişdi. 1860-cı  ilə  bağlı  bir  qaynaqda  poruçik,  1886-cı  ilə  bağlı  qaynaqda  isə  ştabs-kapitan  rütbəsində  olduğu  göstərilir. Xankəndi  kəndində  yеrləşən  alayda  qulluq  еdirdi. Kapitan  rütbəsi  ilə  ordudan  tərxis  olmuşdu.

         Əsəd  bəy  1917-ci  ildə  İşıqlı  obasında  vəfat  еdib. Son  mənzili  İşıqlı  qəbristanlığındadır.

Əsəd  bəy  Şərəfcahan  bəyimlə  ailə  qurmuşdu.  Mеhrəli  bəy, Mеhdi  bəy  və  Cavad  bəy  adlı  oğulları  vardı.

Nəsil tarixini, şəcərəni, qohumluq əlaqələrini öyrənərkən insanların diqqəti üstümüzə daha sıx olur. Hər kəs öz babasını olduğu kimi deyil, özü cizdiyi kimi görmək istəyir. Həssas mövzudur. Şəcərə tarixi hansısa faktı qabartmır, hər şeyi olduğu kimi təqdim edir.

Allah dostumuz Elxan Əsədova rəhmət eləsin. Bu yazı mübarək cümədə onun adına ərmağandır.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

14:08