Pərirux xanım Dadsetan: Psixologiyanın şahzadəsi ..

Pərirux xanım Dadsetan

 

         Pərirux xanım Dadsetan Qacar elinin Qovanlı oymağındandır. Qacarlar dövlətinin II hökmdarı Fətəli şahın nəslindəndir. Şahın vəliəhdi Abbas mirzənin törəməsindəndir.

         Ulu babası Mеhdiqulu mirzə Abbas mirzə оğlu Təbriz şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı. 1835-ci ildə Ərdəbilin hakimi оlmuşdu. 1848-ci ildə Mazandaran əyalətinə başçılıq еtmişdi.

         Mehdiqulu mirzə 1854-cü ildə vəfat edib.

         Mеhdiqulu mirzənin Məhəmmədhəsən mirzə, Məhəmmədəli mirzə adlı оğlanları vardı.

         Babası Məhəmmədəli mirzə Mеhdiqulu mirzə oğlu Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl ailə təhsili almışdı.

Məhəmmədəli mirzə və onun törəmələri Dadsetan soyadını daşıyırdı.

Məhəmmədəli mirzənin Bəhaəddin mirzə, Cəlaləddin mirzə adlı oğlanları, Əxtərüssəltənə xanım adlı qızı vardı.

Atası Cəlaləddin mirzə Məhəmmədəli mirzə  oğlu Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl ailə təhsili almışdı. Sonra mədrəsədə oxumuşdu. Tehrana köçüb, mərkəzdə məskunlaşmışdı.  

Cəlaləddin mirzə Heşmətülmülk və Şəmsülmülk xanımla ailə qurmuşdu. Şapur mirzə, Fərhad mirzə adlı oğlanları, Şəmsşəfəq xanım, Pərişər xanım, Pərirux xanım adlı qızları vardı.

Cəlaləddin mirzənin qızı Pərirux xanım 1933-cü ildə Tehran şəhərində dünyaya göz açmışdı. Dəbistane Xurşid adlı ibtidai məktəbi bitirmişdi. Burda fransız dilində oxumuşdu. Sonra “Namus” adlı məktəbdə təhsilini davam etdirmişdi. Daha sonra Tehranda bir məktəbdə oxumuşdu. Tehran şəhərində təhsilini bitirdikdən sonra xaricə yollanmışdı. Jenevrə universitetində oxumuş və tədqiqat işləri aparmışdı. Psixologiya sahəsində çalışmışdı. Doktor Dadsetan kimi məşhurlaşmışdı.

Pərirux xanım Dadsetan xaricdə elmi və təcrübi işlərini tamamlayandan sonra, Tehrana dönmüş, 1975-ci ildən Tehran universitetində çalışmağa başlamışdı.

Pərirux xanım Dadsetan 1979-cu ildə universitetin psixologiya kafedrasının müdiri təyin olunmuşdu.

Pərirux xanım Dadsetan 1986-cı ildə doktorluq işini tamamlamışdı. Professor ünvanına layiq görülmüşdü.

Professor Pərirux xanım Dadsetan Şəhid Behişti və Azad İslami universitetlərində də dərs demişdi. Həmin universitetlərin də pedaqogika-psixologiya şöbəsinə, daha sonra isə Psixologiya laboratoriyasına rəhbərlik etmişdi.

Professor Pərirux xanım Dadsetan Tehranda işləsə də Avropadakı psixoloq alimləri ilə əlaqəni kəsməyib, beynəlxalq səviyyəli konfranslarda, simpoziumlarda iştirak edib, tanınmış psixoloq alimlərin elmi seminarlarında çıxış etmişdi.

Professor Pərirux xanım Dadsetan İranda psixologiya elminin yaradıcılarındandır. 15 elmi kitabın, dərsliyin və onlarla məqalənin müəllifidir. “İran psixologiyasının anası” kimi tanınır. O, İran psixologiyasında öz məktəbini yarada bilmiş alim idi.

İran psixologiyası XX əsrin 75-90-cı illərində sosial, hüquq, pedaqoji psixologiya problemləri ilə müəyyən uğurlar qazandı. Bu uğurların yiyəsi professor Pərirux xanım Dadsetan idi.

Professor Pərirux xanım Dadsetan tədris və elmi nailiyyətlərinə görə, bir çox mükafatlara layiq görülmüşdü.

Professor Pərirux xanım Dadsetan haqqında sənədli film çəkilib.

Pərirux xanım Dadsetan 2010-cu ildə vəfat edib. O, ömrünün sonuna kimi elmi araşdırmalarla məşğul oldu. Çox təsadüfi hallarda mətbuata müsahibələr verərdi, ekranda görünərdi. Yazıb-yaratmaqla məşğul idi.

 

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf

 

 

15:15