Həsən bəy Bağırbəyov: Ömür yolunun mənzilləri

Tarix boyu müəllim nüfuzunun, müəllimə ehtiramın dərəcəsi hər bir cəmiyyətin intellektuallıq səviyyəsinin, elm və mədəniyyət qayğısının əsas göstəricilərindən sayılmışdır. Azərbaycan xalqının sayğıdəyər pedaqoqlarından biri də Həsən bəy Bağırbəyovdur.

Həsən bəy Qarabağda, Şuşadan ünlü bir nəsil olan bağırbəyovlar soyuna məxsusdur. Bu soyun ulu babası Zeynal bəydir. Zeynal bəy  XVIII yüzilin ikinci yarısında Şuşa şəhərində dövran sürmüşdü.

Zeynal bəyin törəmələrindən bəziləri Zeynalbəyov soyadını daşıyırdılar.

Zeynal bəyin Məhəmmədxan bəy adlı oglu vardı.

Məhəmmədxan bəy Zeynal bəy  oğlu XVIII yüzilin sonu, XIX yüzilin önündə Şuşa şəhərində yaşayırdı. Ticarətlə məşğul olurdu.

Məhəmmədxan bəyin Zеynal bəy, Məmmədbağır bəy, Əbdülhüsеyn bəy adlı oğulları vardı.

Məhəmmədxan bəyin ikinci oglu Məmmədbağır bəy 1810-cu ildə Şuşa şəhərində anadan olmuşdu.  Molla yanında İbtidai təhsil almışdı.  Ticarətlə məşğul idi. O, pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.

Məmmədbağır bəyin törəmələri Bağırbəyov soyadını daşıyırdılar.

Məşədi Məmmədbağır bəy Xanım xanımla ailə qurmuşdu. Kərim bəy, Rəhim bəy, Həsən bəy, Şükür bəy adlı oğlanları, Püstə xanım, Minə xanım, Göyçək xanım adlı qızları vardı.

Kərim bəy Məşədi Məmmədbağır bəy oğlu 1838-ci ildə Şuşа  şəhərində dоğulmuşdu. Molla yanında İbtidai təhsil almışdı.  Şuşa qəza polis idarəsində uryadnik vəzifəsində çalışırdı.

Kərim bəy Püstə xanım Cəfər bəy qızı ilə ailə qurmuşdu. Həsən bəy adlı oglu vardı.

Həsən bəy Kərim bəy oğlu 9 fevral 1866-cı ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Şuşa real məktəbini bitirmişdi. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına daxil olmuşdu. 12 iyun 1885-ci ildə seminariyanı tamamlamışdı. 6 iyul 1885-ci ildə Yelizavetpol (Gəncə) qəzasının 2 sinifli Goran kənd məktəbinə müəllim təyin olunmuşdu. Məktəbin nəzarətçisi (direktor) vəzifəsində çalışmışdı. 25 noyabr 1887-ci ildə İrəvan quberniyasının Uluxanlı normal məktəbinə müəllim kimi dəyişilmişdi.  Uluxanlı məktəbi həyata qədəm qoyduğu ilk ildə Allahverdi Hacı Hüseyn oğlunun evində yerləşmişdi. Məktəbin ilk müdiri o zaman tanınmış maarifçi Muxin olmuşdur. Xanlar bəy Həsənbəyov, Hacı Məşədi Hüseyn məktəbin ilk müəllimləri olmuşlar. Sonralar bu işə Məmməd bəy Qazıyev, Əbdüləli bəy Muxtarov, Hacı Molla Kərim də qoşulmuşlar. Uluxanlı məktəbinin ən yaddaqalan tarixi günü isə 1887-ci ilin fevralında Cəlil Məmmədquluzadənin bu məktəbə müəllim təyin edilməsi ilə bağlıdır. Həsən bəy Bağırbəyov Mirzə Cəlillə dostluq edirdi.

Həsən bəy Bağırbəyov 18 dekabr 1887-ci ildə Cavanşir qəzasının Bərdə kənd məktəbinə dəyişildi. O, 7 avqust 1890-cı ildə Nuxa (Şəki) qəzasının Padar kənd məktəbinə müəllim göndərildi. Ordan isə 30 iyul 1893-cü ildə Vəndam kənd məktəbinə nəzarətçi (direktor) göndərildi. Bir müddət burda çalışdı. 11 avqust 1895-ci ildə  Cavanşir qəzasının Alpout kənd məktəbinə dəyişildi.

Həsən bəy Bağırbəyov 15 aprel 1896-cı ildən 28 avqust 1900-cü ilədək Şuşa qəzasının Gülablı kənd məktəbində övladlara dərs verdi. O, həm də  milli teatrın, mətbuatın inkişafında fəaliyyət göstərmişdi.

Həsən bəy Bağırbəyov  8 oktyabr 1902-ci ildə Yelizavetpol (Gəncə) şəhərinin Bağmanlar qəsəbə məktəbində nəzarətçi (direktor) vəzifəsində çalışmışdı. 4 may 1904-cü ildə həmin qəsəbədəki rus-tatar məktəbinə nəzarətçi (direktor) vəzifəsinə dəyişilmişdi.

Həsən bəy Bağırbəyov   müəllimlik peşəsinə bəslədiyi vicdani münasibətə görə, 1 iyun 1908-ci ildə  quberniya katibi mülki çini, 1 yanvar 1909-cu ildə 3-cü dərəcəli “Müqəddəs Stanislav” ordeni, “Çalışqanlığa görə” yazılı gümüş medalla təltif olunmuşdu.

Həsən bəy Bağırbəyov   1919-cu ildə, AXC dönəmində Gəncə sənət məktəbinin direktoru idi.

Həsən bəy Bağırbəyov 12 avqust 1919-dan  Gəncə Müəllimlər Seminariyasının direktoru vəzifəsində çalışmışdı.  (ARDA, f.57, s.1, iş 8, v.65;  ARDA, f.51, s.3, iş 8, v. 15; ARDA, f.51, s.3, iş 281, v.1) 

Sonrakı əmək fəaliyyətini Bakı şəhərində davam etdirən Həsən bəy Bağırbəyov 1923-cü ildən Azərbaycan Dövlət Universitetində (indiki BDU-da) müəllim işləməyə başlamışdır. 

Həsən bəy Abuhəyat xanım Sadıq bəy qızı Hacıbəyova ilə ailə qurmuşdu. Məmməd bəy, Əli bəy adlı oğlanları, Zivər xanım, Dürrə xanım adlı qızları vardı.

Bunlar Həsən bəy Bağırbəyovun həyat yolunun rəqəmlər, faktlarla ifadə olunmuş xronikasıdır. Lakin görkəmli pedaqoqun ömür yolunu vərəqləyəndə, şəxsiyyətinə, xarakterinə mükəmməllik verən bir çox xüsusiyyətləri, insani keyfiyyətləri öyrənəndə onun nə qədər ləyaqətli ziyalı olduğunun fərqinə varırıq. Onun həyat və yaradıcılıq yolu sübut edir ki, Həsən bəy Bağırbəyov öz sahəsinin fədakar qəhrəmanı idi. Böyük istedadla böyük zəhmətin ortaqlığı həmişə böyük də nailiyyətlər yaradır. O bir çox nailiyyətlərə imza atmışdı…

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

12:33