Hacı Murtuza Səfərov: Məfrəşi sat, mədrəsəyə qat..

Hacı Murtuza Qarabağda, Şuşada məşhur olan səfərovlar soyundandır. Bu soyun ulu babası Səfər Məşədi Mоlla  Nurməhəmməd oğlu 1785-ci  ildə  Şuşa  şəhərində  anadan  оlmuşdu. İbtidai  təhsilini  atasından  almışdı. Ticarətlə  məşğul  idi. Müqəddəs  Məkkəyi-müşərrəfi  ziyarət  etmişdi.

Hacı Səfərin törəmələri Səfərоv sоyadını daşıyırlar.

Hacı  Səfər  Qönçə  ilə  ailə  qurmuşdu. Əsgər,  Abbas,  Zeynal,  İsmayıl  adlı  oğlanları,  Tükəzban,  Balaxanım,  Gilə,  Bəyim  və  Qızxanım  adlı  qızları  vardı.

Əsgər  Hacı  Səfər  oğlu 1818-ci ildə  Şuşa  şəhərində  dоğulmuşdu. Mədrəsə  təhsili  almışdı. Ticarətlə  məşğul  оlurdu.

Əsgərin  Əliqulu,  İmamqulu,  Murtuza,  Dadaş  adlı  oğlanları,  Zöhrə  adlı  qızı  vardı.

Əsgərin üçüncü оğlu Murtuza 1857-ci ildə Şuşa şəhərinin Təbrizli məhəlləsində anadan оlmuşdu. Təhsilini mollaxanada almışdı. Xüsusi müəllimlərdən rus dilini də öyrənmişdi. Ticarətlə məşğul idi. II gildiya tacir idi. Müqəddəs  Məkkəyi-mükərrəmi ziyarət etmişdi.

Hacı Murtuza Səfərov əsasən xalça ticarəti ilə məşğul idi. Qeyd edək ki, Şuşa xalçaçılıq sənətinin əsas mərkəzlərindən olub. Dünya bazarında Şuşa xalçaları “Qarabağ xalçaları” kimi tanınıb. XIX ərin 80-90-cı illərində Şuşada xalçaçılıq məhsulların həcmi və keyfiyyətinə görə birinci yeri tuturdu. Xalça məmulatları arasında lifsiz xalçalar, cecim, xurcun, çuval, məfrəş kimi məmulatlara böyük tələbat var idi. Xalçaların keyfiyyəti və rəqabətqabiliyyətliliyi əsasən rənglərin saflığı və dayanıqlığı ilə müəyyən olunurdu. Şuşada bununla əlaqədar çoxlu sayda boyaqçılıq emalatxanaları mövcud idi.

Şuşa şəhəri yalnız Qarabağın deyil, həm də bütün Cənubi Qafqazın əsas xalçaçılıq mərkəzlərindən biri idi. Yerli əhali xalçaları “gəbə” adlandırır. Şuşa şəhərində və onun ətrafında yerləşən kəndlərdə toxunan xalçalar özlərinin al-əlvan rənglərinə, toxunma texnikasına və forma müxtəlifliyinə görə seçilirdi. XIX əsrin ortalarında Qarabağda olmuş müəlliflərdən biri yazırdı ki, Şuşa gəbələri “naxışlarına, rənglərinə və möhkəmliklərinə görə İran xalçalarından nəinki geri qalmır, hətta Xorasan xalçalarından da üstündür”. XX əsrin əvvəllərində Şuşa şəhərinin bütün Cənubi Qafqazda xalçaçılıqda bədii zövqlərin formalaşmasında əvəzsiz rol oynadığını xüsusi vurğulayan A.S.Piralov yazırdı ki, “burada bütün bölgədə xalça istehsalına istiqamət verən ən mahir xalçaçı qadınlar çalışırlar”.

Qarabağın digər bölgələrində olduğu kimi, Şuşa şəhərində də ornamental və süjetli gəbələr geniş yayılmışdı. Daha çox XVIII-XIX əsrlər üçün xarakterik olan ornamental Şuşa xalçalarında nəbati ünsürlər üstünlük təşkil edirdi.

Hacı Murtuza Səfərov Qarabağ xalçalarını əsasən Məşhəddə, Aşqabadda, Petrovkada və Vladiqafqazda satırdı. Onun bəzən Avropadan da müştəriləri olurdu. 

Hacı Murtuza Səfərov məktəbi, maarifi sevən, dəstək verən bir tacir idi. Övladlarının hamısına ali təhsil vermis, təhsil ocaqlarının hamisi olmuşdu.

Hacı Murtuza Səfərov Telli Hacı Bağır qızı Həşimli ilə ailə qurmuşdu. Əhəd, Səməd, Mənaf, Mürsəl adlı oğlanları, Qəmər, Xavər, Ənbər adlı qızları vardı.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

12:55