Səni tanıyıram, düşmən! - ESSE

Sözümün canı. Sən kimsən düşmən?! Kimliyini bilirəm. Yerin kiri, suyun lili. Dölüxarabın biri. Dölü düz olmayanın, yolu da düz olmaz. Həm soysuzsan, həm xoysuz. Dabbaqda gönünə bələdəm. Yaxşı tanıyıram səni.  

Çəp nəzərindən, çatılmış qaşından, əyri ağzından, sallaq burnundan, dar qursağından, yan yerişindən, ayağa baxışından tanıyıram səni.

Səni yağılığından, yağmandan tanıyıram. Səni qarətindən, quldurluğundan tanıyıram. Əyri əlindən, kəc əməlindən tanıyıram. Vurduğun badalaqdan, qurduğun duzaqdan bilirəm. Kürəyimə sancdığın qəmədən, başıma açdığın həngamədən tanıyıram. Səni tanıyıram, düşmən!

Məkrindən, mərdimazarlığından, məlunluğundan, miskinliyindən, murdarlığından tanıyıram.

Kinindən, küdurətindən, kəsafətindən, kəmfürsətliyindən tanıyıram.

Bəd niyyətindən, bədəsilliyindən, bədliyindən tanıyıram, düşmən!

Bicliyindən tanıyıram, bicov düşmən. Hiyləndən tanıyıram, haramzada düşmən. Vəhşiliyindən tanıyıram, vələdizina düşmən.

Xeyir söyləyirəm, şər anlayırsan. Şərəfsiz düşmən!

Yaxşılıq qanmadın, yaman oldun. Toxluğum acıtdı, acdırdı səni, acgöz düşmən! Dilimin şirinliyinə üzünü turşutdun. Əlimin açıqlığına yumruğunu düyünlədin. Qan istədin, qanıq düşmən!

Göz dolusu gördüklərimi, gözün götürmədi. Köksümü qabardanlar, köks ötürtdü sənə. Yandıqca kül-kömür olursan. Parıltıma partlayırsan, paxıl düşmən!

Elimdəki şilənlərdən, elinə şivən düşdü. Toyumdan vaysındın. Ağ günümdən qaragünlü oldun. Geniş çöllərimə daraldın. Gülüşümə güllə atdın. Yüksəlişimə alçaldın, alçaq düşmən!

Böyüyürəm, kiçilirsən, çoxalıram, azalırsan, ucalıram alçalırsan, alçaq düşmən!

Kefimin köklüyünə arıqlayırsan. İçini qurd basır. Tədbirimə tündləşir, dövranıma dərdlənirsən. Xoşluğuma xor baxırsan, baylığıma kor.

Mən əmr əri olduqca, sən buyruq qulu olursan. Əkdiyimi dərib, becərdiyim bəhrəni sərirəm. Mən xas süfrədə əyləşirəm, sən özgə yalını yalayırsan. Yaltaq düşmən.

Nə yaman pəvazlanmısan, düşmən?! Nə yaman qanadlanmısan? Qarışqaya qəza gəlcək qanadlanar. Yarıq başını, sınıq qolunu görəcəyik. Sənin haqqında bu qədər. Qaldı dədə tapşırması:

Öyüd. Eheyyy Yaqubalı, qarı düşmən dost olmaz, yedirtsən yağı, balı!

Yum. Dostun könlü xoş olsun, düşmən gözü kor olsun, -deyib bitirək.

 

Ənvər Çingizoğlu

17:23