Mürşüd Həşimli: Unudulmuşlardan biri..

Mürşüd Həşimli

 

Azərbaycanın Əməkdar Artisti,  görkəmli aktyor, rejissor, tanınmış teatr xadimi Mürşüd Həşimli XX əsr milli teatr mədəniyyətimizin tarixində özünəməxsus yer tutan sənətkarlardandır.

Mürşüd Qarabağda, Şuşada, eləcə də Füzulidə tanınmış soy olan Həşimli uruğuna bağlıdır. Bu soyun ulu babası Hacı Qafurdur. Hacı Qafur XVIII əsrin ikinci yarısında Şuşanın Gəlmələr məhəlləsində yaşamışdı. Ticarətlə məşğul olmuşdu.

Hacı Qafurun Həşim adlı oğlu vardı.

Həşim Hacı Qafur oğlu 1789-cu ildə Şuşa şəhərinin Gəlmələr məhəlləsində anadan olmuşdu. Məhəllə mollaxanasında oxumuşdu. Ticarətlə məşğul olmuşdu. Pak Kərbəla torpağını ziyarət etmişdi.

Kərbəlayı Həşimin törəmələri Həşimli, Həşimov soyadını daşıyırlar.

Kərbəlayı Həşim Şərəflə ailə qurmuşdu. Məmmədtağı, Bağır, Sadıq, Qasım, İsmayıl, İbrahim adlı oğlanları, İmmi adlı qızı vardı.

Kərbəlayı Həşimin beşinci oğlu İsmayıl 1855-ci ildə Şuşa şəhərinin Gəlmələr məhəlləsində anadan olmuşdu. Məhəllə mollaxanasında oxumuşdu. Ticarətlə məşğul olmuşdu. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.

Kərbəlayı İsmayılın Həbib, Mehdi adlı oğlanları vardı.

Həbib Kərbəlayı İsmayıl oğlu 1871-ci ildə Şuşa şəhərinin Gəlmələr məhəlləsində doğulmuşdu. Məhəllə mollaxanasında oxumuşdu. Ticarətlə məşğul olmuşdu.

Kərbəlayı İsmayılın ikinci oğlu Mehdi 1873-cü ildə Şuşa şəhərinin Gəlmələr məhəlləsində anadan olmuşdu. Məhəllə mollaxanasında oxumuşdu. Ticarətlə məşğul olmuşdu. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.

Kərbəlayı Mehdi Qaryagin (inki Füzuli) şəhərinə köçmüş, burdakı Malaqan bazarında dükan açmışdı.

Kərbəlayı Mehdinin Mürşüd adlı oğlu vardı.

 Mürşüd  Kərbalayı Mehdi oğlu Həşimli  1899-cu  ildə Qaryagin (indiki Füzuli) şəhərində anadan olmuşdu.  O,  Qaryagin (Füzuli), Şuşa  və Ağdam Dövlət  dram  teatrlarında  aktyor,  quruluşcu rejissor  vəzifələrində  çalışmışdır.

Mürşüd Həşimli  1951-1958-ci illərdə  M. Əzizbəyov  adına  Azərbaycan Dövlət  Dram  teatrında  çıxış  etmişdir.

1954-1964-cü  illərdə  yenidən  Qaryagin  xalq teatrında işləmişdir.

M. Həşimliyə  Azərbaycan  SSR  Ali  Sovetinin  1940-cı  il  23 aprel  tarixli  fərmanı  ilə Azərbaycan  SSR əməkdar artisti  kimi  fəxri  ad  verilmişdir.

M. Həşimli  1970-ci  ildən  Ə.Haqverdiyev  adına  Ağdam  Dövlət  Dram  teatrında işləyir.

Mürşüd  Həşimli  işlədiyi  müddət ərzində, Nofəl  “Leyli və  Məcnun”,  Aydın “Aydın”,  Oktay  “Oktay  Eloğlu”, Şeyx  Sənan  “Şeyx Sənan”,  Dəmirçi  Musa  “Toy”, Vaqif  “Vaqif”,  Kəblə Hacı “”Evliykən  subay”, Səfər  “Əliqulu  evlənir”, Kaplan  “Son  göz  yaşları”,  Ağsaqqal  “Qaraqum  faciəsi”  Soltan  “Xoşbəxtıik  axtaran Həsən”,  Məşədi  Cəfər  “Dağılan  Tifaq”  və  s.  rollarda  çıxış  etmişdir.

Son dərəcə yaraşıqlı səhnə görkəmi, ifa məlahəti, ehtiraslı və emosional daxili aləmi, səhnədəki yoldaşları ilə münasibətlərində psixoloji dürüstlüyü olan Mürşüd Həşimli bu kollektivdə çoxlu sayda rol oynamışdı.

Füzuli  rayon  xalq  teatrı  yaradıldıqdan   sonra  M.Həşimli bir  quruluşçu  rejissor  kimi  S.S.Axundovun  “Laçın  yuvası”, Səttar  Axundovun  “Məhəbbət nişanəsi”,  M.F.Axundovun  “Hacı Qara” və  başqa  əsərləri  tamaşaya  hazırlamış, özü  də  baş  rollarda çıxış  etmişdir.

Mürşüd  Həşimli  6 aktyabr 1977-ci ildə vəfat edib.

M. Həşimlinın  sənədləri  Azərbaycan  SSR Mərkəzi  Dövlət  Ədəbiyyat  və  İncəsənət  arxivinə  ilk dəfə 7 iyun  1978-cü ildə  43  sənəd, ikinci  dəfə 14 avqust  1978-ci ildə  73  sənəd  qəbul  edilmişdir. Onların  arasında  M.Həşimlinın rolda  və fərdi  fotoşəkilləri, proqramlar,  afişalar və s.  sənədlər  vardır.

Sənədlər  elmi-texniki cəhətdən  işlənərək  siyahısı  tərtib  edilmiş  və  18 saxlama  vahidi  altında saxlanılmışdır. M. Həşimlinın  fonduna 509-cu nömrə verilmişdir. 

 

 

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf

 

19:29