Mir Süca Ağamirov: qırmızı seyidin taleyi

Mir Süca Şuşada, eləcə də külli Qarabağda məşhur olan ağamirovlar soyuna bağlıdır. Ağamirovlar musəvi seyidlərindən olub, Qarabağa Xorasandan gəlmişdilər.  Bu soyun Qarabağdakı ulu babası Mir Səbur ağadır. Mir Səbur ağanın Mir Fəseh ağa adlı oğlu vardı. Mir Fəseh ağanın Mir Fərzənd ağa, Seyid Əsəd ağa, Seyid Zeynalabdin ağa adlı oğulları vardı.

Mir Fərzənd ağa Mir Fəseh ağa oğlu Şuşa şəhərində doğulmuşdu.

Mir Fərzənd ağanın Mir Əhməd ağa, Mir Mehdi ağa adlı oğulları vardı.

Mir Əhməd ağa 1810-cu ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Mülkədar idi. Dövlətdən bəy ünvanı almışdı.

Hacı Mir Əhməd ağa Pərzad xanım Hacı Əmiraslan bəy qızı ilə və Gövhər xanımla ailə qurmuşdu. Mir Möhsün ağa, Mir Rza ağa, Mir Əbutalıb ağa, Mir Hüseyn ağa, Mir Cəlal ağa, Seyid Yusif ağa, Seyid İsmayıl ağa, Mir Fəttah ağa, Mir Məhəmməd ağa adlı oğulları, Seyid Xanım xanım, seyid Səltənət xanım adlı qızları vardı.

Hacı Mir Əhməd ağanın yeddinci oğlu Seyid İsmayıl ağa Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Xırdapara ticarətlə məşğul olmuşdu.

Seyid İsmayıl ağanın Mir Süca ağa adlı oğlu vardı.

Mir Süca ağa Seyid İsmayıl ağa oğlu 12 dekabr 1899-cu ildə Şuşa şəhərində doğulmuşdu. İkisinifli rus-tatar məktəbini bitirmişdi. Sonra Şuşa Real məktəbində oxumuşdu. 1914-cü ildə Aşqabada köçmüşdü. Burda gimnaziyada oxumuşdu. Həmyerlisi və məktəb yoldaşı Mir Fəttah Musəvi ilə inqilabi işə qoşulmuşdu.

         Mir Süca ağa Ağamirov 1917-ci ildə Şuşa şəhərinə qayıtmışdı. Şuşa qəzasında başlayan inqilabi hərəkatın öndərlərindən olmuşdu. Adil Hindarxlının başçılıq etdiyi aqrar  hərəkata qoşulmuşdu. Fərrux bəy Vəzirovun mülkünə hücum zamanı yaralanmışdı. Müalicə üçün Bakıya göndərilmişdi. Bir müddət keçdikdən sonra inqilabçı Mir Həsən Vəzirovun göstərişi ilə Bakı Xalq Komissarları Sovetinin gizli məktubunu Aşqabada aparmışdı.

         Aşqabad ingilislərin əlinə keçəndən sonra İrana yollanmışdı. Ordan təkrar Qarabağa gəlmişdi.      

         Şuşa qəzasında Hüsü Hacıyevin, Bahadur Vəlibəyovun, Gərraf Əsgərovun, Mir Süca ağa Ağamirovun iştirakı  ilə keçirilən toplantıda Qarabağda Sovet hökumətinin qurulduğu elan olunmuşdu.

         1920-ci ildə Mir Süca ağa Ağamirov təşəbbüsü ilə Şuşada mitinq olmuşdu.

         Mir Süca ağa Ağamirov 1926-cı ildə Bakıda Karqanov küçəsində yaşayırdı.

         Mir Süca ağa Ağamirov 1937-ci ildə repressiyaya uğramışdı.

         Mir Süca ağa Ağamirov 20 dekabr 1955 –ci ildən  9 mart 1960-cı ilədək SSRİ Yollar Xalq komissarlığında yüksək vəzifədə çalışmışdı.

         Mir Süca ağa Ağamirov 1960-cı ildən ittifaq əhmiyyətli təqaüdçü idi.

         Mir Süca ağa Ağamirov 1 iyun 1977-ci ildə Bakı şəhərində vəfat edib. Fəxri xiyabanda dəfn edilib.

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf

        

Xudaferin.eu

18:05