Ələsgər bəy Bəylərbəyov: mühəndislik və gizli milli mərkəz..

“Qarabağlı mühəndislər” adlı kitab üzərində işləyirəm. Kitabda bir-birində maraqlı yaşam salnamələri mövcuddur. Birini sizin ixtiyarınıza verməyi gərəkli bildim. Oxumaq sizə qalır..

Ələsgər bəy Qarabağda, Şuşada tanınmış bəylərbəyovlar soyuna bağlıdır. Bu soyun ulu babası Bəylər bəydir. Bəylər bəy 1808-ci ildə anadan olmuşdu. 1848-ci il kameral siyahısında Şuşa şəhərində qeydə alınmayıb.

Bəylər bəyin törəmələri Bəylərbəyov soyadını daşıyırlar.

Bəylər bəyin Rəhim bəy, Mehdi bəy, Mirzə bəy, Ağalar bəy  adlı oğlanları vardı.

Rəhim bəy Bəylər bəy oğlu 1841-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi.

Rəhim bəyin Bəylər bəy, Ələkbər bəy, Ələsgər bəy, Xanlar bəy adlı oğlanları vardı.

Rəhim bəyin üçüncü oğlu Ələsgər bəy 1882-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Bakı Real məktəbində oxumuşdu. 1904-cü ildə real məktəbin yeddinci sinifini bitirmişdi. 1905-ci ildə Varşava Politexnik İnstitutunun mühəndis-inşaat fakültəsinə qəbul olmuşdu. Varşavada təhsilini davam etdirə bilməmişdi. Moskva Texniki institutuna daxil olmuşdu. 1912-ci ildə bu institutu tamamlamışdı.

         Ələsgər bəy Bəylərbəyov 1912-1914-cü illərdə Zaqafqaziya Dəmiryolları dartma xidməti 4-cü sahəsinin rəis köməkçisi və Barjomda depo rəisi vəzifəsində çalışmışdı.

         Ələsgər bəy Bəylərbəyov 1914-1916-cı illərdə Zaqafqaziya Dəmiryolları dartma xidməti 2-ci sahəsinin rəisin böyük köməkçisi vəzifəsində işləmişdi.

          Ələsgər bəy Bəylərbəyov  1917-ci ildə Zaqafqaziya Dəmiryolları dartma xidməti 8-ci sahəsinin rəisi vəzifəsində çalışmışdı.

         Ələsgər bəy Bəylərbəyov  1918-ci ildə Təbriz Dəmiryolları dartma idarəsinin rəisinin köməkçisi və müavini vəzifəsində işləmişdi.

         Ələsgər bəy Bəylərbəyov  1918-ci ilin sentyabr ayından 1920-ci ilədək Azərbaycan Dəmiryolları dartma xidmətinin rəisi vəzifəsində çalışmışdı.

         Ələsgər bəy Bəylərbəyov 1 noyabr 1919-cu ildən Bakı Politexnik məktəbində dərs də demişdi.

         Ələsgər bəy Bəylərbəyov 1922-ci ildən Azərbaycan Şosse Yolları idarəsinə rəhbərlik etmişdi. Bununla bərabər Azərbaycan Sənaye İnstitutunda da dərs demişdi. (Misir Mərdanov, Ədalət Tahirzadə, 1920-ci ilədək ali məktəbdə oxumuş azərbaycanlılar, Ensiklopedik soraq kitabı, II cild, Bakı, 2019, s. 90-92)

Ələsgər bəy Bəylərbəyov sonralar Bakı Sovetində və Azərsutəsərrüfatında mühəndis işləmişdi.

Ələsgər bəy Bəylərbəyov Azərbaycan Milli Mərkəzi adlı gizli cəmiyyətin üzvü idi. 1928-ci ilin payızında Məhəmmədhəsən Hacınski Bakıya gələndə Məlikaslanov, Ordubadski, Pepinov, Şabanov, Mullayev və Bəylərbəyovun iştirakı ilə DPK-də keçirilən iclasda bildirmişdi ki, böyük aparıcı dövlətlər İngiltərə və Fransa Qafqazda gedən prosseslərdə maraqlıdır. Artıq Əlimərdan bəy Topçubaşovla konsensus xarakterli müqavilə də vardır. Bütün bunlar Sovet Rusiyasının Azərbaycanda hakimiyyətini məhv etmək üçün idi.

AMM şərqdə vəziyyəti nəzərə alıb, millətçi kadrlar hazırlamaq məqsədilə ideologiyada ziyankarlıq işləri görmək üçün Əhməd bəy Pepinov və Kazımovun daxil olduğu xüsusi qrup yaratmışdı. Ən vacib qruplardan biri də üsyançı qrup idi. Bu qrupa Rza Şabanov, Ələsgər bəy Bəylərbəyov, Məhəmməd Mullayev və Firuz bəy Ordubadski rəhbərlik edirdi. Hərbi qrupa isə daha çox diqqət yetirilirdi. Müdaxilə zamanı onlar qəti şəkildə üsyana qalxmalı və vahid plan üzrə hərəkət etməli idilər. Bu qrupa Çingiz İldırım, Şamo Naxçıvanski və Qalib Vəkilov başçılıq edirdilər.

Ələsgər bəy Bəylərbəyov 1937-ci ildə tutulmuşdu.  Hələ 1931-ci ildə Xudadat bəy Məlikaslanovu tutmuşdular. İxtisasca yol mühəndisi olan Xudadat bəy həbs ediləndə Dövlət Plan Komitəsi sənaye bölməsinin sədri, Sənaye İnstitutunun professoru idi. O, Azərbaycan Milli Mərkəzi (AMM) Bakı Təşkilatının rəhbərlərindən hesab edilirdi və kameraya salınandan dilaçmanın bütün qəddar üsullarından istifadə edərək onu lazımi şəkildə danışmağa vadar edə bilmişdilər. 1931-ci il martın 30-dakı dindirmədə o, AMM-in quruluşu və fəaliyyət istiqamətləri haqqında deyirdi: “Azərbaycan Milli Mərkəzi Kommunist Partiyasına bənzər şəkildə yaradılmışdı. Yəni başda Mərkəzi Komitə durur, əyalətlərdə rayon komitələri işləyirdilər. AMM-in Mərkəzi Komitəsinin tərkibinə mən, Firuz bəy Ordubadski, Məmmədhəsən Hacınski, Rza Həqqi Şabanov, Əhməd bəy Pepinov, Çingiz İldırım, Şamo Naxçıvanski, Fətulla Rüstəmbəyov, Məhəmməd Mollayev, Zeynal Tağıyev, Ələsgər Bəylərbəyov, Ağalar Mahmudbəyov, Mirzə Lətif Mirzəyev, Qalib Vəkilov, zənnimcə, “Müsavat”ın nümayəndəsi Cavad Məlikyeqanov, İttihad Partiyasının bir nümayəndəsi – onun da ad-familiyası hazırda yadımda deyil, daxildik. Mərkəzi Komitəmizin özündə isə əsas rəhbərlik Pepinovun, Şabanovun, Hacınskinin, İldırımın, Ordubadskinin, Məlik-Aslanovun və mənim əlimdə cəmləşmişdi. Təşkilatımızın ayrı-ayrı istiqamətlər üzrə xəttini həyata keçirməkdən ötrü xüsusi mərkəzlər yaradılmışdı. Birinci – hərbi mərkəz idi və ora Çingiz İldırım, Şamo Naxçıvanski və Qalib Vəkilov, ikinci – qiyamçı mərkəz idi, ora Ordubadski, Mollayev, Bəylərbəyov, Şabanov və Pepinov daxil idilər. Bundan əlavə, daha iki – sənayedə və nəqliyyatda təxribatlar törətmək üzrə mərkəzlər vardı.

M.H. Hacınskiyə qarşı irəli sürülən əsas ittihamlardan biri onun üzünə duran  Ə. Bəylərbəyov adlı bir mühəndisin ifadəsi idi.  (Aydın Dadaşov, Məhəmməd Həsən Hacınski, Bakı, BDU-nun nəşriyyatı, 2004, s.99)

Ələsgər bəy Bəylərbəyov  bildirirdi  ki,  güya  1928-ci  ilin payızında  Tiflisdən  Bakıya  gəldiyi  zaman  Məhəmmədhəsən bəy  Hacınski  Dövlət Plan  Komitəsi  sədrinin  kabinetində  İngiltərə  və  Fransanın xeyrinə xoş sözlər danışıb.

25 sentyabr 1931-ci ildə AMM-in əlli üç üzvünü ittiham edən Az QPU məhkəməsi əvvəlcə on nəfərin güllələnməsinə qərar verir. 2 fevral 1932-ci ildə işə yenidən baxan Zak QPU-nun kollegiyası Əhməd bəy Pepinov başda olmaqla altı nəfərə on il, Ələsgər bəy Bəylərbəyov da daxil olmaqla on doqquz nəfərə beş il həbs cəzası kəssə də, M.Hacınskinin ölüm faktını nəzərə alaraq ona qarşı yürüdülən ittihama xitam verir. İttiham olunan “53-lər”dən bəziləri müəyyən müddət sonra xalq düşməni damğası ilə azadlığa çıxa bilsələr də, 1937-ci ildə yenidən həbs olunub yox edildilər.

Ələsgər bəy Bəylərbəyov 1949-cu ildə vəfat edib.

         Ələsgər bəy Sürəyya xanım Səfərəli bəy qızı Vəlibəyova ilə ailə qurmuşdu. Çingiz bəy adlı oğlu, Xurşid xanım, Validə xanım adlı qızları vardı.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

14:09