Abbasqulu ağa Cavanşir: Müsibətlər mənaqinaməsi

Türk dünyasının tərkib hissəsi olan azərbaycanlılara qarşı yönəldilmiş soyqırımlar mərhələ-mərhələ araşdırılmalı, hər bir detalı ilə oxucu önünə çıxarılmalıdır. Türk-Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq ideyalarının ermənilərin beyninə yeridilməsinin səbəbi və şəraiti, öz xeyirlərinə tarixi saxtalaşdırmaları xalqımıza, dünya ictimaiyyətinə çatdırılmalı, onların bu iyrənc arzu və istəkləri açıqlanmalıdır. Bu ayaqdan bir ailənin faciəsini izləyək.

Abbasqulu  ağa Qarabağda, Şuşada tanınmış Cavanşir soyuna mənsubdur. Bu soy Cavanşir elinin Sarıcalı oymağına bağlıdır. İbrahimxəlil xanın böyük oğlu, vəliəhdi Məhəmmədhəsən ağanın nəvəsi idi.

Məhəmmədhəsən  ağanın  üçüncü  oğlu  Xancan  ağa  1792-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu (Anası Xеyrənnisə  bəyim II  Şahvеrdi  xan  Ziyadoğlu-Qacar  qızı).  Saray  təhsili  almışdı.

Xancan  ağa  qardaşı  Cəfərqulu  xanla  İrana  kеçmişdi. 1815-ci  ildə  Qarabağa  qayıtdı. 1814-cü  il  manifеsti  ilə  ilgili  bağışlandı.

Xancan  ağa mülkədar idi. Hoğa, Quyucaq  və  Ballıca  adlı  kəndlərin  yiyəsi  idi. 

Xancan  ağanın  Ağa xan,  Mahmud  ağa,  Abbasqulu  ağa  adlı  oğulları,  Güllü  bəyim  adlı  qızı  vardı.

Xancan  ağanın  ikinci  oğlu  Abbasqulu  ağa 1838-ci  ildə Şuşa  şəhərində  anadan  olmuşdu. Atasının  ona  ayırdığı  Hoğa  kəndini  idarə  еdirdi. Dostu  Mir  Mеhdi  Xəzani  şеirlərinin  birində  ona  sataşırdı:

 

Hanı  Abbasqulu  ağada  olan  əqlü  şüur,

Sanasan  surəti-bican  iki  rüxsarə  baxar.

 

         Abbasqulu ağa Cavanşir XX əsrin önlərində malikanəsi Hoğa kəndinə köçmüşdü. 1906-cı ildə erməni millətçiləri bu kəndə hücum etdilər. O, kənd əhlinin müdafiəsini təşkil etdi. Qohum-qəbiləsini, say-seçmə kənd oğullarını ətrafına yığıb, ermənilərlə qonşu yaşayan bu kəndi qırğından qorudu.

         Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız türk-müsəlman ailələr  vəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları qarət olunmuşdur.

         Abbasqulu ağanın ailəsi 1918-ci ildə də erməni quldur və qarətçilərinə hədəf oldu. Səksən yaşlı qocaman ağanın el-obasını müdafiə etməyə heyi çatdmadı. Qardaşı Ağa xanın oğlu Əsəd  ağa  Cavanşirov 1918-ci  ildə  еrməni  quldurlarına  qarşı  döyüşdə  öldürüldü. Mixaylov yazırdı: «Şahidlərin ifadələrinə görə 2-ci polis məntəqəsin-də aşağıdakı cinayətlər baş vermişdir: "1918-ci il dekabrın ortalarında ermənilər Hoqa kəndində 55 Azərbaycanlı evini dağıtmış, mülkədar Cavanşirin malikanəsini yandırmış, ailə başçısı Əsəd ağa Cavanşiri, onun oğlu Sultan ağanı, qızı İranə bəyimi, qardaşı qızı Fatma bəyimi, qulluqçusu İnci Abış qızını və Vəli Kərbəlayı Ələsgər oğlunu öldürmüş, dərilərini soyub xəncərlə doğramışlar. Onların bütün əmlakı, heyvanları və kənd təsərrüfatı aləti aparılmış, ev və tikililəri yandırılmışdır». (ARDA: f. 970, siy. 1. iş 161, vər 1). Bunu Gəncə qubernatoru Vəkilov da məruzəsində bildirmişdi. (ЦГАОР Азербайджан, фонд 894, опись 10, дело 104, л.4-4а.)

         Mixaylovun məruzəsinə görə, Hoğa kəndi qarışıq şenlik olub, əhalisi mehriban yaşayırmış. Şahidlərin verdiyi məlumatlara görə, Cəbrayıl qəzası müsəlman milli Şurası ermənilərlə əvvəlki mehriban qonşuluq münasibətlərini bərpa etmək üçün hər cür cəhdlər göstərir və çalışırdılar ki, Hoğa kənd icmasına daxil olan kəndlərin əhalisini bu acınacaqlı vəziyyətdən çıxarsınlar.

         Abbasqulu ağanın törəmələri XX əsrin birinci yarısında ard-arda bir neçə də faciə yaşamışdı. Onlar yanğından qurtarıb, yağmura düşürdülər.

         Qeyd edək ki, ermənilər və onların tarixi havadarlarının yurdumuzun və yurddaşlarımızın başına gətirdikləri müsibətlər tez unuduldu və unutduruldu. XX əsrin sonunda həmin hadisələri bir də yaşadıq.

Abbasqulu ağanın törəmələrindən bəziləri Abbasquluyеv soyadını daşıyır.

Abbasqulu  ağa  Cavanşir Əzət  xanımla  yaşam  qurmuşdu. Həsən  ağa,  Hümay  ağa,  Surxay  ağa, Hüseyn ağa  adlı  oğulları,  Bikə  bəyim,  Şərəfcahan  bəyim  və  Bülqеys  bəyim  adlı  qızları  vardı.

Kimdir bu torpağın yiyəsi? Kim haqlıdır? Bütün bu suallara, tarixi qaynaqlara və hüquqi sənədlərə söykənməklə tutarlı cavablar vermək mümkündür.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

12:44