Rza bəy Qaraşarlı: Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri

1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olmuş, gərgin və mürəkkəb ictimaisiyasi şəraitdə fəaliyyət göstərmiş, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və digər sahələrdə həyata keçirdiyi işlərlə Azərbaycan xalqının tarixində parlaq iz qoymuşdur. Azərbaycan Xalq Cümhuriyyətini yaradanlardan biri də Rza bəy Qaraşarlıdır.

Rza bəy Qaraşarlı: Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri

Rza bəy Şuşada, Qarabağda tanınmış Qaraşarlı soyundandır. Bu soyun ulu babası Qaraşar bəy Bilici-Kəngərlidir. O, Naxçıvan şəhərində anadan olmuşdu.

Qaraşar bəy Abbasqulu xan Kəngərlini dəstəkləyirdi. 1787-ci ildə ildə Kəlbəli xan Kəngərli Abbasqulu xanı devirib xanlığa yiyələnir. İbrahimxəlil xan Cavanşir məktub yazıb Abbasqulu xana ümid verir ki, yaxın çağlarda yenidən Naxçıvana yürüş edəcək. Yürüş alınmır. Qaraşar bəy və övladları qaçqın düşür. Onun nəvələrindən Məşədi Tanrıverdi bəy və Məşədi Məhərrəm bəy Qarabağa, üçüncü oglu isə Qaradağa üz tutur.

Qaraşar bəyin Hümbət bəy adlı oglu vardı.

Hümbət bəy Qaraşar bəy oğlu Naxçıvan şəhərində doğulmuşdu. Doğma yurdundan qaçqın düşəndən sonra Cavanşir-Dizaq mahalının Seyidmahmudlu, Qaraxanbəyli obalarında binələmiş, sonra Şuşa şəhərində butalanmışdı.

Hümbət bəyin Tanrıverdi bəy, Məhərrəm bəy adlı oğlanları vardı.

Tanrıverdi bəy Hümbət bəy oğlu 1782-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Mehdiqulu xan Cavanşirin divanxanasında fərraş olmuşdu. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.

Məşədi Tanrıverdi bəy Əsma xanımla ailə qurmuşdu. Həsən bəy adlı oglu, Mehri xanım adlı qızı vardı.

Həsən bəy Məşədi Tanrıverdi bəy oğlu 1818-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi-müəzzəmi ziyarət etmişdi.

Hacı Həsən bəy Mələk xanımla ailə qurmuşdu. Qasım bəy, İbrahim bəy, Baba bəy, Abdulla bəy adlı oğulları, Dürnisə xanım, Nabat xanım adlı qızları vardı.

Rza bəy Qaraşarlı: Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri

Hacı Həsən bəyin üçüncü oğlu Baba bəy 1853-cü ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra şəhər məktəbində oxumuşdu. Ticarətlə məşğul olurdu.

Kərbəlayı Baba bəy xanəndə idi. Qarabağda oxumağı ilə yeni yol açmışdı. Cəlil bəy Bağdadbəyov yazır: «Kərbəlayı Babanın «Sallama» və «Çoban-bayatı»sının misli-bərabərini görmədim. Səsi çox zil olub, baş səsi idi».

Kərbəlayı Baba bəyin Məmməd bəy, Rza bəy, Əhməd bəy adlı oğulları vardı.

Kərbəlayı Baba bəyin ikinci oğlu Rza bəy 1891-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Şəhər real məktəbini bitirmişdi. Sonra ali savad almışdı.

Rza bəy Qaraşarlı 1911-ci ildə Gəncə mədrəsəsində dərs demişdi. Məlumata görə, mədrəsədə dərslərin necə keçirildiyini öyrənmək üçün 1911-ci ildə burada təftiş aparılıb. Bu haqda xəbər verən “Yeni Həqiqət” qəzeti yazır ki, qonaqları müdir Pişnamazzadə, valilik qazısı Qazızadə, Şəhər İdarəsindən Ziyadxanov, Əliəkbər Rəfibəyov, doktor Həsən bəy Ağayev və hüquqşünas Nəsib bəy Yusifbəyov qarşıladılar. Bu şəxslərin hamısı dərslərdə oturub. Rza bəy Qaraşarov köhnə dərsi müzakirə edib. Şagirdlərin rus dilini zəif bilməsinə irad tutulduqda tərcüməçi N. Yusifbəyli bildirib ki, uşaqlar bu dili yalnız mədrəsədə eşidirlər. (http://yazar.in/yazi_shexsiyyet_4766.html)

Rza bəy Qaraşarlı 1912-ci ildə müəllim, şair Abdulla Surun qəbri üstündə bir nitq söyləmişdi. Həmin çıxışdan: “Mədrəsənin riyaziyyat müəllimi Rza bəy Qaraşarov cənabları başlayaraq tərcümeyi-halına dair bir uzun nitq söylədi: Mərhum Abdulla əfəndi 1877 tarixində təvəllüd etmiş və 1896-cı sənəsində açılan məktəbi-xeyriyyədə təhsilə şüru etmiş. Sonra məzkur məktəbdə müəllim tə’yin edilərək tədris etməyə başlamış. 1900 sənəsində məzkur milli məktəb şəklindən çıqıb rusmüsəlman məktəbi olmuş. Bir qaç yıldan sonra bu qəyur cavan Tiflis şəhərinə getmiş, orada “Şərqi-Rus” qəzetəsinə mühərrir və müsəhhih olmuş, sonra Bakıya gedib beş-altı ay qədər də orada iqamət edərək, oradan doğru İstanbula getmiş. Üç sənədən ziyadə fəqr və fəlakət içində, orada fəna və ucuz lokanta (restoran)larda yemək yeyərək, gecə-gündüz təhsil ilə uğraşıb durmuş. Mərhumun böylə üful etməsinə əsl səbəb də İstanbulda keçirdiyi günlər olsa gərək... Çünki onu məhv edən bu xəstəlik orada ikən başlamışdır. Mərhum İstanbulda ən çoq lisan, tarix və ədəbiyyat ilə iştiğal etmişdir. İkmali-təhsil etdikdən sonra doğru Gəncəyə gələrək mədrəseyiruhaniyyədə millət yavrularının gözünü, fikrini açmağa başlamışdır”. (H.Cavid Əsərləri. 5 cilddə. V cild. Bakı: "Lider-nəşriyyat", 2005. 288 səh.)

Rza bəy Qaraşarlı: Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri

Rza bəy Qaraşarlı 1918-ci ilədək müxtəlif məktəblərdə riyaziyyat müəllimi işləmişdi. Sonra Qafqaz Xeyriyyə cəmiyyətində çalışmışdı.

Rza bəy Qaraşarlı Sosialist firqəsinin üzvü idi. “Azərbaycan” qəzetinin 22 noyabr 1919-cu il tarixli sayındakı “Bakı xəbərləri” rubrikasında “Yeni bir sosialist firqəsi” başlıqlı yazıda oxuyuruq:

“Kəndçi, fəhlə və zəhmətkeş, ziyalı qisim əhaliyi bir araya toplayıb onları Azərbaycan daxilində və xaricindəki əksinqilabi qüvvələrdən müdafiə etmək üçün yeni Azərbaycan sosialist inqilabiyyun “Xəlqçi” firqəsi təsis olunmuşdur. Firqənin ümumi iclasında işbu əşxasdan ibarət Bakı Komitəsi seçilmişdir: Sədr Aslan bəy Safikürdlü, müavini-sədr Rza bəy Qaraşarlı, katib Rzaqulu Həsənov və xəzinədar Yusif Ağabəyov. Hər barədə məlumat almaq üçün Parlaman binasında sosialistlər fraksiyonunda hər gün saat 10-dan 2-yə kimi firqənin komitəsinə müraciət etmək olur.”

Rza bəy Qaraşarlı Azərbaycan Demokratik Respublikasının parlamentinin üzvü olmuşdu.
Gəncə quberniyasının Qazax qəzasındakı ağır vəziyyəti etiraf etmək məcburiyyəti qarşısında qalan AXC hökumətinin rəsmi orqanı “Azərbaycan” qəzeti yazırdı: “Qazax qəzasında qanunsuzluq olduğundan, buraya parlaman üzvü Rza bəy Qaraşarov xüsusi müvəkkil təyin edilmiş və ona 600 nəfərlik əsgəri dəstə ilə bərabər, böyük ixtiyarlar verilmişdir”. Qazax kəndliləri AXC hökumətinin cəza dəstələrini silahla qarşıladılar. Onlar bolşeviklərin başçılığı ilə qəzanı öz nəzarətləri altına alaraq, buraya müsavat hökumətinin bir nümayəndəsini belə buraxmırdılar”.

Rza bəy Qaraşarlı bir neçə iclasa katiblik etmişdi. Parlamentin sonuncu iclasının da katibi olmuşdu. Qaynaqda qeyd olunur: “ 27 aprel, 1920-ci il. Saat 20.45. Azərbaycan Cümhuriyyət Parlamenti sayca 145-ci, eyni zamanda sonuncu dəfə toplanır. Parlament sədri Əlimərdan bəy Topçubaşov Bakıda olmadığı üçün fövqəladə iclasa onun mavini Məhəmməd Yusif Cəfərov sədrlik edir, katib isə Rza bəy Qaraşarlıdır. (https://azlogos.eu/28-apreldən-bir-gun-əvvəl-nə-bas-vermisdi/)

Rza bəy Qaraşarlı 1920-ci ildən sonra Bakı baş milisinin rəis müavini işləmişdi. O, 1922-ci ildən sonra Azərbaycan Xalq Maarif komissarlığında çalışmışdı.

Rza bəy Qaraşarlı: Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri

Rza bəy Qaraşarlı repressiya olunub.

Biz Azərbaycan Respublikasında, müstəqil ölkəmizdə bu gün müstəqil dövlət kimi yaşayırıq, öz milli azadlığımızın möhkəmlənməsi üçün çalışaraq 1918-ci ildə Azərbaycanda ilk demokratik, müstəqil dövlətin, müstəqil demokratik hökumətin yaranmasını böyük iftixar hissi ilə qeyd edirik. İlk Azərbaycan Demokratik Respublikasının yaradıcılarını bu gün böyük minnətdarlıq hissi ilə xatırlayırıq.
 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

16:37