Allahverdi bəy Ağayev: Göydə Allah, yerdə Allahverdi..

Şəxsiyyətlər  tarixdə öz gözəl, xeyirxah əməllərinə görə yaşayır və gələcək nəsillərə örnək olurlar. Böyük xeyriyyəçi, qayğıkeş insan, maarifçi, sərvətini elinin milli-mədəni, sosial-iqtisadi inkişafı yolunda əsirgəməyən səxavət sahibi Allahverdi bəy Ağayev məhz belə şəxsiyyətlərdən biri idi.

         Allahverdi bəy Qarabağda tanınmış ağayevlər soyuna məxsusdur. Bu soyun ulu babası Qiyasəddin ağadır.  Qiyasəddin ağa təxminən 1633-cü ildə Qarabağın Dizaq qəzasının Qarğabazarı kəndində dünyanı tanımışdı. Mədrəsə təhsili almışdı. Kəndlərinin kədxudası оlmuşdu. Qurucu və xeyrxah adam idi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.

         Hacı Qiyasəddin ağa hicri 1095-ci ildə (1683/84-cü il) Qarğabazarı kəndində məscid tikdirmişdi.

         Hacı Qiyasəddin ağanın Məhəmməd ağa adlı оğlu vardı.

         Məhəmməd ağa Hacı Qiyasəddin ağa oğlu Qarabağın Dizaq qəzasının Qarğabazarı kəndində dünyaya boy göstərmişdi. Mədrəsə təhsili almışdı.

         Məhəmməd ağanın Qiyabəddin ağa adlı oğlu vardı.

         Qiyabəddin ağa Məhəmməd ağa оğlu 1697-ci ildə Qarğabazar kəndində anadan оlmuşdu. Mədrəsə təhsili almışdı. Uzun müddət kəndlərinin kədxudası оlmuşdu. Qurucu və xeyrxah adam  idi. 

         Qiyabəddin ağanın Cəmaləddin ağa adlı oğlu vardı.

         Cəmaləddin ağa Qiyabəddin ağa oğlu XVIII yüzilin ortasında Xırdapara-Dizaq Qarğabazar kəndində yaşamışdı. Molla yanında oxumuşdu. Kəndlərinin kədxudası olmuşdu.

         Cəmaləddin ağanın İbrahim ağa adlı oğlu vardı.

         İbrahim ağa Cəmaləddin ağa oğlu XVIII yüzilin ikinci yarısında Xırdapara-Dizaq Qarğabazar kəndində yaşamışdı. Molla yanında oxumuşdu. Kəndlərinin kədxudası olmuşdu.

         İbrahim ağanın Əbdürrəhim bəy adlı oğlu vardı.

         Əbdürrəhim  bəy  İbrahim  ağa  oğlu  1782-ci  ildə  Xırdapara-Dizaq  mahalının  Qarğabazarı  kəndində  anadan olmuşdu. Mədrəsə  təhsili  almışdı. Kəndlərinin  kovxası  olmuşdu. İbrahimxəlil  xanın  təliqəsi  ilə  vergidən  azad  olunmuşdu. Mülkədar  idi. Mahalın  ərazisində  xeyli  torpaq  sahəsinə  yiyələnmişdi.

         Əbdürrəhim bəyin törəməsi Ağayev soyadını daşıyırdılar.

         Əbdürrəhim  bəy  Vəzuhə  xanımla  ailə  qurmuşdu. İbrahim  bəy,  Kamal  bəy,  Şərif  bəy,  Rəfi  bəy,  Səfərəli  bəy  adlı  oğulları  vardı.

         İbrahim bəy Əbdürrəhim bəy oğlu 1812-ci ildə Xırdapara-Dizaq mahalının Qarğabazarı kəndində doğulmuşdu. Molla yanında oxumuşdu. Atasından sonra kəndlərinin kədxudası olmuşdu. Müqəddəs Məkkəyi-müşərrəfi ziyarət etmişdi. Bölgənin sayılan adamlarından biri idi.

         Hacı İbrahim bəy Xanım xanımla yaşam qurmuşdu. Allahverdi bəy, Ağa bəy adlı oğulları, Zalxa xanım, Tutu xanım adlı qızları vardı.

         Allahverdi  bəy Hacı  İbrahim  bəy  oğlu Ağayev 1843-cü  ildə  Şuşa qəzasının Vərəndə sahəsinin Qarğabazar  kəndində  dünyaya  göz  açmışdı. İbtidai  təhsilini  kəndlərində  almışdı. Sonra  Şuşa  şəhərində  oxumuşdu. Rus  ordusunda  xidmət  etmişdi.

Allahverdi  bəy Ağayev podporuçik,  sonra  poruçik  rütbələrini  daşımışdı.

         Allahverdi  bəy Ağayev  öz  mülkünü  1883-cü  ildə  açılan  məktəbə  vermişdi. Buna görə qubernatordan, qəza rəisindən, Qafqaz şeyxülislamlığından, Yelizavetpol Ruhani məclisindən, qəza qazısından, eləcə də maarifçi ziyalılardan təşəkkürnamələr, məktublar almışdı. Onun həyat və fəaliyyətinə aid bu sənədlərdən məlum olur ki, o, bütün Qafqazda və Qarabağda yaxşı tanınmış və sevilmişdir.

         Xeyriyyəçi və səxavətli insan, böyük şəxsiyyət, müdrik el ağsaqqalı Allahverdi  bəy Ağayev       özündən sonra yaxşı ad qoymuşdu. Köhnə kişilər tarixdə öz gözəl, xeyirxah əməllərinə görə yaşayır və gələcək nəsillərə örnək olurdular.

         Bir gün bir Qarğabazarlının yolu Ağdama düşür. Dükan-bazarı gəzib dolandıqdan sonra möhkəm acır. Cibində də pulu azımış. Bir evə baş vurub, su istəyir. Qarabağda su istəyənə yemək də təklif edirlər. Qərəz bu kişi yaxşıca yeyib, kəmərinin altını bərkidir. Çay içə-içə ev sahibinə deyir:

         -Qardaş, mən Qaryagin qəzasının Qarğabazar kəndindənəm. Adım da Allahverdi bəydir. Birdən bir şeyə ehtiyacınız olsa, çəkinməyin.

         Sağollaşıb ayrılırlar. Bir neçə vaxt keçəndən sonra Qarabağda möhkəm aclıq düşür. Ağdamlı deyir ki, mənim Qaryagin tərəfdə bir qonaqçam var. Keçənlərdə mənə söz vermişdi ki, çətinlik olsa, baş çək. Ta bunda o yana nə çətinlik?! Tez öküz arabasını qoşur, düşür yola. O gədik, bu aşırım, yetirir Qarğabazara. Allahverdi  bəy Ağayev  eyvanda əyləşmişimiş. Baxır ki, kəndə sarı öküz arabası gəlir. Tez ayaqçılardan birini göndərib, arabanı həyətə çəkdirir. Kişiyə çay-çörək, meyvə-çərəz. Yeyib-içib, gözü işığa gəlir. Tanışlığın binasını qoyurlar. Qonaq deyir, mən ağdamlıyam. Bu kənddə bir qonaqçam var, adı da Allahverdi  bəydir. Bizdə aclıqdı. Mənə yardım boyun olmuşdu. Mən də göydə Allah, yerdə Allahverdi deyib gəlmişəm.

         Allahverdi  bəy Ağayev üz tutur qonağa:

         -Qardaş, Allahverdi  bəy burda yoxdu. Uzaq səfərə gedib, mən onun qardaşıyam. Narahat olma, nə lazımsa, yardım edəcəyik. Sən istirahət elə.

         Allahverdi  bəy Ağayev ayaqçılara tapşırır. Anbarı açıb öküz arabasını yükləyirlər. Səhər yeməyini yeyəndən sonra ağdamlı Allahverdi  bəy Ağayevin atasına rəhmət oxuya-oxuya yola düzəlir.        

Allahverdi  bəyin  İbrahim  bəy  adlı  oğlu,  Əsmət  xanım  adlı  qızı  vardı.

Sağlam ictimai-siyasi, mədəni və mənəvi mühitin yaradılmasında - cəmiyyətin iqtisadi cəhətdən yüksəlməsində, milli mədəniyyətin tərəqqisində, ailələrin möhkəmlənməsində,  maarifin inkişafında ağsaqqalların rolu, təbii ki, çox böyükdür. Biz də bir böyüklük nümunəsini qələmə aldıq.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

15:14