Kitaba salmadığım bir əhvalat..

Nasirəddin şah ovda

 

2005-ci ildə Güney Azərbayacanın Qaradağ vilayətinin 1545-ci ildən 1828-ci ilədək hakimi olmuş xan sülaləsi Qaradağlıların şəcərə kitabını hazırlayırdım. O zaman Lider TV sədri və bu şəcərinin nümayəndəsi olan dostum Vüqar Qaradağlı kitabın (Ənvər Çingizoğlu, Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.) bütün xərcini boynuna götürmüşdü. İranın kitabxanalarında, Azərbayxanın, Gürcüstanın, Türkiyənin və Rusiyanın arxivlərində işləyib ortalığa bir kitab çıxardım. 

13 sentyabr 1907-ci ildən 21 dekabr 1907-ci ilədək Qacarlar dövlətinin baş naziri olan, general-leytenant, Sepahsalar ləqəbli Məhəmmədvəli xan Həbibulla xan oğlu Tənkabuninin (1846-1926) bir Qaradağlı soyunun bir nümayəndəsi haqqında xatirəsini kitaba daxil etmədim. Nədənini açıqlayım.

...Atam Saidüddövlə ləqəbli, general-mayor Həbibullah xan Hacibüddövlə Məhəmmədkazım xan İsmayıl xan oğlu Qaradağlı ilə dost idi. Məhəmmədkazım xan atasından sonra Nasirəddin xanın fərraşbaşısı təyin olunmuşdu. Şahənşahın bütün təşrifatlarından, əmin-amanlığından o məsul idi. Nasirəddin şah ov həvəskarı idi. Məmləkətin ov bol olan yerlərinə şikara çıxardı. Bir dəfə də bizim Mazandarana, Nur, Lar və Kacor tərəflərə gəlmişdi. O zaman mən gənc bir polkovnik idim. Atam məni də götürüb, şaha baş çəkməyə yollandı. Şahın çadırının yaxınlığında Məhəmmədkazım xan Qaradağlı ilə rastlaşdıq.  Fərraşbaşı çox şiriindilli idi. Atamla görüşəndən sonra mənimlə təmas tutub, boyumu sevdi. Çadırın yanında əl-qolu sarınmış bir şəxs vardı. Atam onu göstərib dedi:

-Ağaye fərraşbaşı, bu babi kimdir?

-Ağaye mirpənc, bu səhər şahənşah atını minib, ovlağa sürmək istəyəndə, bununla rastlaşıb, məni çağırdı. Tez irəli atı sürüb, bunu gördüm. Danaboyun eləyib, gətirdim. Xub, çubuqlatdırdım. Deyir ki, Mirzə Hüseynəlidən şahənşaha namə gətirib. Mirzə Hüseynəli də sizin Nur şəhərindəndir. Bəhailərin başçısıdır. Şahənşahı ov etməyə buraxmayıb, çadıra gətirmişəm. Bu köpəkuşağı babilərin hamısı xunxar, xəncərkeşdilər. Deyirəm ki, xudanəkərdə, bu xunrizlərdən şahənşaha sədəmə toxunar. Yoldaşlarının yerini demir. Fərraşlar, keşikçilər tökülüb, dağ-daşı gəzirlər. Heç kimi tapmayıblar.

Elə hey üdüləyir, tökür ki, bu naməni mənə Akkada Həzrəti Bəhaullah verib, deyib ki, get İrana, məktubu çatdır şahənşaha. Bir qat dərisini çıxartdırmışam, Nuh deyir, peyğəmbər demir. Söyləyir ki, İranzəmində babi, bəhai boldur. Amma mən burda təkəm və şərikim yoxdur. Mən ancaq məktub gətirmişəm, başqa günahım yoxdur.  

Bu babiyə and içib, bildirdim ki, yoldaşlarının kimliyini və yerini desin, onu ölümdən qurtarım, üstəlik də şahənşahdan ənam alım, verim.  Heç nə istəmir. Ağaye mirpənc, inanın Allaha, sobadan od götürüb. Dağlatdırmışam, yenə də cınqırını çıxarmır. Deyir öldürürsünüz, öldürün. Mən həqiqəti söyləyirəm.

Şahənşahla razılaçıb, daha ağır cəzalar tətbiq etdim. Odda yandırdım, suda batırdım, qanqallıqda sürütdürdüm. Ancaq gülürdü. Gülüşü məni təbimdən çıxardı. Qırx qatıra, yeddi dəvəyə bağlatdırıb, çəkdirdim. Gülür ki, gülür. Köpəkoğlu bəng də atmayıb. Niyə bu qədər dözümlüdü, bilmirəm. Görürsünüz ki, çarmıxda da hələ gülümsəyir..

İlyarım keçəndən sonra şahənşahın ətabat səfərində, Kirmanşahda Məhəmmədkazım xan dəli oldu. Onu Kərbəlaya zəncirdə apardılar. Yolda hər cür dəlilik edirdi. Çığıra-çığıra vəfat etdi.

Mən Azərbaycanın valisi olanda Məhəmmədkazım xan Qaradağlının övlad-uşaqları ilə maraqlandım. Dedilər ki, nəvəsi bazarda dilənir...

Əlbəttə məni qınayan da tapılacaq.

 

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf  

18:24