Seyid Miriş ağa Ağamirzadə: Difaiçilərin seyidi..

“Difai” təşkilatında səngərə sipər, düşmənə çəpər oğullardan biri də Seyid Miriş ağa Ağamirzadə olub.

Seyid Miriş ağa Qarabağda, Şuşada tanınan ağamirovlar soyuna mənsubdur. Musəvi seyidlərindən olan ağamirovlar orta çağda Xorasandan Qarabağa, XVIII əsrin ortalarında Şuşa şəhərinə köçmüşdülər. Şuşa şəhərini ilk şərəfləndirən Mir Səbur ağa olub.

Mir Səbur ağanın Mir Fəseh ağa adlı oğlu vardı.

Mir Fəseh ağanın Mir Fərzənd ağa, Seyid Əsəd ağa, Seyid Zeynalabdin ağa adlı oğulları vardı.

Mir Fərzənd ağa Mir Fəseh ağa oğlu Şuşa şəhərində doğulmuşdu.

Mir Fərzənd ağanın Mir Əhməd ağa, Mir Mehdi ağa adlı oğulları vardı.

Mir Əhməd ağa 1810-cu ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.

Hacı Mir Əhməd ağa Pərzad xanım Hacı Əmiraslan bəy qızı ilə və Gövhər xanımla ailə qurmuşdu. Mir Möhsün ağa, Mir Rza ağa, Mir Əbutalıb ağa, Mir Hüseyn ağa, Mir Cəlal ağa, Seyid Yusif ağa, Seyid İsmayıl ağa, Mir Fəttah ağa, Mir Məhəmməd ağa adlı oğulları, Seyid Xanım xanım, seyid Səltənət xanım adlı qızları vardı.

Mir Möhsün ağa Hacı Mir Əhməd ağa oğlu 1832-ci ildə Şuşa şəhərində dünyaya göz açmışdı. Görkəmli  alim,  rəssam,  musiqi  nəzəriyyəçisi,  tarixçi,  nəqqaş,  xəttat,  şair,  ədəbiyyatşünas,  astronom  kimi  tanınmışdır. Nəvvab təxəllüsü ilə yazmışdır.

Mir Möhsün ağa Nəvvab 1918-ci ildə vəfat edib.

Mir Möhsün ağanın Ağamir ağa, Mir İbrahim ağa, Mir Haşım ağa, Mir Vahab ağa, Mir Əhməd ağa adlı oğulları, Zəhra xanım, Səkinə xanım, Sürəyya bəyim, Qəmər bəyim, Rəxşəndə xanım, Pərizaman xanım adlı qızları vardı.

Mir Möhsün ağanın ikinci oğlu Mir İbrahim ağa 1872-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Ailədə Seyid Miriş ağa çağrıldığından Şuşada da bu adla tanındı. İbtidai təhsilini atasından almışdı. Sonra Şuşa Real məktəbində oxumuşdu.

Mir Möhsün ağa Nəvvab oğlunun şeirlərini təzkirəsinə daxil edərkən yazırdı: “Mir İbrahim Mir Möhsün Nəvvabın oğludur. Qarabağın Şuşa şəhərində 28 rəbüssani 1288-ci ildə, gün çıxandan 3 saat 52 dəqiqə keçmiş, Sünbilə bürcünün 9-cu dərəcəsində anadan olmuşdur. Yuxarıda qeyd olunmuş tarixdə (yəni 1309-cu ildə) yaşı 21-ə çatır. Elmdə, təhsildə və şeirdə təzədir. Farsca, rusca, fransızca oxuyur. Həvəsləndirmək və maraqlandırmaq məqsədilə onun bir neçə şeirini bu təzkirəyə qeyd etdim. Şeirlərini “Miriş” ləqəbiylə yazır”. (M. M. Nəvvab, Təzkireyi-Nəvvab, Bakı, Azərbaycan Nəşriyyatı, 1988, s.428)

Seyid Miriş ağa Ağamirzadə 1903-cü ildə atasının açdığı qiraətxananın müdiri olmuşdu. Uzun illər bu mədəniyyət ocağında Qarabağ əhalisinə xidmət etmişdi.  

Seyid Miriş ağa Ağamirzadə "Difai" təşkilatının üzvü idi. 1905-1906-cı illər erməni-müsəlman toqquşmalarında igidliyi sayəsində neçə-neçə günahsızı ölümdən qurtarmışdı. Mir Möhsün Nəvvab bu barədə yazır:  «Müsəlmanlar da bir neçə yerdə səngərlər tərtib etmişdilər. Birinci səngər Vəzirzadələrin evinin qabağında, ikinci səngər isə Hacı Həsən Qaraşirzadənin evinin içində və baş tərəfində idi. Bu səngərləri tərtib edən və onların başçısı Abbas bəy Talıb bəy oğlu idi. Üçüncü səngər isə Məşədi Kərimin və erməni Xaçatur oğlunun evləri idi. Bu səngərləri yaradan və onların rəhbəri bizim Mir İbrahim Ağamirzadə idi. Dördüncü səngər isə Ağadədəlidə idi. Onun da böyüyü və rəhbəri Əfrasiyab Hacı Əzim oğlu idi. Beşinci səngər Təzə məhəllədə yerləşirdi. Onun rəhbəri isə Məşədi Abış Bəylər oğlu idi. Altıncı səngər isə mərhumə Gövhər ağanın evi və həyəti idi. Bu səngərin rəhbəri və istiqamətvericisi cənab Axund Molla Şükür idi». (M. M. Nəvvab, 1905-1906-cı illərdə erməni-müsəlman davası, Bakı, 1993, s.24).

1907-ci ildə “Difai” təşkilatının qanadı “Qarabağ məclisi”nin fəalları kütləvi həbsə məruz qaldılar.

Seyid Miriş ağa Ağamirzadə Müsavat partiyasının üzvü olmuşdu. Müsavatın vilayət komitəsi Şuşaya köçməmişdən əvvəl Mərkəzi Komitə Sеyid Miriş Ağamirzadəyə və tündməcaz хasiyyətinə və хaraktеrinə görə vaхtı ilə Bakıda şəhər Müsavat təşkilatlarının birində işləmiş həkim İslam Tahirbəyliyə Şuşa komitəsinə daхil olmağa icazə vеrilməməsini tapşırmışdı.

Seyid Miriş ağa Ağamirzadə 1920-ci ildə Şuşa əhalisi su ərzaq, su, tədris ləvazimatı və sairədən korluq çəkəndə vəziyyətdən çıxmaq üçün təşkil edilmiş komissiyanın sədri olmuşdu.

Seyid Miriş ağa Ağamirzadə 1920-ci ilin oktyabr ayının 22-də tədris ləvazimatı almaq üçün Tiflisə getmişdi.

Seyid Miriş ağa Ağamirzadə 1922-ci ilin may ayının 9-da Şuşada aclıq çəkən əhaliyə yardım komissiyasının katibi olmuşdu.  

Seyid Miriş ağa Ağamirzadə 1925-ci ildə Şuşa su təchizatı komissiyasının sədri olmuşdu.

Seyid Miriş ağa Ağamirzadə 1926-cı ildə Şuşa şəhərindən III Sovetlər qurultayına üzv seçilmişdi.

Seyid Miriş ağa Ağamzadə sovet dönəmində öz silah dəstini muzeyə vermişdi.

Seyid Miriş ağa Ağamirzadə şair idi. Miriş və Münir təxəllüsləri ilə xoştəb şeirlər yazırdı. Şeirlərindən bir örnək:

 

Gəldi yay, oldu behişt Şişənin hər küçələri,

Güllər açıldı, bəzəndi gül ilə meşələri.

Qami əhbab yığışmış, cəm olub şəhrə təmam,

Neçə aylardı yanan qəlbimiz olmuş aram,

Çağıraq məclisə gəlsin neçə nazəndə xüram,

Tutaq əllərdə sürahi, dolu qanyaq ilə cam,

Alaq hər bir cürə kamı, götürək busələri.

 

Seyid Miriş ağa Ağamirzadə 2 iyun 1948-ci ildə Şuşa şəhərində vəfat etmişdi.

Seyid Miriş ağa Ağamirzadənin övladı olmayıb. Əmisi qızının qızını saxlayıb.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

14:39