Məşədi İbrahim Mirzəsəmədov: ticarətdən neftxudalığa qədər

Şuşada Bazarbaşı deyilən yerdən Şeytanbazara qədər uzanan üstüörtülü ticarət mərkəzi və şəhərin əsas küçəsi Rastabazar adlandırdı. Rastabazarın sıra ilə düzülən və daşları bir-birinə qurğuşunla bərkidilən sütunlardan, tağlardan ibarət olan və qalereyanı xatırladan səkiləri başdan-başa örtülü olduğundan bütün fəsillərdə quru və təmiz qalırdı. Küçənin ortası ilə nəqliyyat vasitələri hərəkət edirdi. Orta əsr Şərq üslubunda zövqlə tikilən bu bazar həm də şəhərə xüsusi yaraşıq verirdi.

Qarabağ zonasında Şuşa, Cəbrayıl (Qaryagin) və Cavanşir qəzalarında hasil edilən barama əsasən Şuşa bazarında satılırdı. Şuşada xalça, arşın mal, şərab, mal-qara, ət ticarəti ilə məşğul olan çoxlu müəssisə və baqqal dükanı vardı. Şəhərin azərbaycanlı tacirləri arasında Q. M. Səfərov, Ş. M. Kazımov, L. K. Məmmədov və başqaları xüsusilə fərqlənirdi. (Əzizov Türyan Əziz oğlu. Azərbaycan XX əsrin əvvəllərində. Bakı, «Zaman», 1997. 256 səh. s.44) Şuşanın II gildiya tacirlərindən biri də İbrahim Mirzəsəmədov idi.

Məşədi İbrahim Qarabağda, Şuşada tanınmış mirzəsəmədovlar soyundan idi. Bu soyun ulu babası Səməddir. Səməd XVIII yüzilin sonu, XIX yüzilin önlərində Şuşa şəhərində yaşamışdı. Savadlı olduğundan mirzə ünvanı daşıyırdı.  Qarabağ xanının  vəliəhdi Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşirə xidmət etmişdi. Onun vəfatından sonra Cəfərqulu xanın yanında katib olmuşdu.

Mirzə Səmədin törəmələri Mirzəsəmədov soyadını daşıyırdılar.

Mirzə Səməd Zəhra ilə ailə qurmuşdu. İbrahim, Məmmədhüseyn adlı oğlanları vardı.

İbrahim Mirzə Səməd oğlu 1805-ci ildə Şuşa şəhərinin Ağadədəli məhəlləsində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Xırda ticarətlə məşğul olmuşdu.

İbrahim 1855-ci ildə vəfat etmişdi.

İbrahimin Ağa adlı oğlu, Nobat adlı qızı vardı.

Ağa İbrahim oğlu Mirzəsəmədov 1827-ci ildə Şuşa şəhərinin Ağadədəli məhəlləsində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Ticarətlə məşğul idi. Rastabazarda topdansatış dükanları vardı. Gəncə, Bakı, Təbriz və Məşhəd şəhərləri ilə alver edirdi.

Ağanın İbrahim,  Şükür, Bəşir, adlı oğlanları vardı.

İbrahim Ağa oğlu Mirzəsəmədov 1865-ci ildə Şuşa şəhərinin Ağadədəli məhəlləsində dünyaya gəlmişdi. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhər məktəbində oxumuşdu. Rus, fars və qismən də fransız dillərini bilirdi.

Məşədi İbrahim Mirzəsəmədov ticarətlə məşğul idi. Rastabazarda topdansatış dükanları vardı. Bakı, Aşqabad və Məşhəd şəhərləri ilə alver edirdi.

Məşədi İbrahim Mirzəsəmədov XX əsrin əvvələrində mədənçilik işlərinə girişmişdi. Şəriki Bəylər İmanovla 25 iyun 1910-cu ildə Yelizavetpol Torpaq təsərrüfatı və Dövlət Əmlakı idarəsinə ərizə yazıb, Cavanşir qəzasının Hacıalılı obasının ərazisində və Naftalanda neft axtarmağa icazə istəyirdi. Ərizəsində bildirmişdi ki, Şuşa şəhərinin Mehmandarov küçəsində yaşayır. (ARDTA, fond 23, siyahı 1, saxlama vahidi 686, vərəq 32.)

Belə ki, XIX əsrin axırlarında Azərbaycanda sənaye neftinin çıxarılmasının sürətlə inkişafı başlamışdı. Naftalan da neftxudaları, sahibkarları, iş adamlarını özünə cəlb etmişdi.

1868-ci ildə Qafqaz Diyarının Dağ-Mədən Hissəsinin İdarəçiliyi tərəfindən alman milliyətinə mənsub 8 nəfərə Naftalan yatağının yerləşdiyi ərazidə 80 desyatin torpaq sahəsi ayrımışdı. Həmin almanlar arasında xüsusi fəallığı ilə seçilən dağ mühəndisi Y.İ.Yeger 1892-ci ildə hasil etdiyi neftin tərkibində benzin fraksiyalarının olmadığını (bu neft yanmırdı) görərək, əvvəlcə məyus olsa da, sonradan naftalanın müalicəvi xüsusiyyətlərindən xəbər tutur və maz istehsalı üçün Naftalanda kiçik bir zavod qurur. Həmin zavodda "Naftalan" və "Kojelon" adlı preparatlar hazırlanırdı. Hazırlanan dərman preparatları isə Almaniyanın vasitəçiliyi ilə Yaponiyaya, Amerikaya, İngiltərəyə, Hollandiyaya və başqa kapitalist ölkələrinə satılırdı.

1896-cı ildə həkim F.Q.Rozenbaum Qafqaz Səhiyyə Cəmiyyətinin iclasında öz şəxsi təcrübəsi əsasında ''Qafqazda çıxarılan Naftalanın təsiri haqqında'' qısa məlumatla çıxış etmişdi.

Eyni zamanda o illərdə Almaniyada Naftalanla bağlı 2 səhmdar cəmiyyət - "Maqdenbuq - Naftalan", "Drezden - Naftalan" cəmiyyətləri fəaliyyət göstərirdi ki, onlar da Naftalan neftindən dərman preparatları hazırlayırdı. Naftalan neftinin reklamı ilə əlaqədar məşhur Alman dermotoloqu P.P.Unna 1903-cü ildə demişdir: "Kimin Naftalanı varsa, onun hər şeyi var".

Eləcə də tarixi faktlardan məlumdur ki, 1904-1905-ci illərdə Rus-Yapon müharibəsi zamanı əsr düşən Yapon əsgərlərinin təcili yardım çantalarında Naftalan mazı ilə dolu bankalar tapılmışdır. Bu da onu göstərir ki, Naftalan neftinin dünyada analoqu olmadığı üçün o, unikal müalicəvi əhəmiyyətə malikdir.

1911-1912-ci illərdə başqa bir alman sahibkarı Kvel ''German-Naftalan'' adlı səhmdar cəmiyyəti yaratmış və Naftalan neftindən bir neçə preparat hazırlamağa başlamışdır. Həmin illərdə Almaniyada Naftalanla bağla iki səhmdar cəmiyyəti “Maqdenburq-Naftalan”, Drezden-Naftalan fəaliyyət göstərirdi ki, onlar da Naftalan neftindən dərman preparatları hazırlayırdılar.

Məşədi İbrahim Mirzəsəmədov Naftalanda neft tapa bilmədi. Bir-iki quyu vurub, qazıntı apardı. Sonra boş verib, yenidən ticarətə qayıtdı. Öz payını «Naftalan  nеft  istеhsalı  yoldaşlığı»nın  sahibi, dağ-mədən mühəndisi Fərrux bəy Vəzirova satdı.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

22:58