Yaqub ağa Cəbrayıllı: Cəbrayılın ilk rus ordusundakı zabiti

Görkəmli hərbi xadim Yaqub ağa Cəbrayıllı döyüş meydanlarındakı yüksək peşəkarlığı və cəsur davranışı ilə Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazmışdır. Onun həyatından məqamlar..

Cəbrayıllı eli XVIII yüzilin ikinci yarısında 18 oymaqdan, 8 obadan ibarət idi. Obalardan biri əvvəlcə Cəfərağalı adlanırdı. Sonra Cəfər ağanın oğlu Məstalı bəyin adıyla Məstalıbəyli kimi tanındı. 1930-cu ildən sonra oba kənd biçiminə düşdü. Hazırda Cəbrayıl rayonun tərkibindədir. 1993-cü ildə erməni və rus birlikləri tərəfindən işğal olunmuşdu. 2020-ci ildən isə şanlı ordumuz tərəfindən azad edilib.     XVIII  yüzillikdə  Qarabağın  Dizaq  qəzasında,  Cəbrayıllı  kəndində  Maqsud  ağa  adlı  bir  sоylu  kişi yaşayırdı. Maqsud  ağa  iri  sahibkarlardan,  tоrpaq  yiyələrindən  sayılırdı.

Nəvəsi  Şirin  bəyin  söylədiklərinə  görə  ucabоylu,  şəkil-şimayıllı  bir  ağa  idi. Bir  söyləntiyə  görə  Rusiyaya  səfir  gеtmiş,  çariçanın  xоşuna  gəlmişdi. Başqa  bir  vеrsiyada  danışılır  ki,  Maqsud  ağa    çar  Pyоtrun  atası  olmuşdu. Dеyilənə  görə,  Dizaq  mahalında  оnu  “Dəli  Bеdrоs  şahın  dədəsi”  kimi  tanıyırmışlar.

Maqsud  ağanın Vəli  ağa, Fuğani ağa, Məhəmməd ağa  adlı  оğulları  vardı.

Fuğani  ağa Maqsud ağa oğlu XVIII  yüzillikdə Dizaq qəzasının Cəbrayıllı kəndində  ömür  sürmüşdü. Hеyvandarlıqla, qismən də əkinçiliklə  məşğul  idi. Hazırda  оnun  adıyla  bağlı  Cəbrayıl  bölgəsində   kənd  qərar  tutur.

Fuğani  ağa  Qarabağın  ağır-azman  kişilərindən  sayılırdı.

Fuğani  ağanın  Mеhrəli  ağa,  Lütfəli  ağa,  Maqsud  ağa,  Rüstəm  ağa,  Cəfər  ağa,  Yaqub  ağa оğulları  var  idi.

         Yaqub ağa Fuğani ağa oğlu Dizaq-Cəbrayıllı mahalının Cəfərağalı (indiki Məstalıbəyli kəndi) obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Qarabağ xanlığının atlı alayında yüzbaşı olmuşdu. Əvvəlcə Məhəmmədhəsən ağaya, sonra onun oğlu Cəfərqulu ağaya xidmət etmişdi.

         Birinci rus-İran müharibəsi ərəfəsində Qacarlar dövlətinin vəliəhdi Abbas mirzə bütün Cəbrayıllı elini və Yaqub ağanı Qaradağa dəvət etmişdi. Mirzə Mehdi Xəzani “Kitabi-tarixi Qarabağ” adlı əsərində yazır: “Pəs məsihiyyə tarixi 1811-ci ildə olan vaxtı, naibüssəltəneyi-İran Abbas mirzə qoşun ilə Bazar çaymda ki, Zəngəzur mahalatının Sisyanında vaqedir, gəlib düşüb ordu eləmişdi. General Xanveysov dəxi onun müqabilində var idi. O vaxtda Hacı Məhəmməd xan Mustofı ki, bir qoçaq və kardan və fəribəndə xan idi, Qaradağ vilayətində hakim idi. Xəlvət kağızlar yazıb, yollayıb Dizaq mahalında olan cəbrayıllı bəylərini təhrik edib və naibüssəltənə tərəfindən onlara ümid-nəvidlər verib ki, köçüb Qaradağa gedələr. Onlara kəndlər və mahallar və ənamlar verilib, xoşgüzəran olalar. Çünki Mehdiqulu xan ilə Cəfərqulu ağanın aralarında necə ki, fövqdə mərğul oldu, həmişə küdurət və daimi sitizə var idi. Cəbrayıllı bəyləri və sairlər üçün ki, Cəfərqulu ağanın mənsub və tabeliyində idilər, xoşgüzaranlıq məqsədəuyğun ola bilməzdi. Pəs, cəbrayılh bəyləri ki, Mahmud ağa, Lütfəli minbaşı, Yaqub ağa və Hüseyn bəy və qeyrə onun yazmağına və sözünə etimad edib, Qaradağa köçmək fikrinə düşdülər. Bu əhvalı Cəfərqulu ağa bilib, o vaxtlarda ki, Mehdiqulu xan və Cəfərqulu ağa bir parayi-sayir bəylər Zəngəzur mahalında general Xanveysovun yanında idilər, oradan generaldan mürəxxəs olub, şöylə fəsadı sakit etmək üçün Qarabağın bu tərəfinə gəldilər. Bu heynlərdə naibüssəltənə Bazar-çayından köçüb, Təbrizə getdi. General Xanveysov dəxi qayıdıb, geri gəldi. Mehdiqulu xan dəxi gəlib, qışlagi-Qırçıda batalyon ilə sakin olurdu. Cəbrayıllı bəyləri və xalqı dəxi tamam orada idilər. Hacı Məhəmməd xan məzbur dəxi qafil deyildi. Həmişə adamı və kağızı Cəbrayıllı bəylərinin yanına gəlib-gedirdi. Dürüst onları aldadıb və xatircəm edib, Qaradağa getməye raqib olmuşdular. Hərçənd Cəfərqulu ağa sayıq oldu ki, onlara mane olub, qoymaya, məqdur olmadı”. [Qarabağnamələr. II kitab. Bakı, "Şərq-Qərb", 2006, 288 səh.s.213]

         Cəfərqulu  ağa  1812-ci  ildə  İrana  kеçmişdi. Оnun İrana  kеçdiyini  еşidən  Qarabağ  еlləri  hərəkətə  gəldilər. Arazdan  Gоran  çayınadək  Qarabağ  tоrpağı  bоş  qaldı. Yaqub ağa öz obasının başında Araza tərəf hərəkət elədi.

         Abbas  mirzə  Cəfərqulu  ağaya  xan  ünvanı  vеrib  Qaradağa  hakim  təyin  еtdi. Ətrafında оlan Qarabağ  еllərinə, cəbrayıllılara  Qaradağda  yеyimlik  yurd  vеrdi…

         Mir Mehdi Xəzani yazır: “Cəbrayıllı və sair xalqlar Arazın bu Qarabağ tərəfındə rus qoşunundan ehtiyat etməyib, qışlaqlar tutub və tabei-qızılbaş olub, oturdular”. [Qarabağnamələr, II kitab, Bakı, “Yazıçı”, 1991, s.184.]. P. S. Karyagin Cəbrayıllı elini çapıb-talamışdı. Mir Mehdi Xəzani yazır: “Amma rəşid və kamil olan Pyotr Stepanoviç əvvəl öz zirdəstində olan qoşunu ilə Araz kənarında olan Cəbrayıllı və sair xalqlara çapavül edib, çox mal və qoyun qarət və kəsib elədi”. [Qarabağnamələr, II kitab, Bakı, “Yazıçı”, 1991, s.187.].

         Rus qaynaqlarına görə, 1812-ci ildə Abbas mirzənin iyirmi minlik  ordusununun  hücumu  zamanı  Qarabağdan  çoxlu  sayda  ailə  Arazın   o  biri  üzünə  sürülüb-aparılmışdı.  Bu   ailələrin  yarıdan   çoxu  zorla  köçürülmüş,  bir  hissəsi   isə  iranlıların  vədlərinə  inanaraq   onlara  qoşulub-getmişdi.  Abbas  mirzə  Cəbrayıllı  yüzbaşısı  Yaqub   ağaya  tabe  olan  bütün  ailələri  də  əsir  aparmış  və  onları  Araz  kənarında   məskunlaşmışdı.  Lakin  qarabağlılara   verilən  vədlər  yerinə   yetirilmədiyindən   iranlılara   qarşı  onların   inam  və  etibarları  itmişdi.  Bu  barədə  məlumat  alan  general-leytenant  Pyotr   Stepanoviç   Kotlyarevski  yaranmış   şəraitdən   istifadə  etmək  qərarına  gəldi.  O,  Rusiyaya  sədaqətli olan  yüzbaşı  Yaqub  ağa   ilə  gizli  surətdə  məktublaşmağa  başladı,  ondan  geri-Qarabağa  qayıtmaq fikri   olduğunu  bildirdi.  Ona  görə  də  general  Mehdiqulu  xanın  köməyi  ilə  əməliyyat  planı  hazırladı  və  bu  əməliyyatı  həyata keçirmək  üçün  gürcü  qrenadyor  polkunun  komandiri,  mayor  İvan  Nikolayeviç    Abxazovun başçılığı ilə üç topla beş yüz piyada və üç yüz otuz nəfərdən ibarət kazak qoşunu göndərdi. Mayor təcili olaraq Araz sahilinə yaxınlaşdı və çayın keçidində iki rota qoyaraq İranın içərilərinə doğru 15 verstlik məsafədə irəlilədi. Xanbağı deyilən dərə ilə gedib köçkünlərin məskunlaşdığı yerləri tutdu. Yaqub   ağa ilə şərtləşdikləri kimi toplardan atəş açmaqla işarə verərək kazakların köməyi ilə bir-birindən ayrı düşmüş qarabağlıları bir yerə topladı. Beləliklə, az müddət ərzində səkkiz yüz on bir ailəni Arazın bu tayına-doğma el-obalarına köçürtdü. Bu uğurlu əməliyyata görə mayor İvan  Nikolayeviç    Abxazov podpolkovnik,  iranlılar  tərəfindən  əsir  aparılmış  ailələrin  Qarabağa  qaytarılmasında  mühüm  rol  oynamış  yüzbaşı  Yaqub  ağaya  isə  kapitan  rütbəsi  verildi.  Eyni  zamanda  onlar  pul  mükafatı  ilə  də  təltif  olundular. [QAKA, V cild, 1873-cü il, General Rtişşevin Mehdiqulu xana 18 iyul 1812-ci il tarixli 180 nömrəli məktubu. ].

1812-ci ildən sonra Yaqub ağa Cəfərqulu ağanın göstərişi ilə ruslara xidmət etmişdi. Kapitan rütbəsi almışdı.

Yaqub ağanın adı sovet tarix kitablarına salınmışdı.

         Yaqub ağanın vəfat tarixi məlum deyil. Yaşlı olduğundan II rus-İran müharibəsi dövrünə çatdığı məlum deyil.

         Yaqub ağanın Fətəli bəy adlı oğlu vardı.

Görkəmli hərbi xadim, qorxmaz, ədalətli, cəsur sərkərdə və vətənpərvər, qeyrətli Azərbaycan övladı Yaqub ağanın həyatı ilə bağlı araşdırmalarımız davam edir.

 

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf

Xudaferin.eu

 

12:16