Humay bəy Vəlibəyov: Erməni xəyanətinin qurbanı

Humay bəy Qarabağda, Şuşa şəhərində tanınmış vəlibəyovlar soyuna mənsubdur. Bu soy öz başlanığıcını Qatırçı Murad bəyin ikinci oğlu Vəli bəydən götürür. [ARDTA, fond 400, siyahı 4,  iş1986, v.177.]

 

Qatırçı Murad bəyin ikinci oğlu Vəli bəy 1795-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Mehdiqulu xan Sarıcalı-Cavanşirə (hakimiyyət illəri 1806-1822) xidmət etmişdi. Qarabağın böyük mülkədarlarından sayılırdı.

Vəli bəyin Şuşa şəhərində mülkü, dükanları, rəiyyətləri vardı. Cavanşir mahalında Qarapirim, I Kəbirli mahalında Qılıçbağı (Muradbəyli), Bərgüşad mahalında Əbülca adlı kəndlərə yiyələnmişdi.

Vəli bəyin törəməsi Vəlibəyov soyadını daşıyırdı.

Vəli bəyin Gəray bəy, Əli bəy, Əhməd bəy adlı oğulları vardı.

Gəray bəy Vəli bəy oğlu 1818-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Rusca savadını isə Qəza məktəbində almışdı. 14 dekabr 1846-cı ildən xidmətə başlamışdı. Şəhərdə məhəllə nəzarətçisi vəzifəsindən başlayaraq məmurluq zirvəsinə pillə-pillə ucalmışdı. II dərəcəli dəftərxana xidmətçisi kimi Zəngəzur sahəsində murov köməkçisi olmuşdu.

Gəray bəy Vəlibəyov 27 fevral 1847-ci ildə XII klas mülki məmur çini almışdı.

Gəray bəy Bəhmən mirzə Abbas mirzə oğlu Qovanlı-Qacarla savaşdığına görə işdən çıxarılmış, Tambov vilayətinə sürgün edilmişdi.

Gəray bəy Güllü xanımla ailə qurmuşdu. Cahangir bəy, Qambay bəy, Vəli bəy, Yusif bəy, Humay bəy adlı oğulları, Səkinə xanım, Mələk xanım, Minə xanım, Şəkər xanım adlı qızı vardı.

Humay bəy Gəray bəy oğlu Vəlibəyov 1862-ci ildə  Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Rusca təhsil görmüşdü. Çar ordusunda xidmət etmişdi. Poruçik rütbəsi almışdı.

Humay bəy Vəlibəyov Cavanşir qəzasında tərcüməçi işləmişdi.

Humay bəy Vəlibəyov Azərbaycanın milli qəhrəmanlarından biridir. 1905-ci ildə ermənilərə qarşı vuruşmuşdu.

 

Mir Möhsün Nəvvab yazır:  «Şuşa qalasının sakini Gəray bəyin oğlu Humay bəy ermənilərlə vuruşan dəstənin başçısı idi. Humay bəy mahir döyüşçü olduğundan camaata müharibə aparmağın üsullarını təlim edirdi. Bir gün beləcə təlim keçərkən oraya bir kazak gəlib çıxdı. O, əlini yuxarı qaldıraraq Humay bəyə təzim edib irəli gəldi. Kazak Humay bəylə əl tutduqdan sonra rusca ona dedi ki, bu tayfa (erməni) nə üçün bu nahaq davanı salıb xalqın rahatlığını kəsir. Humay bəy ona dedi ki, ermənilər özləri bu davanı başlayıblar, özləri də cəzasını çəkəcəklər. Bu vaxt Humay bəy geri döndü ki, təlim keçdiyi müsəlmanlara nə isə desin, bu zaman həmin namərd, məlun kazak Humay bəyi arxadan güllə ilə vurub şəhid etdi. Kazak Humay bəyi vuran kimi qaçıb ermənilərin içinə girdi. Sonradan məlum oldu ki, həmin kazak erməni imiş».  [M. M. Nəvvab, 1905-1906-cı illərdə erməni-müsəlman davası, Bakı, 1993, 128 səh. s.91]

Humay bəy Vəlibəyov 1905-ci ildə şəhid olmuşdu.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

16:20