Kərbəlayı Əkbər bəy Seyidbəyov – Mir Həmzə Nigarinin şuşalı qohumu

Kərbəlayı Əkbər bəy Qarabağda, Şuşada tanınmış seyidbəyov soyuna mənsubdur. Bu soyun ulu babası Allahverdi bəy Bərgüşadidir. O, 1771-ci ildə Bərgüşad mahalının Cicimli kəndində anadan olmuşdu. Soy-kökü Həzrəti Əlinin böyük oğlu imam Həsənə çatır. Allahverdi bəy molla yanında oxumuşdu. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Savad və sədaqəti İbrahimxəlil xan Sarıcalı-Cavanşirin qulağına çatmış, Qarabağ hakimi onu saraya dəvət etmişdi. Allahverdi bəy yasavul kimi sarayda xidmət etmişdi.

Allahverdi bəyin Seyid bəy adlı oğlu vardı.

Seyid bəy Allahverdi bəy oğlu 1813-cü ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi. Müqəddəs  Məkkəyi-müşərrəfi  ziyarət  etmişdi.

Hacı Seyid bəyin törəmələri Seyidbəyov (Seyidbəyli) soyadını daşıyırdılar.

Hacı Seyid bəyin Abbas bəy, Əkbər bəy, Əsgər bəy adlı oğlanları, Pəri xanım, Həlimə xanım adlı qızları vardı.

Hacı Seyid bəyin ikinci oğlu Əkbər bəy 1858-ci ildə Şuşa şəhərində anadan  оlmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Şəhər məktəbində rusca savad almışdı. Şuşa Vəqf komissiyasının üzvü idi. Müqəddəs  Kərbəla   tоrpağını  ziyarət  etmişdi.

Kərbəlayı Əkbər bəy Seyidbəyov ata və babaları kimi gözəl hesabdar idi. Bir çox müəsissələrdə mühasib kimi çalışmışdı.

Kərbəlayı Əkbər bəy Seyidbəyovun adı Mirzə Cəlil Məmmədquluzadənin yazılarında ziyalı kimi xatırlanır.

Şuşa şəhərinin və qəzanın ictimai-siyasi işlərində önəmli rol oynamışdı. Bunu nəzərdən keçirdiyimiz arxiv sənədləri və qəzet materialları da sübut edir. 2 aprel 1919-cu ildə "Azərbaycan" qəzeti yazırdı:

"Şuşa Müdafieyi-milliyyə heyəti tərəfindən.

Müdafieyi-milliyyə heyəti-ictimaiyyəsi bununla ümum şəhər və qəza camaatına elan edir ki, Türk hökuməti şəhərimizdə hökumət etdigi vəqt özü üçün neçə nəfərdən mürəkkəb köməkçi və yaxud xəzinədən götürdüyü sırada əvvəl dəfə olaraq özünə xəzinədar qərar verdigi Saleh Hüseynov, ikinci olaraq İsgəndər Nəsirov isə üçüncü Seyid Məşədi Zülfüqar Axundov olub da Türk ordusu Qafqazdan çəkilənə kimi yox – bu günə kimi öz xəzinədarlığında davam etdigindən Müdafieyi-milliyyə heyəti-ictimaiyəsi Hilali-əhmər cəmiyyətilə bərabər lazım və vacib bildikdə bir dəstə müfəttiş komissiyası təşkil etsin. Həmin niyyəti qövldən felə götürüb zeyldə mühərrir doqquz nəfərdən ibarət bir müfəttiş komissiyası təşkil etdi. İştə müfəttiş komissiyası: Doktor Fərhad bəy Ağayev, Doktor Tağı Kərimov, Kərbəlayi Əkbər bəy Seyidəyov, Məşədi Məcid Süleymanov, İsa Səfərov, Məşədi Məhəmmədəli Hüseynov,  İsmayıl Hacıyev, Məşədi Şirin Ələsgərov və Murtuza Əsədov.  Balada mühərrir komissiya iki gicəgə ibarət olsun. Rəbbül-axər ayının 4-5-ci gecəsindən artıq diqqət və etina ilə məzkur Məşədi Zülfüqar Axundovda olan istər hökumət binagüzarlığı ilə olan mədaxil-məxarici, istər müdafieyi-milliyyə üçün toplanan pulun və sərfinin haqq-hesabını layiqincə verdikdən əlavə neçə rəqəm və neçə rəqəmdə igirmi min manatdan ziyadə balada mühərrir Məşədi Zülfüqarın əlində ki, camaatdan bir kimsədə belə xəbərdar olmadığı hesabı götürüb təyin etdigimiz müfəttiş komissiyası haqq-hesabın artıq dərəcə münəzzəm olduğundan dolayı və şəhərimizdə əvvəl dəfə olaraq bu cür müsəlman içində hesab layiqli apardığını gördükdən izhari-təşəkkür etməklə bərabər Məşədi Zülfüqardan məmnun qaldıqlarını məclisə təqdim etdilər.

Məclis 62 nömrəli Müdafieyi-milliyyə heyəti-ictimaisi məzbətəsində qeyd etdikdən əlavə olaraq Məşədi Zülfüqardan izhari-təşəkkür edib də və camaata elan etməgi lazım və vacib bildi.

Müdafieyi-Milliyyə Cəmiyyətinin sədri: Kərim Mehmandarov. Katib: Zeynalabdin"[1] 

Kərbəlayı Əkbər bəy Sürəyya xanım İbadulla bəy qızı Tahirova ilə ailə qurmuşdu. Hacı bəy adlı oğlu, Gülsüm xanım, Aysəba xanım adlı qızları vardı.

Hacı bəy Kərbəlayı Əkbər bəy oğlu Seyidbəyli 1892-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini məhəllə mollaxanasında almışdı. Şuşa Real məktəbini, Aşqabad şəhər gimnaziyasını bitirmişdi.

Hacı bəy Seyidbəyli xalça ticarəti ilə məşğul olmuşdu. Sovet dönəmində Şuşada xalça arteli açmışdı. Ermənilər tərəfindən Xankəndinə çağrılmış, xeyli miqdarda qızıl tələb edilmişdi. Hacı bəy İrana qaçmış, Tehranda məskunlaşmışdı.

Hacı bəyin nəvələri hazırda Tehran şəhərində yaşayırlar..

Gülsüm xanım Kərbəlayı Əkbər bəy qızı Seyidbəyova Əziz bəy İbadulla bəy oğlu Tahirov ilə ailə qurmuşdu. Asiya xanım, Alya xanım adlı qızları vardı.

Kərbəlayı Əkbər bəy Seyidbəyov – Mir Həmzə Nigarinin şuşalı qohumu. Bu yazımızın bir hissəsidir. Soy-kökü haqqında daha geniş məqalə hazırlayırıq..

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

 

 

 

[1] “Azərbaycan” qəzeti, №148. 2 aprel 1919

13:12