Nəsrulla xan Səfiyev: döyüşçü taleyi

Doğuluşdan əsgər olmaq türkün nəsibindədir. Onun əli kotan macına, bel sapına deyil, qılınc qəbzəsinə yatıb. Özünə güzəranı döyüşlə qazanıb. Çar üsul-idarəsi onu məşğuliyyətindən məhrum etmək istədi. Amma kişnəyən atına atılıb, Arazı adladı. O, döyüşçü idi. Əkinçi olmaq istəmirdi. Alnına döyüşçü taleyi yazılmış oğullardan biri də Nəsrulla xan  Səfiyevdir.

Nəsrulla xan əslən Kəngərli elinin Şərurlu oymağındandır. Ulu babası Əliməhəmməd bəy Naxçıvan xanlığının Xok mahalının Baş Noraşen (indiki Cəlilkənd) kəndində yaşamışdı.

1879-cu ildə İran Kazak briqadası yarananda, Şərurlu oymağının, səfiyevlərin əsas nümayəndələri bu hərbi hissəyə yazıldılar. Nəsrulla xanın böyük qardaşı Hacı xan bütün mühacirlərin başçısı idi. Kiçik qardaşları Əbülqasım bəy, Əbülfət bəy, əmisioğlu Fətəli xan və digərləri briqadada xidmət edirdilər.  

Nəsrulla bəy Xoy vilayətinin Salmas şəhərində anadan olmuşdu. İbtidai təhsilini məhəllə mollaxanasında almışdı. Sonra Qacariyyə məktəbində hərb sənətini öyrənmişdi.

Nəsrulla bəy  İran Kazak briqadasında xidmət etməyə başlamışdı.

Nəsrulla bəy 1880-ci ildə naibi duvvum rütbəsində, 1-ci fövcün, 1-ci eskadronun, 1-ci dəstənin,  komandiri idi. O, Nasirəddin şahdan xan ünvanı almışdı.

         Nəsrulla xan 1895-ci ildə sərtib rütbəsində briqadanın 3-cü fövcün (alayın) komandiri idi. Həmin ildə baş verən mühacir qiyamına qarışmamışdı. Qiyamçı mühacirlər onu məzəmmət edirdilər ki, onlardan komandirə deyicilik edir.

         30 may 1895-ci ildə polkovnik Kosoqovski briqadada bir balaca silkələnmə yaratdı. “Bu gün əmr etdim ki, gənc süvari zabitlər saat 7-də Meydani-Məşqə yığışsınlar. Onların içindən tamamilə yararsızları seçib, hər cür xidmətdən azad etdim.  Sonra düşərgədə yaşamaq istəyən zabitləri irəli çağırdım. Demək olar ki, bütün bacarıqlı zabitlər irəli çıxdılar. Sonra o zabitləri çağırdım ki, atlarını satmağı arzulayırlar ki, düşərgə toplantılarında iştirak etməsinlər. Könüllülərdən ən yaramazları aradan çıxdılar. Mühacirlərdən isə o kəslər getdilər ki, 3-cü fövcün əvvəlki komandiri Nəsrulla xanın olmasını istəyirdilər. Səfərəli ağanın təyinatına etiraz etmişdilər.    

         Mən mühacir qarışıqlığından istifadə edib, bacarıqsız komandirləri dəyişdim. III dərəcəli sərtib (Xorasanlı) Qasım ağanı qvardiya eskadronuna komandir, onun müavinliyinə isə sərhəng Musa xanı təyin etdim; II dərəcəli sərtib Məhəmmədbağır xanı 1 fövcə komandir, onun müavinliyinə III klas sərtib Əmənulla mirzəni qoydum; III dərəcəli sərtib Kazım ağanı 2-ci fövcə komandir, onun müavinliyinə III dərəcəli sərtib Musa xanı təyin etdim; Astrabad yığma yüzlüyünün müvəqqəti komandiri, I dərəcəli sərtib (mirpənc) Səfərəli ağanı 3-cü fövcün komandiri, müavini isə əvvəlcə 3-cü fövcün komandiri olmuş Əbülqasım xanı qoydum. İstəyirdim ki, 3-cü fövcün komandirinin müavinliyinə Əmənulla mirzəni təyin edim, amma 3-cü fövc Nəsrulla xan və Əbülqasım xan tərəfindən qarışdırılmışdı. Əbülqasım xan Əmənulla mirzədən üstün idi, ona görə də onu sərtib rütbəsinə yüksəltdilər. Özünü incidilmiş sayır, ona tabe olmaq istəmir.

         Beləliklə bu dəfə yola verdim. İstəmədim ki, böyük parça qopardam. Vaxtından əvvəl caynağımı işlətmək istəmədim ki, asiyanın övladlarını qorxudum. 24 may 1895-ci ildə yeni “Qaydalar” tərtib etmişdim. O böyük hüquqlarla onları çəkindirmək istəmədim.

         Əvvəl zamanlar birdəfəlik II dərəcəli sərtib Nəsrulla xanı təhqir etməmək üçün onu təqaüdçülərə rəis təyin etdim. Təyinat məsələsinin mahiyyəti bu saxta “kazak” fövcünə rəhbərlikdən üstündür. Rus və İran rəhbərliyinin fərqini onlara bildirmək üçün mühacirlərin bütün ehtiyacının Məcdüddövlədən asılı olmasını əmr etdim. Ərzaq, məvacib, gündəlik və digər lazimi avadanlıqlar ona bağlı idi”. (АВ ИВР РАН. Ф. 30. Д. 1. Л. 121-122)

         Nəsrulla xan Səfiyev V. A. Kosoqovski ilə dartışması nəticəsində Yəzd dəstəsinə (otryadına) komandir göndərilmişdi.

         Nəsrulla xan Səfiyev İrəvan qubernatoruna müraciət etmiş, Baş Noraşen (indiki Cəlilkənd) kəndindəki torpaqlarından bir az geri almağa nail olmuşdu.

         Nəsrulla xan Səfiyev ordudan tərxis olunduqdan sonra tez-tez Naxçıvana gedirdi.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

14:11