Mirzə Məhəmmədbağır bəy İbrahimbəyov: Xalq müəllimi

Yaxın və Orta Şərq ölkələrində, o cümlədən Azərbaycanda müəllim ən hörmətli şəxsiyyət, məktəb isə müqəddəs yer hesab edilmişdir. Azərbaycanda təlim-tərbiyə və elm ocaqları həmişə sevilərək yad edilən müqəddəs yerlər olmuşdur. Dünyəvi elm təlimi məktəblərinin tərəfdalarından biri kimi tanınan Mirzə Məhəmmədbağır bəy İbrahimbəyovun həm əməli işi, həm də nəzəri fəaliyyəti məktəblə, təlim-tərbiyə işi ilə sıx bağlı olmuşdur.

Mirzə Məhəmmədbağır bəy Şuşada, eləcə də külli Qarabağda tanınmış ibrahimbəyovlar soyundandır.  Bu soyun ulu babası Nəbidir. Nəbi XVIII əsrin ikinci yarısında Şuşa şəhərində  yaşamışdı.

         Nəbinin İbrahim adlı oğlu vardı.

         İbrahim Nəbi oğlu 1789-cu ildə  Şuşa şəhərində anadan olmuşdu. Məhəllə mollaxanasında oxumuşdu.  Məhəmmədqasım ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşirin rəiyyəti idi. Ütükeş kimi dərzi yanında çalışırdı. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.

         Kərbəlayı İbrahimin törəmələri rus üsul-idarəsi dönəmində İbrahimbəyov, sovet dönəmində İbrahimov soyadını daşıyırdılar.

          Kərbəlayı İbrahim Xanımla ailə qurmuşdu. Cəfərqulu, Hüseyn, Müluk adlı oğlanları, Xırda adlı qızı vardı.

         Cəfərqulu Kərbəlayı İbrahim oğlu 1819-cu ildə Şuşa şəhərində doğulmuşdu. Məhəllə mollaxanasında oxumuşdu. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.

Məşədi Cəfərqulu Zəhra ilə ailə qurmuşdu. Əbdüləli, Məmmədbağır, Məmmədcəfər, Cabbar adlı oğlanları vardı.

         Məşədi Cəfərqulunun ikinci oğlu Məhəmmədbağır 1854-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Məhəllə mollaxanasında oxumuşdu. Sonra şəhər məktəbində oxumuşdu. Zaqafqaziya (Qori) Müəllimlər seminariyasına qəbul olmuşdu. Seminariyanı tamamlayandan sonra müəllim işləmişdi. Dövlətdən bəy ünvanı almışdı.

         Mirzə Məhəmmədbağır bəy İbrahimbəyov Qarabağın bir çox məktəblərində müəllim olmuşdu.

         Mirzə Məhəmmədbağır bəy İbrahimbəyov öz müəllimi, məşhur pedaqoq və ədəbiyyatşünas Firidun bəy Köçərlinin hələ 1905-ci ildə yazdığı: "Dövrün tələblərinə, həyatın çağırışına həmişə hazır olmaq lazımdır. Xalq müəllimi xalqın yalnız o vaxt məhəbbətini və hörmətini qazanar, xalqın nəzərində məktəbin o vaxt hörmətini qaldırar ki, o, öz əməyinin həqiqi əhəmiyyətini işdə sübut etsin, camaatla qaynayıb qarışsın, onlarla dərdləşə bilsin, onların gözlərini işıqlı dünyaya açsın, maarifə, ağıllı yaşayışa gedən həqiqi yolu onlara göstərə bilsin" kimi qiymətli tövsiyəsini pedaqoji fəaliyyətində əsas tutmuşdur. O nəinki müəllimlik etmiş, öz qəlbinin hərarəti ilə kənddə maarif, mədəniyyət ocağı yandırmış, insanları elm, savad nuruna qərq etmişdi. Bütün məhrumiyyətlərə, təhlükələrə, maneələrə sinə gərərək, açdığı məktəblər "zülmət səltənətində" nur kimi parlamışdı, sadə kənd camaatının gözündə müəllimi hörmət və nüfuz sahibinə çevirmişdi.

         Mirzə Məhəmmədbağır bəy İbrahimbəyov ədəbiyyat tarixini, xüsusilə şifahi xalq ədəbiyyatını kamil bilirdi.

Dövrün əksər ziyalıları kimi, Mirzə Məhəmmədbağır bəy İbrahimbəyov də çoxşaxəli fəaliyyət göstərirdi. Öz sevimli peşəsi - müəllimliklə böyük həvəslə məşğul olmaqla bərabər, mətbuatda sosial məsələlər, qadın azadlığı, təhsil və digər mövzularda maraqlı yazılarla çıxış edirdi.  O, Şuşa qəzasında müsəlmanlar arasında elmi, maarifi təbliğ və inkişaf etdirmək, ana dilində məktəblər açmaq, kasıb uşaqlarının təhsilinə şərait yaratmaq və digər əhəmiyyətli məsələlərlə məşğul olurdu.

Öz xalqının gələcəyini elmdə, təhsildə görən görkəmli ziyalı qızları məktəbə cəlb etməkdən ötrü valideynlərə yalvar-yaxar edirdi. O, bir xalq müəllimi idi. XIX əsrin  II yarısında Azərbaycanda  milli  şüurun  oyanması  və  formalaşmasında, maarifçilik  hərəkatının  yaranmasında xalq müəllimlərinin rolu böyük idi. Azərbaycanda xalq maarifi və məktəbinin, pedaqoji fikir tarixinin tanınmış tədqiqatçısı akademik Hüseyn Əhmədov  qeyd edir ki,:”M.V.Lomonosov adına Moskva Dövlət Uni­versitetinin məzunları Rusiyada elm, mədəniyyət və incəsənətin inkişafında hansı xidmətləri göstərmişdilərsə, Qori Müəllimlər Seminariyasının məzunları da Azərbaycan  üçün  həmin  xidmətləri  göstərmişlər.”.

         Mirzə Məhəmmədbağır bəy Xurşid xanım Hacı Müluk qızı ilə ailə qurmuşdu.  İsfəndiyar bəy, Qamboy bəy, Adışirin bəy, Teymur bəy adlı oglanları, Füruzə xanım, Qütəvvər xanım adlı qızları vardı.

Bu gün möhtərəm müəllimin, ulu maarif fədaisinin adını böyük iftixar və minnətdarlıq hissi ilə yad edir, Allahdan ona rəhmət diləyirik.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

20:56