Cahangir xan Nuribəyov - "Difai"nin vuran əli - ARAŞDIRMA

Cahangir xanın ulu babası Qatırçı Muraddır. Onun adına Ağdamda Muradbəyli kəndi var.

Nuri  bəy Murad bəy oğlu. Qarabağda  Daşarxlı,  Qılıçbağlu, Bazdağ, Əbulca  kəndlərinin və başqa  obalarının sahibi idi. 

Nuri bəy Nuribəyovlar  familiyasının  banisidir.

II Murad bəy Nuru bəy oğlu 1799-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Ailədə Böyük bəy çağrıldığından ictimaiyyətdə də bu adla tanındı. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Mehdiqulu xan Cavanşirə xidmət etmişdi. II rus-İran savaşına qatılmışdı. Praporşik rütbəsi daşıyırdı.

Böyük bəy ordudan tərxis olduqdan sonra özəl təsərrüfatı ilə məşğul olmuşdu. Qarabağın böyük mülkədarlarından idi. Bir çox mahallarda kənd və obalara yiyələnmişdi. Xeyli rəiyyəti vardı. Müqəddəs Məkkəyi-müqəddəsi ziyarət etmişdi.

1848-ci ildə tərtib  edilmiş Şuşa  şəhərin  Kameral  təsvrində ona  tabe  olan  kəndlilərin adları çəkilir. (ARDTA, f.10, siyahı 1, saxlama vahidi 9, v.380) Bundan  başqa, XIX  yüzilin  Qarabağ  müəlliflərinin  birisi  olan  Baharlının  “Əhvalati  Qarabağ”  əsərində  qeyd  olunur  ki, Hacı  Böyük bəy  kiçik qardaşı  Hacı İskəndər  bəylə  Şuşa  şəhərində  karvansaraların  birisini  bərpa  etmişlər. (Qarabağnamələr, II kitab, Bakı, "Yazıçı", 1991, s.278)

Hacı Böyük bəy Nuribəyov 1870-ci ildə vəfat edib.

 

Hacı Böyük bəy Rəxşəndə Sultan xanım Bəhmən mirzə qızı Qovanlı-Qacarla və Hürü xanım Mirzə Rüstəm bəy qızı Vəzirova ilə dünya evinə girmişdi. Kərim bəy, Cahangir xan adlı oğlu, Əsmət xanım, Sayat xanım, Səfiyyə xanım,  Mələkcahan xanım, Balaxanım xanım, Səkinə xanım adlı qızları vardı. (ARDTA, f.400, siyahı 4, saxlama vahidi 1986, v.177)

 

Hacı Böyük bəy Rəxşəndə Sultan xanım Bəhmən mirzə qızını istərkən XIX  yüzilin  tanınmış  Azərbaycan şairi  Qasım bəy Zakir  şeirlərindən  birisində yazır:

 

Başına  at təpib, içməmisən  sən  ki  şərab,

Çoxdu  səndə,  tutalım, simü  zərü mülkü  dəvab,

Əqlin  ər var  isə  yığ  başına,  ey  xanəxərab,

Evlənirsən,  barı  get anqırıban  tayını  tap,

Nəsli-qatırçıya  şahzadələr  olmaz  həmsər.(Qasım bəy Zakir, Əsərləri, Bakı, 1964, s.530-531.)

 

Hacı Böyük bəyin ikinci oğlu Cahangir  xan Nuribəyov. Qarabağ tarixinin görkəmli şəxslərindən biri.

Cahangir  xan haqda  ilk  rəsmi  məlumat  Şuşa şəhərin  1886-ci  ilə  aid  olan  imtiyazlı  təbəqə  üzvlərinin  siyahısında  var. Burada  onun  adı  “Cahangir  xan  Hacı  Böyük  bəy  oğlu  Nuribəyov” yazılıb,  yəni  məişətə  ilk  dəfə  Nuribəyov  familiyası daxil  olur. Bundan başqa,  sənəddə  Cahangir  xanın  yaşı  qeyd  olunur (19 yaş)  və  bundan  belə bir  nəticə  irəli  gəlir  ki  o,  1867-ci ildə   anadan  olmuşdur. Həmin  sənəddə  qeyd olunur  ki, onunla  “qadın  cinsli  5  nəfər yaşayırdı”,  habelə  Cahangir  xanın  Şuşa  Real  məktəbində  oxuduğu  qeyd  olunur. Burada  belə  bir  məlumat  da var  ki, Şuşada  onun  evi  və karvansarayı  da var idi. (ГИААР. Ф. 43. Оп. 2. Д. 7344 (Камеральное описание и список лицам привилегированного сословия города Шуши за 1886 г.). Л. 22-23.) Bundan  başqa,  Cahangir  xana  onun atası  Hacı  Böyük  bəyin  bütün  torpaqları  məxsus  idi. Sonralar  Cahangir  xan  öz  torpaqlarının  idarəsindən  başqa,  ictimai  funksiyaları  da yerinə  yetirirdi. Belə  ki  o, Şuşa  şəhər  dövlət  ibtidai  məktəbin  fəxri  nəzarətçisi  idi,  1906-ci  ildə  isə  Azərbaycan  əyanlarının  görkəmli  nümayəndələri  içərisində  Cahangir  xan Tiflisdə  Rusiya  İmperatorunun  Qafqaz  canişinin  sarayında  keçirilmiş  “barış” qurultayına  Şuşa  qəzasından  nümayəndə  seçilmişdi. ["Каспий" qəzeti, 23 fevral 1906-cı il.]

Cahangir xan Nuribəyov vətənpərvər bir şəxsiyyət idi. O, "Difai" təşkilatının və onun qolu "Qarabağ məclisi"nin üzvü idi. "Qarabağ məclisi"nin Şuşa komitəsinə doktor Kərim bəy Mehmandarov başçılıq edirdi. O, 1883-cü ildən Şuşada həkim işləyirdi. Onun köməkçisi Cahangir xan Nuribəyov idi.Komitənin katibi Şuşa qarşılıqlı-kredit bankının direktoru Xuduş Quliyev idi. İcraiyyə idarəsinə və hərbi təşkilata Məşədi Şamil Hacıyev başçılıq edirdi.

Komitənin üzvüləri: Muxtar bəy Muradov, İsmayıl bəy Daruğa Axundov (bazar darğası), Süleyman Əsgərov (tacir), Hacı Sadıq Məmmədov, Məşədi Cəfər oğlu (İran təəbəsi), Məşədi Əhməd Əzimov, Hacı Mirzə Hüseyn Kərim oğlu Münşizadə, Əfrasiyab Əzimov, Kərbəlayı Yusif Mirsiyabov və başqaları-cəmi 18 nəfər.

Kərim bəy Mehmandarov həddən artıq humanist adam olduğundan "Difai"nin vurub-tutmaq işini Cahangir xan Nuribəyova tapşırmışdı.

Cahangir xan Nuribəyov 1918-ci ildə də ermənilərin qorxulu yuxusu olmuşdu. Adı çəkiləndə əllərindən silahları düşürdü.

Cahangir xan Nuribəyov Azərbaycanda  Sovet  hakimiyyətinin  qurulmasından  sonra Cahangir  xan  Bakıya  köçmək  və   familiyasını  Nuriyev etməyə     məcbur idi. Hazırda  bu  familiyanı  onun törəmələri  daşıyırlar.

 

***

 

Cahangir xan Nuribəyov haqqında Qarabağda rəvayətlər dolaşır. Cavanşir  qəzasında   Cahangir  xan  adlı   bir  mülkədar  yaşayırdı.  Bu  ağa   rəiyyətlərinə  göz  verib, işıq   vermirdi. Aldığı   bəhrədən  başqa   əlavə  vergilər  də   tələb  edirdi.  Hamını məcbur   edirdi  ki,  kim  nə   alıb-satmaq  istəyirdisə  gərək  ağa  ilə   alver  etsin. Ucuz   alıb,  baha  satırdı.  Özünün   özəl   çəki   daşlarıı   vardı.   Bu   daşlarla   camaatı  ağlar   günə   qoymuşdu.  Kimə   dada   gerdilərsə   imdad  almırdılar.  Sonda  qərara   gəlib   Abdal  Qasıma    üz   tuturlar.   Qasım  camaatın    şikayətini  dinləyib   arxayın   yola   salır.  Bir   yekə   daşı    xurcuna    qoyub  yollanır  Cavanşir  qəzasına.  Cahangir   xanı   tapıb   daşı   çıxarır:

          -A xan,   bu   daşın   arbası  atana   qızıl   vermişəm,   gəlmişəm   geri   alam.  Şahid   istəsən  bütün   rəiyyətlərini  çağıraram.  Cahangir   xan   Abdal   Qasımın   qırımına,   pəhləvan  görkəminə   baxıb  nə   ağ   dinir,  nə  qara. Bir  də   rəiyyətlərini   incitmir.

 

***

 

Cahangir xanın Xudaverdi bəy, Lütfəli bəy adlı oğlanları, Güvara xanım, Rüxavsa xanım, Zərifə xanım, Mərhəmət xanım və Şəfiqə xanım adlı qızları vardı.

 

Ənvər Çingizoğlu,

jurnalist-etnoqraf 

15:58