Bahadur bəy Yusifbəyov: məhkəmə ədalətin tərəfində olmalı..

Bahadur bəy Qarabağda, Şuşada tanınmış yusifbəyovlar soyundandır. Bu soyun ulu babası Cəfər  bəy  xanlıq  dönəmində  yaşayıb. Xanlığın sözükeçən,  sayılan, möhtərəm  adamları  cərgəsində  idi. Yazıya, kitaba  önəm  verərdi.

Cəfər bəy  oğlu  Yusif  bəyi  oxudub,  söz-savad  yiyəsi  elədi.

Mirzə  Yusif  bəy  İbrahimxəlil  xanın,  Mehdiqulu  xanın  divanxanasında  katib  kimi  çalışmışdı.  Yaxşı  işinə,  yarıtqan  əməlinə  görə  Xaçın  mahalının Qarakötük  kəndini yiyul  almışdı, sonra mülk kimi idarə etməyə başladı.

Mirzə Yusif bəyin varisləri  Haşım  bəy,  Hacı  bəy   bu  kəndin  bar-bəhrəsi  ilə  dolanırdılar.

Haşım  bəy  Mirzə Yusif bəy oğlu 1804-cü  ildə Şuşa şəhərində anadan  olmuşdu. O  da  atası  kimi  savadlı  idi. Mirzə ünvanı daşıyırdı. O da çalışmışdı  ki,  övladlarına   təhsil versin.

Mirzə  Haşım  bəy  Nisə xanım Qəhrəman bəy qızı ilə ailə qurmuşdu. Oğulları  Yusif  bəy,  Qəhrəman  bəy  varlı-hallı  olsalar  da,  oxumaqdan  qalmadılar.  Bu  bəylər Yusifbəyov (Usubbəyov)  soyadını  daşıyırdılar.

II Yusif bəy Mirzə  Haşım  bəy  oğlu Yusifbəyov (1844-1914) dövlət məmuru idi. Həm də mülkədar kimi mülkünü idarə edirdi.

Yusif bəy Yusifbəyov Mahtəban xanım Qasım bəy qızı Mehmandarova ilə ailə qurmuşdu. Baxşəli bəy, Bahadur bəy adlı oğlanları, Qönçə xanım adlı qızı vardı.

         Yusif bəyin ikinci oğlu Bahadur bəy 1881-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini məhəllə mollaxanasında almışdı. Sonra Şuşa Real məktəbdə oxumuşdu. Daha sonra Gəncə şəhərinə, orda notarius işləyən dayısı Qasım bəy Mehmandarovun yanına getmişdi. 1904-cü ildə Yelizavetpol (Gəncə) gimnaziyasını bitirmişdi. Xarkov universitetinin hüquq fakültəsinə daxil olmuşdu. Bir müddət burda oxuyandan sonra, 1907-ci ildə Odessaya, Novorossiysk Universitetinin hüquq fakültəsinə dəyişilmişdi. Təhsil illərində həmin universitetdə azərbaycanlı tələbələr tərəfindən yaradılmış "Azərbaycan həmyerliləri" təşkilatının (xatırladaq ki, vaxtilə bu təşkilatda Nəsib bəy Yusifbəyli, Nəriman Nərimanov, Xosrov bəy Sultanov, Həmid bəy Şahtaxtinski və başqaları fəaliyyət göstəriblər) rəhbərlərindən biri kimi siyasi fəaliyyətə başlamışdı. 1910-cu ildə həmin universitetin hüquq fakültəsini bitirən Bahadur bəy Bakıya gəlib, şəhərin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak etmişdi.

Bahadur bəy Yusifbəyov Bakı Dairə məhkəməsində işləmişdi. Dairə məhkəməsi çar üsul-idarəsi dövründə Bakı quberniyasında ali məhkəmə instansiyası olub Qafqaz Məhkəmə Palatasına və Ədliyyə Nazirliyinə tabe idi. Sədr və 5 üzvdən ibrət olan darə məhkəməsi nəzdində məhkəmə pristavları, böyük notarius və notariuslar, xüsusilə mühüm işlər üzrə iki məhkəmə müstəntiqi fəaliyyət göstərirdi. Məhkəmədə iki cinayət şöbəsi və iki mülki şöbə var idi. Mülki şöbələrdə mərzv məsələləri ilə bağlı mübahisələrə də baxılırdı və bunu məhkəmənin hakimlərindən biri aparırdı. Bakı şəhər barışıq şöbəsi, istintaq şöbəsi, Bakı qəza barışıq şöbəsi, dairə prokuror nəzarəti Bakı dairə məhkəməsinin tabeliyində idi.

1917-ci ildə əvvəlcə fevral inqilabı nəticəsində çar hakimiyyətinin devrilməsi, sonra isə oktyabr ayında bolşevik çevrilişindən sonra imperiyanın dağıdılmasından daşnaklar və digər erməni millətçi partiyaları məharətlə istifadə etdilər. Onlar silahlanmışdılar və təşkilatlanmışdılar. Bakı şəhərini özlərinki bilərək, əvvəlcə türk-müsəlman əhalisi qətl və qırğınlarla qorxudaraq şəhərdən çıxmasını istədilər. Heç kimin doğma evini tərk etmədiyini görüb, qırğınlara başladılar.

Bahadur bəy Yusifbəyov 1918-ci il qırğınlarından sonra yaranmış komissiyaya xeyli kömək etmişdi. Özü şəxsən Bakı qırğınlarının şahidi olmuşdu. Onun hazırladığı sənədlərdə bildirilirdi ki, Müsavat hərbi blrləşmələrinin şəhərdən çıxarılmasına nail olmuş daşnak hissələri elə martın 31-də şəhərdə fitnə-fəsad, nizamsızlıq törətməyə, milli qırğını qızışdırmağa əl atdılar. Onlar şəhərdə dinc əhalini talan edir və öldürürdülər. Beləliklə, İnqilabi Müdafiə Komitəsinin irəli sürdüyü şərtlərin müsavatçılar tərəfindən imzalanması və yerinə yetirilməsi silahlı toqquşmalara son qoya bilmədi. Bakı bolşeviklərinin xəyanətkar, ermənipərəst mövqe tutmaları daşnakların əl qolunu açmış, dinc azərbaycanlı əhaliyə vəhşi usullarla divan tutmaq üçün onlara hədsiz imkanlar vermişdi. Daşnak dəstələrindən olan talançılar və soyğunçular özləri yandırır, dinc əhalini qarət edib qırırdılar. Onlar uşaqları, körpələri süngülərə taxıb göyə qaldırır, qadınları saçlarından bağlayıb küçə boyu çılpaq qaçmaqa məcbur edir, qocalara rəhm etmirdilər. Bu insanabənzərlər, hətta adamları öldürməklə kifayətlənmir, onların qulaqlarını, burunlarını kəsir, qarınlarını yırtır və sair vəhşiliklər törədirdilər. Bunlar barədə o dövr hadisələrinin salamat qalmış bir çox şahidlərinin söylədiklərini sakitcə dinləmək sadəcə mümkün deyildir. Bu vəhşilikləri öz gözləri ilə görmüş bir çox xristian əhali nümayəndələri da həmin qeyri-insani hərəkətlər barədə əsl həqiqəti tam çılpaqlığı ilə qələmə almışlar.

Bahadur bəy Yusifbəyovun hazırladığı məruzədə bildirilirdi ki, azərbaycanlılar bütün vasitələrdən istifadə edərək barışığa çalışırdılar. Türk-müsəlmanların nümayəndələri dəfələrlə bolşeviklərə qarşı ermənilərlə ittifaq bağlamağa çalışmış, lakin ermənilər hər dəfə buna qeyri-müəyyən cavab vermişlər.

Bahadur bəy Yusifbəyov 1944-cü ildə Ağdam şəhərində vəfat edib.

Bahadur bəy Yusifbəyov Suqra xanım Ağa İsmayıl qızı Quliyeva (1907-1985) ilə ailə qurnmuşdu. Nazim bəy adlı oğlu, Sənubər xanım, Elza xanım, Elmira xanım adlı qızları var.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

 

14:44