Yaqub bəy Vəzirov: bir nakamın taleyi..

Yaqub bəy Vəzirov soldan

 

 

Yaqub bəy Qarabağda tanınmış vəzirovlar soyuna bağlıdır. Bu soy kökcə musavi seyidlərindən olub, orta çağda Xorasandan Qarabağa gəlmişdi. XVIII əsrdə Cavanşir-Dizaq mahalından Şuşa şəhərinə köçmüşdü. Soyun ulu babası Mirzə  Əliməhəmməd  ağa     İbrahimxəlil  xanın  sarayında  çalışmışdı.  Xanın  müşavir-məsləhətçisi  idi. Sofuoğlu ayaması ilə tanınırdı.

Mirzə Əliməhəmməd ağa 1785-ci ildə  Osmanlı  dövlətinə elçi  getmişdi. Elə  bu  missiyasına  görə  də  1797-ci  ildə  Ağaməhəmməd  şah  Qacarın  əmri  ilə  boğuldu. Tarixçi Rzaqulu bəy Vəzirov yazır: «Axundu (Molla Pənah Vaqifi-Ə. Ç.) və həmrahı Əli Məhəmməd ağayi Sofuoğlunu bir yerdə tutub, hüzura gətirən vaxtda ərzi-rahda o gün ki, Qalaya varid olacaq imiş Axund deyir Əli Məhəmməd ağayın ki, qətən şahın üzünü görmüyəcəm və bənə zərər yetişməz, amma səni bilmirəm. Əli Məhəmməd ağa deyir ki, bizim qollarımız bağlı və sənin keçən məsələlərdə olan göftgulərin məlum. Şah səndən dağ bərdel! (Keçən 1795-ci ildəki olaylardan, Mola Pənah Vaqifin şeirlə şahı təhqir etməsi və başqa məsələlərdən şahın səndən qəlbi dağlıdır.-Ə. Ç.) Necə olur ki, bizə zərər olmuya? Axund deyir ta…

Həmin gün axşama yarım saat qalmış onları Ağa Məhəmməd şahın qapısına gətirirlər. Şah özü onları görməmiş buyurur Axundun yoldaşlarını öldürün, özünü məhbus edin ki,  sabah onu bir neçə kəlmə danışdırıb, yaxşı hörmətlə gərək öldürəm. Keçən məsələlərdə onun tədbirindən mən çox zəhmət çəkmişəm.

Əli Məhəmməd ağanı öldürürlər…» (Rzaqulu bəy Vəzirovun əsərləri. Bakı: "Şuşa", 2005, (tərtibatçı Ənvər Çingizoğlu))

Mirzə Əliməhəmməd ağa 1797-ci ildə öldürülüb.

Mirzə Əliməhəmməd  ağanın  Seyid Şahməhəmməd  ağa, Seyid Xanməhəmməd  ağa, Mir Cəfər  ağa  adlı  oğulları  vardı.

Mirzə  Əliməhəmməd  ağanın  ikinci  oğlu  Mirzə Xanməhəmməd  ağa  Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. İbrahimxəlil xanın nədimi olmuşdu.

Mirzə Xanməhəmməd  ağa Pəri xanım Seyid Məhəmməd qızı ilə ailə qurmuşdu. İsmayıl  bəy,     Rüstəm  bəy,    Fətəli  bəy,   Nəsir  bəy, Şükür  bəy adlı  oğulları  vardı.    

İsmayıl  bəy  Mirzə Xanməhəmməd  ağa oğlu Şuşa  şəhərində  anadan  olmuşdu. Mədrəsə  təhsili  almışdı.  Savadlı  olduğundan  dolayı  mirzə  ünvanı  daşıyırdı. Dövlət  idarələrində  məmur  işləmişdi.

Mirzə  İsmayıl  bəy  Cavanşir  mahalının  Malıbəyli  obasından  Başxanım  xanımla  evlənmişdi. Yusif  bəy,  İsmayıl  bəy  adlı  oğlanları,    Qönçə  xanım  adlı  qızı  vardı.

Mirzə    İsmayıl  bəyin  ikinci  oğlu  İsmayıl  bəy  1842-ci  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. Rus-tatar məktəbində  təhsil  almışdı. Məhkəmə  orqanlarında  işləmişdi.

İsmayıl  bəy  Balaxanım  xanım Hacı Böyük bəy qızı Nuribəyova ilə  evlənmişdi.  Bu  evlənmədən  beş  oğul,  bir  qız  dünyaya  gəlmişdi:  Yaqub  bəy,  Bəhram  bəy,  Cəmil  bəy,  Cəlil  bəy,  Xəlil  bəy  və  Hümay  xanım.

Yaqub  bəy İsmayıl bəy oğlu Vəzirov Cavanşir qəzasının Zümürxaç kəndində anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Sonra Bakı  Real  məktəbini  bitirmişdi.   O, təhsilinin  davam  etdirmək  üçün  Almaniyaya göndərilmişdi. Orada İqtisadiyyat İnstitutunu  bitirmişdi.  İqtisad  elmləri  namizədi  elmi  adı  var  idi. 

Yaqub bəy Vəzirov müxtəlif  təşkilatlarda  çalışmışdı. 1920-ci ildə Osmanlı məmləkətinə, İstanbul şəhərinə mühacirət etmişdi. Sevgi oxu daşa dəydiyindən geri dönmüşdü.  Tiflis  Xarici Ticarət  idarəsi  sonuncu  iş  yeri  oldu. 

Yaqub  bəy Vəzirov 1925-ci  ildə  Tiflis  şəhərində  intihar  etdi. 

Yaqub bəy Vəzirovun övladı  olmayıb.

 

Ənvər Çingizoğlu, journalist-etnoqraf

 

 

23:06