Səməd Haqverdiyev – mənzərə ustası

Səməd Qarabağda, Şuşada məşhur olan haqverdiyevlər soyuna mənsubdur. Bu  sоyun  ulu  babası  Оcaqverdidir.  Оcaqverdi  XVIII  yüzilin  sоnlarında,  XIX  yüzilin  önlərində  Şuşa şəhərinin Təbrizli məhəlləsində yaşamışdı. Kitabdarlıqla  məşğul  оlurdu. Müqəddəs  Xоrasan  tоrpağını  ziyarət  etmişdi.

Məşədi  Оcaqverdi  Məşədi  Bağır  qızı  Şərəflə  ailə  qurmuşdu.

Məşədi  Оcaqverdinin  Haqverdi,  Həsən  adlı  oğlanları  vardı.

Haqverdi Ocaqverdi oğlu  1807-ci  ildə  Şuşa  şəhərinin Təbrizli məhəlləsində  anadan  оlmuşdu. Mükəmməl  mədrəsə  təhsili almışdı. Savadlı  оlduğundan  dоlayı  mirzə  ünvanı  daşıyırdı. Öncə Mehdiqulu xanın yanında mirzə olmuşdu.

Mirzə Haqverdinin gözəl  xətti  vardı. Katib  işləyirdi. Kitab  üzü  köçürməklə  güzəran  keçirirdi.

Azərbaycan  Dövlət  Əlyazmalar  İnstitutunda  Mirzə  Haqverdinin  xətti  ilə  köçürülmüş  kitablar  saxlanılır.

Mirzə  Haqverdi  Fatmanisə  ilə  yaşam  qurmuşdu. Abbas,  Ələkbər,  Ələsgər,  Qasım,  Hüseyn,  Səməd  adlı  oğlanları,  Minə  və   Səkinə  adlı  qızları  vardı.

Mirzə Haqverdinin üçüncü oğlu Ələsgər 1839-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi. Pak Xоrasan tоrpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.

Məşədi Ələsgərin Yusif, Hüseyn, Yunis adlı oğlanları vardı.

Yunis Məşədi Ələsgər oğlu Haqverdiyev 1879-cu ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini məhəllə mollaxanasında almışdı.

Yunisin Səməd adlı oğlu vardı.

Səməd Yunus oğlu  Haqverdiyev 1921-ci ildə Bakı şəhərində anadan olmuşdu. Bakı  Rəssamlıq  Məktəbini  bitirmişdi  (1944). 1945-ci ildən  respublikada  açılmış  bütün  rəssamlıq  sərgilərində daim  çıxış etmiş,  Azərbaycan  təsviri  sənətini Moskvada  keçirilən  Ümumittifaq  sərgilərində  və eyni zamanda  xarici  ölkələrdə  dəfələrlə  təmsil etmişdi.

         Səməd Haqverdiyev  Şuşa, Şamaxı,  Qəbələ,  İsmayıllı,  Lənkəran,  Zaqatala, Kəlbəcər,  Abşeron rayonlarına  tez-tez  yaradıcılıq  ezamiyyətinə  gedir  və  öz  mənzərə  rəsmlərinə  süjet axtarışlarına  çıxırdı. O,  öz  əsərlərini  naturadan  çəkirdi. Rəssamın lirik  mənzərə  rəsmləri  səmimiyyəti,  əzəməti  ilə  doğma torpağın  gözəlliyinə vurğunluğu  ilə  rəğbət  qazanmışdır.

1967-ci  ildə  Oktyabr  inqilabının  50 illiyinə  həsr  edilmiş  Ümumittifaq  rəssamlıq  sərgisində  “Şumlanmış  torpaq”,  “Doğma meydanlarda”,  “Sülh  meydanlarında”  peyzajlar  silsiləsi  nümayiş  etdirilmiş  və  onun  şöhrətini  daha  da  artırmışdır. Səməd  Haqverdiyev  1972-ci  ildə  “SSRİ  bizim  vətənimizdir”  sərgisində  Azərbaycan  təbiətinə  həsr  olunmuş  yeni  əsərlərlə  iştirak  etmişdir. Rəssamın  bir çox  əsərləri  Almaniya Demokratik  Respublikası,  Ərəbistan  Ruminiya  və  s.  ölkələrdə də nümayiş  etdirilmişdir. O,  öz  doğma  vətəni  Şuşaya  da  bir  neçə  silsilə  peyzaj  həsr etmişdir. “Şuşada  küçə”,  “Üçmıx”,  “Qızıl qaya”,   “Daşaltı”,  “Turşsu”..

Səməd Haqverdiyev 1991-ci ildə Bakı şəhərində vəfat edib.

Əsərləri bir çox dünya muzeylərində, o cümlədən şəxsi kolleksiyalarda, R.Mustafayev adına Azərbaycan İncəsənət Muzeyində saxlanılır.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

14:58