Rza Əzimi: İran ordusunun general-polkovniki

Rza Əzimi (sağdan)

 

Bir hərbçi vardı. O, bir çox döyüşlərinin iştirakçısı, İranda ordu quruculuğu və zabit kadrların hazırlığı işinə kifayət qədər töhfə verən, bu sahədə böyük səylə çalışan, İranın görkəmli simaları sırasına daxil olan Rza Əzimidir.

            Rza xan Sərdar Əzim ləqəbli  Məhəmməd xan Tofiqinin oğludur. Naxçıvanlı mühacir ailəsinə mənsubdur. Atası İran Kazak briqadasının yüksək rütbəli zabitlərindən olmuşdu. Qacarlar dövründə əmir tümən (general-leytenant), pəhləvilər dönəmində sərləşkər (general-mayor) rütbəsində xidmət etmişdi.

         Rza xan Əzimi 1909-cu ildə Tehran şəhərində anadan olmuşdu. İbtidai və orta təhsilini doğma şəhərində “Bəsirət mədrəsə”sində almışdı. Sonra hərbi akademiyaya daxil olmuşdu. 1929-cu ildə leytenant rütbəsi ilə akademiyadan məzun olub,  orduda xidmət etməyə başlamışdı.

         Rza Əzimi 1947-ci ildə sərhəng (polkovnik) rütbəsinə layiq görülmüşdü.  Bu rütbə ilə Xoy şəhərində hərbi hissəyə başçılıq etmişdi. Xoyda olarkən sərtib (briqada generalı) rütbəsinə yüksəlmişdi.

         Rza Əzimi sonra Tehrandan xidmət etmişdi. Sərləşkər (general-mayor), sepəhbud (general-leytenant), ərteşbəd (ordu generalı) rütbələrinə təqdim olunmuşdu.

Rza Əzimi 1960-1966-cı illərdə İran Quru qoşunlarının komandanı idi.

Rza Əzimi 1966-cı ildən 1970-ci ilədək İranın şahənşahı Məhəmmədrza şah Pəhləvinin adyutantı vəzifəsini icra etmişdi.

Rza Əzimi 1970-ci ildən 1978-ci ilədək baş nazirlər Əmir Abbas Hüveydanın, Cəmşid Amuzeqarın, Şərif İmaminin və Qulamrza Əzhərinin kabinəsində İranın müdafiə naziri olmuşdu.

Rza Əzimi 1973-cü ildə SSRİ-yə səfər etmişdi. Marşal Andrey Qreçko ilə görüşmüşdü.

Rza Əzimi hərb sahəsində göstərdiyi misilsiz xidmətlərə görə İranın və ABŞ-ın bir çox orden-medalları ilə təltif olunmuşdu.  

Rza Əzimi 1979-cu ildə İran İslam inqilabının qələbəsindən sonra Avropaya mühacirət etmişdi.

Rza Əzimi 1999-cu ildə Paris şəhərində vəfat edib.

 

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf

 

Xudaferin.eu

15:41