Mirzə Camal Yusifzadə: Gözə göz, dişə diş..

Köhnəlmiş, aktuallığını itirmiş, bugünkü dünyanın inkişaf dinamikası, xüsusiyyətləri ilə uzlaşmayan fikirlər və düşüncə tərzi, qızışdırıcılıq və metodları, artıq xalqın qəbul etmədiyi və hətta təngə gələrək maraq göstərmədiyi mövzulardan biridir. Bizim müraciət etdiyimiz mövzu unudulmayan, öz tarixi əhəmiyyətini itirməyən, həmişəcavan bir mövzudur.  “Difai” və difaiçilər Azərbaycanın ictimai-fikir tarixində həmişə mühüm yerə sahib olub. Yazılıb və yazılacaq.

         Difainin fəal üzvü Mirzə Camal Yusifzadə böyük ictimai-siyasi xadim, ziyalı, jurnalist, pedaqoq, siyasətçi, şair və əsl vətənpərvər şəxsiyyət olub.

         Mirzə  Camal  Şuşada, Qarabağdan ünlü soy olan yusifzadələrə məxsusdur. Bu soyun nmayəndələri əsasən ruhaniliklə məşğul olmuşlar. Atası  Hacı Mirzə  Ələkbər də, babası Kərbəlayı Mirzə  Ağa  Yusif də Qarabağın ali məqam molla-müctəhidləri sayılırdılar. 

Hacı  Mirzə  Ələkbərin  üçüncü   оğlu    Camal  1865-ci  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  İbtidai  təhsilini  atasından almışdı. Mirzə Camal Qaryagin şəhərinə gəlmiş, bir müddət məsciddə məktəbdarlıq еtmiş, sоnra dünyəvi işlərlə ilgilənmişdi.

         Mirzə Camal Qaryagində yaranan «Difai» təşkilatının üzvü idi. “Difai”nin bir qolu olan “Qarabağ Birlik Məclisi”nin də fəaliyyət sahəsi Şuşa, Cavanşir, Qaryagin və yaxınlıqdakı Zəngəzur qəzalarını əhatə edirdi. (ГИААР: ф.524, оп.1, д.15, л.2-7.) Qaryagin komitəsinə tələbələr A.Vəzirov və M.Axundov başçılıq edirdi. Komitənin üzvləri Axund Mirzə Əli Axundzadə, Hacı Muxtar Sadıqov, Məşədi Camal bəy Vəzirov, Mirzə Camal Yusifzadə, Məşədi Qulu Əhmədov, Bəşir Əliyev, Səlim Şamxalov və Əli bəy Vəzirov idi. Siyahıdan da görürük ki, Mirzə Camalın adı  hər iki təşkilatın ən fəal üzvləri sırasında yer alır.

         Məmməd Səid Ordubadi yazır: “1905-ci ilin iyun ayının 13-dən başlayan Gəncə quberniyası Cəbrayıl-Qaryagin hadisələrindən bəhs edir. Mənim "İrşad" qəzeti vasitəsi ilə yazıb erməni-müsəlman hadisələrinə dair məlumat istədiyimdən sonra Mirzə Camal Yusifzadənin göndərdiyi jurnaldan və bir para məxsusi məktublardan iqtibas olunub redaktə edildikdən sonra dərc edilmişdir. Mülahizə, yaxud düşüncələrim. Oxucuların məlumatı olsun ki, hər tərəfdən mənim əlimə gəlib çatmış məlumatların bir çoxunda ermənilərin istiqlaliyyət - idarə muxtariyyəti tələblərindən uzun-uzadıya bəhs açılır. Cəbrayıl hadisələrinə gəldikdə, bu qarışıq söhbətləri büsbütün sübuta yetirib bir çox dəqiq məlumatlar verməklə oxucuları bir sıra şübhəli fikirlərdən azad edir. Mənə qalırsa, ermənilərin bu hərəkətlərinə və imkan xaricində olan istəklərinə boş bir xəyal, xeyri olmayan bir fikirdən başqa bir söz deməyəcəyəm. Zira, erməni milləti bir para mövqedə var qüvvəsini islamlara vurub, çox da çalışdılar, çalışıb da məğlub oldular. Bunu da nəzərə almalıyıq ki, islamlarda nə hərbi qüvvə, nə odlu silah, nə də müharibə və nizam görmüş əsgər var idi. Digər tərəfdən hökumət məmurlarının bəzi məsələlərdə onlara etdikləri köməyini bir kənarda qoyub da, özlərinin 20 ildə yığdıqları tədarüklərini nəzər-diqqətə aldıqda ermənilərdə böyük yaramazlıq meydana çıxır. Belə işlərə qoşulmuş ermənilərin Rusiya, yainki Türkiyə əleyhinə baş qaldırmaları bir uşaq fikridir, zənnindəyəm. Məqsədin ərzi. 1905-ci ilin iyun ayının 13-də 2 nəfər müsəlləh erməni daşnaksutyun əsgəri Qacar kəndinin sakini Əhməd Kərbəlayı Qasım oğlunun evinə gəlib bu sözləri söyləmişlər:

"Biz iki nəfər Daşnaksutyun firqəsindən olub iki möhtərəm şəxsin aşağıda yazılmış sözlərini siz müsəlman camaatına çatdırmaq üçün gəlmişik. Daşnaksutyun firqəsinin səlahiyyətli adamları sizi iyun ayının 16-da məşhur Ağ oğlan monastırına dəvət edirlər. Əlbəttə, adları aşağıda qeyd edilmiş kəndlərə xəbər verilib. Deyilən vaxtda hamınız ora gəlsəniz lazımi sözlər vardır, sizə söyləyəcəklər. Həmən kəndlər: Divanəli, Yağləvənd, Dilağarda, Veysəlli kəndlərindən ibarətdir". (Məmməd Səid Ordubadi. Qanlı illər. Bakı, "Qafqaz" nəşriyyat evi, 2007. - 184 səh. s.30)

"Difai" təşkilatının fəaliyyəti nəticəsində ermənilərin türklərə qarşı törətdikləri qırğının qarşısı müəyyən dərəcədə və müxtəlif vasitələrlə alınmışdı. Mirzə Camal Yusifzadə əhaliyə erməni ruhaniləri kimi öldürməyi təlqin etmirdi. Özünü qorumağı tapşırırdı. O, bir mübəlliğ kimi "Difai" partiyasına məxsus bəyannamə yayırdı: “Bizim partiyamızın əsas məqsədi Qafqazda yaşayan bütün xalqlar arasında səmimi qardaşlıq və birlik yaratmaqdır. Hərgah Daşnak partiyası namus və səmimiyyətlə öz hərəkət və fəaliyyətlərinin həqiqi proqramını aşkar söylərsə, əgər bu proqram Qafqazda yaşayan bütün millətlərin azadlıq və müstəqilliyinə xələl gətirmirsə, o zaman biz öz birlik əlimizi həmişə ona uzatmağa hazırıq. Əksinə, əvvəllər olduğu kimi, müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar edərsə, bizdən layiqli cavab alar və Qafqaz başdan-başa, bitməz-tükənməz bir qanlı səhnə halinə düşər. Daşnak partiyası əmin olsun ki, həç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik."

Mirzə Camal Yusifzadə deyirdi: “Biz sındırılan dişimizin, çıxardılan gözümüzün qısasını alırıq”. Rus İmperiyasının yerli çinovnikləri artıq silahın ucunun onlara tərəf çevrildiyinin fərqinə vararaq gürcü əsilzadələrinin əli ilə müvəqqəti də olsa barışıq yarada bildilər. Hər iki tərəfdə nisbi sakitlik yarandı. Lakin 1905-ci il inqilabının gətirdiyi həyəcanlar davam edirdi. Artıq ermənilərlə türklər arasında barışıq əmələ gəlmişdi, ancaq erməniləri türklər əleyhinə təhrik ədən çar idarəsinin fitnələri davam etməkdə idi.

"Difai" bunun da əlacını tapır: ""Difai" partiyasının rəhbərləri bu məsələni də müzakirə etdilər – erməniləri türklərə qarşı təhrik edən rus idarəsinin yüksək vəzifəli məmurları aradan götürüləcəkdi. Bu, "Difai" partiyasının qərarı idi..." (Hüseyn Baykara, Azərbaycan İstiqlal Mübarizəsi Tarixi, səh. 124).

Ard-ardına edilmiş düşmən və xain qətlləri rus məmurlarında böyük qorxu yaratmışdı.

4 mart 1908-ci ildə Qafqaz valisi Difainin fəaliyyətinin ləğvi üçün yeni bir sərəncam imzaladı. Üzvlər daha sonra polis tərəfindən tapılaraq Azərbaycanın və ya Rusiyanın müxtəlif bölgələrində həbsxanaya göndərildi. Mirzə Camal Yusifzadə ruhani kimi Qafqaz Ruhani idarəsində və Yelizavetpol (Gəncə) Ruhani məclisində qeydiyyatda idi. Ona görə də tutulmadı. Sonra Müsavat partiyasına daxil oldu. O, burda da ictimai-siyasi fəaliyyətini davam etdirib, vətənpərvərlik ideyalarını təbliğ etmişdi.

         Mirzə Camal Yusifzadə 1931-ci ildə vəfat еdib.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

14:07