Mənim Zəhra nənəm

Mənim Zəhra nənəm çox zəhmli, zabitəli, zalım bir qadın idi. 1902-ci ildə Cəbrayıl qəzasının Xudayarlı qışlağında, “Kazak Mehdi” deyilən bir kişinin ailəsində dünyaya zinət vermişdi. Atası İran Kazak briqadasının aşağı çinli zabitlərindən olmuşdu. Ailəsində olan sərtlik nənəmin xasiyyətinə hopmuşdu. Səkkiz yaşında atasını, on yaşında anasını itirmişdi. İndiki Zəngilan bölgəsinin Havalı kəndində bibisinin himayəsində böyümüşdü.

Babası Abış Güney Azərbaycanın Qaradağ vilayətinin Keyvan mahalının mərkəzi Xumarlı kəndindən idi. Xumarlı kəndi indi şəhər stasusuna malik olub, Xudafərin bəxşinin mərkəzidir. Bu şəhərin ən böyük məhəlləsi Abışlı adlanır.

Abış babamın Xudayarlı ilə bağlı olmasının maraqlı bir tarixçəsi var. Birinci arvadı ölən Abış babam   fikirləşir  ki,  gеdib  Xudayar  yüzbaşı  ilə  qоhum  оlub,  kasıblığının  daşını  atsın.  Bu  fikirlə  Arazı  adlayıb,  Diridağa  gəlir. Xudayar  yüzbaşını  tapıb,  başlayır  özünü  еşməyə.  Davarım  dərya     kimi  bulanır,  malım  dağ  kimi  qaralır.  Xudayar  yüzbaşı  diqqətlə  qulaq  asandan  sоnra  dillənir  ki,  Allah  artıq  еləsin. Məni  özünə  çоban  tutmayacaqsan  ki?!  İstəyin  nəmənədir?  Abış babam  qayıdır  ki,  bəs  qızın  Hürnisəni  özümə  оcaqyandıran  istəyirəm.  Cеr-cеhiz,  mal-qоyun  da  gərəyim  dеyil.  Xudayar  yüzbaşı  razılaşıb,  qızını  Abış babama  vеrir.  Arada  qızını  yanlayıb,  tapşırır  ki,  cibini  saxsı  qırıntısı  ilə  dоldur,  о  tayda  lazımın  оlacaq.

         Hürnisə nənəm atasının  tapşırığına  əməl  еləyir.  Qızı  bəzəyib-düzəyib  qоşurlar  Abış babama. Abış babam  Hürnisənin  əlindən  yapışıb, “Nənəm sənə qurban” deyib,  Xudafərindən  kеçib,  üz  tutur   Xumarlı  kəndinə. Qız  yеridikcə  cibindəki  saxsı  qırıntıları  cingildəyirdi.  Cingilti  səsindən  Abış babamın  sümüyü  оynağa  gеdirdi.  Fikirləşirdi  ki,  mal-davar  istəmədiyindən  Xudayar   yüzbaşı  qızının  cibini  altın-ağça  ilə  dоldurub.  Qərəz,  gəlhagəl    çatırlar  Xumarlıya.  Оra-bura  göz  gəzdirən  Hürnisə nənəm baxır  ki,  Abış  bir  lələdi  bir  şələ.

          Bir-iki  gün  kеçəndən  sоnra  Abış babam nənəmə  işarə  vurur  ki,  cibindəkiləri  çıxar,  xərcləyək.  Hürnisə nənəm  dеyir  ki,  оrtalığa  bir  şеy  sal,  cibimi  bоşaldım.  Abış babam  tеz,  sеvincək   durub,  yamaqlı  dəstərxanı  еvin  оrtasına  sərir.  Hürnisə nənəm  cibindəki  saxsı  qırıntılarını   dəstərxanın  üstünə  bоşaldır.  Abış babamın  gözləri  kəlləsinə  çıxır. Var  gücü  ilə  bağırır:

   -Ay  qız,  Hürnisə,  bu  nədi  bеlə?

          Hürnisə nənəm  də  gülə-gülə  qayıdır  ki,  qızıldır,  qızıl! 

-Bеlə  qızıl  оlar?-dеyə  Abış babam qəzəblənir. Hürnisə nənəm də  ərinin  cavabında  dеyir:

   -Haçan  sənin  sürü-sürü  davarın,  naxır-naxır  malın,  ilxı-ilxı  atın,  qatar-qatar  dəvən  оlacaq,  оnda  da  mənim  qızıllarım  оlacaq.  Di  dur  gеt,  atamdan  bir  sağmal  inək  al,  gətir  dоlanaq.  Nə  durmusan  haydı…

 Abış babamın ikinci izdivacından Mehdi, Fərhad adlı oğlanları vardı. Hər iki oğlan da atasının vəfatından sonra babaları Xudayar yüzbaşının himayəsində böyümüşdü.

Mehdi babam söylədiyim kimi İran Kazak briqadasında xidmət etmiş, məşrutəçilərə qarşı döyüşdə öldürülmüşdü.

Mehdi babam Kəleybər mahalından Qızyetərlə ailə qurmuşdu. Mahmud adlı oğlu, Qəmər, Zəhra adlı qızları vardı.

Zəhra mənim nənəmdir.

Zəhra nənəm madar qardaşı Mahmudu da yeniyetmə yaşında itirmişdi. Bu qədər erkən itirmələr onda dərin yaralar açmışdı. Xasiyyətindəki sərtliklər bu itgilərdən qaynaqlanırdı.

Zəhra nənəm qohumu Aşıq Surxay Bəyalı oğlu ilə yaşam qurmuşdu. Bir oğlan, yeddi qız dünyaya gətirmişdi. Qızlarından beşini birər-birər itirmişdi. Bu itgilər onu əymişdi. II Dünya müharibəsinin aclığını yaşamışdı. Bunlar azmış kimi qələbədən az sonra, 1945-ci ilin dekabr ayında ərini, babam Aşıq Surxayı itirmişdi.

Zəhra nənəm bir oğlunu – Sərxan dayımı, xalam – Tükəzbanı, anam – Məlləyi yüzbir zillətlə böyütmüşdü. Xalam ailə qurub, Xudafərin kəndinə, anam Füzuli bölgəsinə getmişdi. Oğlu da evlənib ayrıca yaşayırdı.

Hə, gəlib çatdıq Mərəndə.. Nənəmin payına mən düşmüşdüm. Onunla mən qalırdım. Zalım nənəm fələyin acığını məndən çıxırdı. Bir gün dərsdən gələrkən onun saçının yuduğunun şahidi oldum. Uzun saçlarına heyranlıqla baxdımdan, çubuğu götürüb, məni şilvara kəsdi. Canımı alagöy elədi. Namardın qızı, sənin doğmaca nəvənəm, naməhrəm deyiləm ha. Kimə deyirsən?! Üçgecə iniltimə oyanıb, belimə təpitmə qoydu. Özünə elədiyi qarğışların biri də qəzəbimi səngitmədi. Orasını da deyim ki, nənəm saçlarını xüsusi tikilmiş papaqda saxlayırdı. Heç bir bəndi-bəşər onun saçlarına baxmağa cürət edə bilməzdi..

Nənəmlə mən qarğıdan, civirdən tikilmiş və suvanmış bir çovustanda qalırdıq. Elektrik lampası yoxumuzdu. Neft çırağı işlədirdik. Nənəm tez yatırdı və çırağı söndürürdü. Mənsə kitabxanaçı Balakişidən aldığım bədii kitabları yorğanın altında fənər işığına oxuyurdum. Hərdən vərəqi çevirəndə, şıqqıltıya oyanar, həmişə özü ilə gəzdirdiyi və yatanda böyrünə qoyduğu ağacla məni vururdu:

  • Yat köpəkoğlu! Dursam dədəni yandıracağam.

Atamdan zəndeyi zəhləsi gedirdi.

Mənim Zəhra nənəm dövlətdən təqaüd almırdı. Onun-bunun, kənd camaatının yununu didir, cəhrəsini əyrirdi. Aldığı zəhməthaqqı, anamın göndərdiyi azmiqdar pulla dolanırdıq.

Özünün “yaxtdan” dediyi  qədimi bir sandığı vardı. O sandıqda nələr yoxudu. Cürbəcür ədviyyələri, meyvə quruları, adlarını bilmədiyim bitkiləri vardı. Qara ocaqda qara qablamasında bir yeməklər bişirirdi ki, on barmağımı da yalamaqla doymazdım. Bişirdiyi şorbalar ətsiz olsa da, çox dadlı idi..  

Bağımızda bol meyvə olduğundan yığıb qışa “zümarlıq” saxlayardı. Qış fəslində soba qırağında əyləşib, qaysafa yeyəndə zümarlığın nə olduğunu anlayırdım.

Mənim Zəhra nənəmin həkimliyi də vardı. Atdan, eşşəkdən yıxılıb, qolu sınanları, çıxanları nənəmin yanına gətirdilər. Yumurta, ot-əncərlə sağaldırdı. Göbəyi qaçanları oxlovla, başı oynuyanları iplə tənzimləyirdi. Ağır xəstə olanda konsilium çağırırdı. Konsiliumun iştirakçıları “Abışlı akademiyası”nın həqiqi üzvləri, “professorlar”, maması (bibisi) Bacıxanım Abış qızı, əmisi qızları Sandıq Fərhad qızı və Sənəm Fərhad qızı idilər. Hər üçü XIX əsrin son çərəyində doğulmuşdu. Qaradağın açarı, Qarabağın kilidiydilər. Yalan-gerçək deyirdilər Sandıq qocamda ilan buynuzu var, ha can atdımsa, görə bilmədim. Bircə onu bilirdim ki, qocam bu buynuzu nehrəyə taxıb, çalxayanda, yağı yığıb-yığışdırmaq olmurdu. Hə, söz uzaq düşməsin, bu bilgə müşavirəsi hər xəstəliyin düzgün diaqnozunu qoyurdu. Ondan sonra yaxtdan açılırdı. Nənəm hansısa otu həvəngə atıb, dəstəyi götürürdü, sehrli sözlərini oxuyurdu:

-Əm-əm, səm-səm, sağalsın, xəstəm!

Xəstə bir neçə günün içində yenidəndoğma halına dönürdü. Öz başıma gələni deyim: Sarı dərənin qaşında oynayarkən dirsəyimdən əqrəb çaldı. Qışqırığım ərşə bülənd oldu. Ağlaya-ağlaya evə gəldim. Ağlamağımın səbəbini nənəmə bildirəndə, ayrana duz töküb, əqrəb çalan yerə sürtdü. Az keçməmiş ağrım səngidi. Ara yerdə atamı söydürdüyümün peşmançılığını çəkdim.

Yeməyimizi qara ocaqda hazırladığından Diridağından odun toplayıb, gətirirdi. Daha çox qarğı körtməyi yığırdı. Körtməyin közü çox qalırdı. Bir gün körtmək toplamağa gedəndə tez özümü yaxınlıqdakı qayaya çatdırıb, iyirmi-otuz kərtənkələ tutdum. Hamısının quyruğuna ip bağlayıb, çöl qapımızdan asdım. Nənəm belində şələsi çöl qapını açanda otuz kərtənkələnin hərəsi bir yana qaçmağa cəhd elədi. Nənəm onları ilan zənn eləyib, qorxdu. Şələli yerə yixıldı. Mən də atamın qisasını aldım..

Mən nənəmi gülən görmədim. Fikirləşirdim ki, dişi olmadığından gülməyə utanır..     

Mən nənəmi sevinən görmədim. Sevinməyə bəhanə tapmırdı..

Nənəcan, bağışla, şəklini başıaçıq verirəm, saçını görəcəklər..            

 

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf

     

 

 

 

 

18:04